Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » XOŞBƏXTLİYİN FİLMİ

XOŞBƏXTLİYİN FİLMİ

 
Gün boyu neçə dəfə zəng elədim, cavab vermədi. Ayrı vaxt o dəqiqə açardı. Yəqin fakültədə yubileyini qeyd edirlər, başı tədbirlərə, təbriklərə qarışıb, deyə düşündüm. Axşam evdən də yığdim, yenə açmadı. Sonra fikrimdən daşındım – ta gecdi, qalsın sabaha. Saat 10-u keçmişdi ki, telefonuma zəng gəldi – o idi... “Cahangir müəllim!.. Bu gün sizi o qədər yığmışam ki!.. Təbrik edirəm, 80 yaşınız mübarək!.. Sizi Ağdama aparacam ha, demişdim axı!..” Sevincəyə düşüb sözümün hamısını birnəfəsə söyləyirəm.
“Ay nənə, səni xoşbaxt ol! Elə bu dəqiqə girmişəm evə. Ağdamnan gəlirəm, getdim Ağdama – Mirşahin apardı məni (elə sevincək, elə doğmalıqla deyir ki bunu, sanki övladıdır Mirşahin!).”
“Ay, nə yaxşı, sağ olsun, Novruzluya da getdinizmi, evinizi gördünüzmü, Səkinə xanımı ziyarət etdinizmi?..”
“Hə, Novruzluya da getdim, amma evimizdən heç nə yoxuydu...”
“Yol gəlmisiniz, Cahangir müəllim, yormayım sizi, dincəlin, Allah qoysa, görüşərik...” 
 
75 yaşında bir “gecikmiş təbrik” yazmışdım sevimli müəllimimizə. 3 il əvvəl isə “Azərbaycanın Ağ Damı” filminə çəkmişdik onu. Yazını oxuyanda da, filmə müsahibə verəndə də çox kövrəlmişdi, göz yaşı sözünə baxmamışdı. Bir fikri isə heç yadımdan çıxmır: “Dərdi çəkən bilər, mən o dərdi çəkənnərdənəm”. Onda demişdim ki, dərdimiz bitəcək, Ağdam azad olacaq, birlikdə gedəcəyik Ağdama, evinizdə də çəkəcəyik sizi... Yaxşı xatırlayıram bunları...    
Ertəsi gün isə “Real” Televiziyasında “80 il Ağ Damın altında” filmini izləyirəm – göz qırpmadan...
“Qafqazinfo.az” saytı ilə “Real Təhlil İnformasiya Mərkəzi”nin birgə layihəsidir. Elbrus Ərud ötən il Ağdama səfərindən “Vətən necə divara dönərmiş, İlahi!” adlı yazı yazır. Qalanını filmdə öz dilindən eşidək: “Sora Cahangir müəllim mənə vatsapda səs atmışdı, Cahangir müəllimin səsinə xeyli ağladım, dedim, axı, siz niyə yox idiniz orda? Dedi ki, Elbrus, məni Mirşahin aparacaq! ...Zəng elədim ki, (Mirrşahinə) Cahangir müəllimi aparmaq lazımdı. Sizin o səsinizdə gördüm hər şeyi, ağdamsızlığı. Dəhşətə gəldim, insan necə gözləyərmiş Vətənin. Ona görə istəyirdim sizi görüm Ağdama gələndə...
Bəli, “dostları, keçmiş tələbələri” Mirşahinlə Elbrus Ərud azadlığına qovuşmuş Ağdamına aparmışdılar onu. Uzun həsrətin sonunda xoşbəxtliyin qoynuna atmışdılar...
İllər sözünü deyib, bir az yaşlanıb, bir az sınıxıb, üzünün təbəssümü isə heç dəyişməyib. Kövrəkdi yenə, amma artıq Ağdamsızlıqdan dərd içində boğulan, çarəsiz, “içi də xaraba qalan, ümidləri puça çıxan” Cahangir Məmmədli deyil! Ayrılıq başa çