Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Akademik Ağamusa Axundov – sevimli müəllim, əziz həmkar

Akademik Ağamusa Axundov – sevimli müəllim, əziz həmkar

 
“Bir ömürlə zamandan da güclüdür insan” deyən Ağamusa müəllimin ömrünün 90-cı qışını onsuz qarşıladıq. 
“Mən hələ yaşayacağam yaşadığım qədər, neçə-neçə illər, çünki mən zamanın möhlətini yaşayıb atmamışam. Gecə zaman da mürgüləyəndə mən yatmamışam, yuxu gəlməyib gözümə, ömür qazanmışam özümə” deyirdi Ağamusa müəllim, zamana meydan oxuyaraq. ..
İnsan ömrünü saatlarla, günlərlə, aylarla, illərlə ölçmək,qiymətləndirmək, səciyyələndirmək doğru deyil. Mən bir vaxtlar bu barədə yazmışdım: “Mən həmişə deyirəm: insan ömrünü zaman deyilən sayğacla ölçmək düzgün deyil. İnsan ömrünü, insan yaşını ölçmək, qeydə almaq, qiymətləndirmək üçün fərqli meyarlar, fərqli anlayışlar sistemi, fərqli yanaşma üsulu gərəkdir. Yüz il yaşayasan, bir ağac əkməyəsən, bir ağlayan körpənin göz yaşlarını silməyəsən, ayağı büdrəyən bir xəstənin qolundan yapışmayasan – nəyə və kimə lazım belə faydasız yaşayış, uzun  ömür salnaməsi?. Təkcə  yer üzündə uzun müddət mövcudluğuna görə insanı qiymətləndirmək, şərəfləndirmək, hətta mükafatlandırmaq heç bir məntiqə sığmayan faydasız məşğuliyyətdir.
  İnsan ömrü zamanla yox, əməllə, onun cəmiyyətə, xalqa verdiyi fayda ilə ölçülməli, qiymətləndirilməlidir”. 
Bu meyarla yanaşsaq Ağamusa müəllimin hamıya, bütün yaradıcı insanlara örnək ola biləcək ləyaqətlə yaşanmış bir ömür yolu keçdiyinin şahidi olarıq. 
Ağamusa müəllim Azərbaycan dilçiliyinin ən uca zir­vəsində öz yeri, öz mövqeyi, dəst-xətti, üslubu, öz məktəbi olan görkəmli dilçi-alim, ədəbiyyatşünas – tənqidçi, pub­li­sist, elm təşkilatçısı, Allah vergisi olan müəllim, hər şey­dən əvvəl isə gözəl şəxsiyyət, sədaqətli dost idi. İllər keç­dik­cə onun böyüklüyü, əzəməti, ucalığı daha çox hiss olu­nur. Görünür, insanın ən son, əsl qiymətini zaman verir. Başqa sözlə, insanı tam başa düşmək, anlamaq, əsl qiy­mə­tini vermək üçün müəyyən zaman lazımdır. Baxmayaraq ki, onun böyüklüyünü, əzəmətini, qeyri-adi insani key­fiy­yətlərini əvvəllər də görməmək mümkün deyildi.
 Dünyasını dəyişəndən sonra Ağamusa müəllim haq­qında bir neçə yazım çap olunub – yubileyləri, ad günləri ilə bağlı elmi sessiya və konfrans materiallarında... Sağlığında özü haqqında yazı yazılmasını xoşlamırdı. Qadağa qoymuşdu. Hətta yubiley və ad günlərində belə xoşlamazdı. Yubiley tədbirlərinə də  də münasibəti yaxşı deyildi. “Nəyə lazımdı, camaatı işin­dən-gücündən ayırırlar, adamın gözünün içinə bayağı tə­riflər yağdırırlar,” – deyirdi.
2000-ci ildə o vaxtlar üçün bir qədər qeyri-adi qarşı­la­nan “Mənim doğma İnstitutum, mənim əziz həm­kar­la­rım” adlı kitabım çap olundu. Bu kitab mənim ürəkdən bağ­landığım, bir məbəd hesab etdiyim Dilçilik İnstitutu və onun mənə əziz olan həmkarları haqqında səmimi hiss­lə­ri­min ifadəsi idi. Həmin kitabda “Hamımızın sevimli mü­əl­li­mi” yazısı dərin ehtiram bəslədiyim Ağamusa müəllimə həsr olunmuşdu.
2011-ci ildə mənim ad günümdə çap olunmuş “Bir ömür payı” kitabında Ağamusa müəllimin mənim haq­qım­da “Mənim tələbəm” yazısı mənə ən böyük hədiyyə, ən bö­yük mükafat idi. Mənə bağışladığı kitablarında  haqqımda yazdığı “ən istedadlı və ağıllı tələbələrimdən” ki­mi ruhlandırıcı ifadələrinə görə də ona çox min­nət­da­ram. Bu sözləri onun kimi görkəmli bir şəxsiyyətdən eşit­mək mənim üçün böyük fəxr idi. 
1998-ci ildə çapdan çıxmış “Heydər Əliyev dil haq­qın­da və Heydər Əliyevin dili” kitabında Ağamusa müəl­limlə həmmüəllif olmuşuq (A.Axundov, M.Məmmədov və M.Mahmudov). Mənə “Heydər Əliyevin çıxış və nitq­lə­ri­nin dilinin üslubi-qrammatik xüsusiyyətləri” hissəsinin ya­zılması tapşırılmışdı. Kitab elmi ictimaiyyət tərəfindən rəğ­bətlə qarşılandı. Əlbəttə, bu uğur daha çox kitabın əsas müəllifi Ağamusa müəllimlə bağlı idi. 
Ağamusa müəllim elmi işlərimdə həmişə məni dəs­tək­ləyib, himayədarlıq edib. Namizədlik dissertasiyamın müdafiəsində opponentim olub. Doktorluq işimdə elmi məs­ləhətçim kimi köməyini məndən əsirgəməyib. 2002-ci ildə “Elm” nəşriyyatında çapdan çıxmış “Mətnin formal təhlili sistemi” adlı monoqrafiyamın elmi redaktoru və ön sözün müəllifi olub. 2013-cü ildə işıq üzü görmüş “Kom­pü­ter dilçiliyi” kitabının da redaktoru və ön sözün müəllifi olub (f.ü.e.d.,prof. İlham Tahirovla).
Bunlar mənim həyatımın fəxrolunası səhifələridir. 
Həyatının son illərində çap olunmuş ikicildlik se­çil­miş elmi əsərlərinin də elmi redaktorluğunu mənə həvalə etdi. Bu mənim üçün böyük şərəf və məsuliyyət idi. 
2002-ci ildə anadan olmasının 70 illiyi münasibəti ilə AMEA Rəyasət Heyətinin qərarı ilə “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası ilə Ağamusa müəllimin bib­li­oqrafik göstəricisi çap olundu. Həmin biblioqrafik gös­tə­ri­cidə Ağamusa müəllimin həyatı və yaradıcılığı haq­qında ya­zılmış oçerkin müəllifi olmaq şərəfi mənə nəsib oldu. Oçerk Azərbaycan, ingilis və rus dillərində çap olun­du. 
Mənim üçün bir qədər gözlənilməz olsa da, bib­li­o­qrafik göstəricidə onun haqqında oçerk yazmağı özü mən­dən xahiş etdi. Mən çox tərəddüd etdim. Mənim üçün çox böyük məsuliyyət idi. Bilirdim ki, hər yazını bəyənən deyil. Şənbə, bazar günləri yazını tamamlayıb, bazar ertəsi ona təqdim etdim. Təəccübləndi. “Nə tez gətirdin, yəqin baş­dan­sovma bir şey yazmısan”. Mən bir qədər pərt oldum. “Baxın, nə xoşunuza gəlməsə qeyd edin, yenidən işlə­yə­rəm,” – dedim. Könülsüz yazını götürdü. 
Bir neçə gündən sonra yazını gətirdi. “Mən heç nə deyə bilmərəm, özüm baxmamışam, vaxt tapmadım, amma Elmira xanım (ömür-gün yoldaşını nəzərdə tuturdu) çox bəyəndi. İngilis və rus dillərinə də tərcümə olunsa, yaxşı olardı”. 
Deyərdi ki, mənə həmişə müəllim kimi çox hörmətlə yanaşırsan, amma indi biz neçə illərdir ki, artıq həmkarıq, iş yoldaşıyıq. İndi müəllim-tələbə deyil, həmkar kimi davranmalıyıq. Amma, mən ona həmişə müəllimim kimi baxdım, indi də xatirimdə elə qalıb.
 Özünün xüsusi tapşırığı olmasa, heç vaxt – bayram, istirahət, iş günləri evlərinə zəng vurmurdum. Ən əziz bayramlarda belə telefonla zəng vurub təbrik etməzdim. İstəmirdim narahat edim. Sadəcə, təbrik mesajı gön­də­rir­dim. Bir dəfə gülə-gülə dedi: “rəhmətliyin oğlu, mən me­saj oxuyanam, hərdənbir nəvələrim gəlib telefonu qur­da­la­yanda xəbərim olur. Amma bilirəm ki, hər bayram hök­mən təbrik göndərirsən”. 
Aspirantlıq illərində Leninqradda (indiki Sankt- Pe­ter­burq) Neva prospektində şəhərlərarası telefon danışığı məntəqəsində rastlaşdıq. Məni həm futbola (“Neftçi-Zenit” matçına), həm də evlərinə qonaq dəvət etdi. Yay aylarında ailəsi ilə istirahətə Sankt-Peterburqa gələrdi. Yeri gəl­miş­kən deyim ki, “Neftçi” səfərdə gözəl oynadı, heç-heçə ol­du: 2–2. Sonra evlərində qonaq oldum. Çoxdan Azər­bay­can yeməkləri yeməmişdim.  Vaxtımızı səmərəli keçirtdik. Mənim na­mi­zədlik işimin ilk variantını da oxudu. Bəyəndi.Məsləhət və tövsiyələrini bildirdi.  Sonradan tale elə gətirdi ki, mənim opponentim oldu. Elmi rəhbərim dünya şöhrətli alim R.Q.Piotrovski, Moskva dilçiləri prof. Y.N.Marçuk, prof. R.Q.Kotov, digər opponentim prof. Q.P.Melnikov mənim dəyərli  müəllimim Ağamusa Axun­dovun opponentlik rəyini çox yüksək qymətləndirdilər. Ağamusa müəllim görkəmli rus dilçilərinin yanında ba­şı­mı­zı uca etdi. Nə yaxşı ki, Dissertasiya Şurası mənim dis­ser­tasiya işimə opponent onu təyin etmişdi. Başqa biri­si­nin o səviyyədə çıxış edəcəyinə şübhəm var. Həm də Ağa­mu­sa müəllimin mənim tədqiqat sahəmə marağı böyük idi. Təsadüfi deyil ki, Azərbaycanda riyazi dilçiliyə aid ilk ki­ta­bın da müəllifi o idi.
Bir dəfə mənə zəng vurub dedi ki, təcili Aka­de­mi­ya­nın o vaxtkı vitse-prezidenti, eyni zamanda Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyevin qə­bu­lun­da olmalısınız. Allah rəhmət eləsin, Arif müəllim dəyərli insan idi. Am­ma mən onu yalnız uzaqdan görmüşdüm. Mənim üçün göz­lənilməz bir hadisə idi. Mən təcili onun qəbuluna get­dim. Məni çox mehriban qarşıladı. Dedi ki, mən Sizi tanı­mıram. Amma sənədlərinizlə Akademiya Kadrlar şöbə­sin­də tanış olmuşam. Leninqrad Universitetinin aspiran­tu­ra­sını bitirmisiniz. Həm dilçi, həm də riyaziyyatçısınız (mən Leninqrad Dövlət Universitetinin “Riyazi dilçilik” kafed­rasının “Struktur, tətbiqi və riyazi dilçilik” ixtisasları üzrə aspirantı olmuşdum). Mən istərdim ki, Siz Ali Attestasiya Komissiyasında mənim müavinim olasınız. Amma, bir nəfər yaman Sizə mane olur. Sonra gülə-gülə dedi ki, Ağa­musa müəllim Sizi buraxmaq istəmir. Deyir ki, kimi is­tə­yirsiniz aparın, amma ona dəyməyin. Bir işçi kimi Sizdən çox razılıq edir. Deməli, seçimim uğurludur. Mən sabah Prezident Aparatına Sizin müavin təyin olunmağınız ba­rədə təqdimat göndərəcəyəm... Təqdimat bir neçə il orada qaldı...Sonra tamam unuduldu...Sonra...Mətləbdən yayınmayaq.
Mən özüm də Dilçilik İnstitutunda işləməyə üstünlük verirdim və məsələnin belə sonluqla bitməsi ürəyimdən oldu. Beləcə, 1990 -2011-cü illərdə Ağamusa müəllimlə birgə işlədik – o, Nəsimi adına Dilçilik İnstitutunun direk­toru, mən isə elmi işlər üzrə direktor müavini.
 Bu illərdə çox şey öyrəndim və bütün bunlara görə ona minnətdaram.
Ağamusa müəllimi yaxından tanıyan, onunla uzun illər dostluq edən xalq şairi Cabir Novruzun dedikləri olduqca ibrətamizdir: “Bir ürəkdə nə qədər genişlik olar, nə qədər nəciblik, nə qədər xeyirxahlıq qərar tutar. Nə qə­dər təmizlik olar. Nə qədər işıq olar. Dostum haqqında düşünəndə ikinci onun zəhmətsevərliyi, elmsevərliyi, geniş erudisiyaya malik ensiklopedik ağlı, həmişə öyrənmək və öyrətmək həvəsi, xalqa, vətənə bütün varlığı ilə xidmət etmək eşqi yadıma düşür”. 
Bu sözlər Ağamusa müəllim şəxsiyyətini tam dol­ğun­luğu, tam dəqiqliyi ilə səciyyələndirir. Və bu sözləri yalnız onun ən yaxın dostu, qardaşı, sirdaşı xalq şairi Cabir Novruz deyə bilərdi. Biz bütün bu keyfiyyətləri Ağamusa müəllimin simasında görür və hiss edirdik, amma bütün bunları Cabir Novruz səviyyəsində ifadə etməkdə çətinlik çəkirdik. Həqiqətən də, Ağamusa müəllimi bir insan, bir ziyalı, müəllim, dost, vətəndaş kimi səciyyələndirən cəhət­lər nəciblik, təmizlik, paklıq, zəhmətsevərlik, elmsevərlik, in­san­sevərlik, həmişə öyrənmək və öyrətmək həvəsi, sə­mi­miy­yət, hamıya qayğı ilə yanaşmaq, əl tutmaqdır. Tələbəsi olduğum və birgə işlədiyim illərdə dəfələrlə mən bunların canlı şahidi olmuşam.
Ağamusa müəllim ADU-nun( indiki BDU) filologiya fakültəsində mənim sevimli müəllimim və Dilçilik İnstitutunda 20 ildən çox müddətdə ən əziz həmkarım olub. Amma mən həmişə ona həmkar kimi yox, müəllim kimi baxmış, müəllim kimi hörmətini saxlamışam. Mənim üçün o hər şeydən əvvəl müəllim idi və xatirimdə həmişə müəllim kimi qalacaq.
Həmişə deyirdi ki, dünyanın malı dünyada qalacaq. Heç kim özü ilə heç nə aparmır. 
Amma Ağamusa müəllim böyük bir bilik xəzi­nə­sini, yüksək daxili mədəniyyəti, insansevərliyi, ali­cə­nab­lı­ğı, insanı elminə, biliyinə görə qiymətləndirmək istedadını və mənim indi deyə bilmədiyim bir çox ali insani key­fiy­yət­lə­ri özü ilə  apardı. Bizim onun  elmi söhbətlərinə, məs­ləhətlərinə hələ çox ehtiyacımız var idi. Ondan  hələ çox şeylər öyrənmək olardı: başqalarını səbirlə dinləməyi, təmkinli olmağı, səmimiliyi, tələbkarlığı, mürəkkəb mə­sə­lə­lərin sadə izahını, həyatda ucaldıqca sadə qalmağı və s. 
Kitabları məndə çoxdur, bir çoxunu yazıb özü bağışlayıb, bəzilərini tələbəlik illərində özüm əldə etmişəm. Demək olar ki, hər gün onlardan istifadə edir, hər gün onunla  görüşür, hər gün ondan  nə isə öyrənirəm. Təkcə mən yox, mənim kimi yüzlərlə insan – şagird, tələbə, mü­əllim, alim, sadəcə oxucu onun xalqa bəxş etdiyiniz bilik xəzinəsindən bəhrələnir, faydalanır, nə isə öyrənir. Və bu­nun sonu yoxdur, heç vaxt da olmayacaq. 
Allah rəhmət eləsin!
Ruhu şad olsun!
 
                                                         Məsud Mahmudov,
                                               AMEA Nəsimi adına Dilçilik İnstitutu
                                               Kompüter dilçiliyi şöbəsinin baş elmi işçisi, 
                                               filologiya üzrə elmlər doktoru, professor.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.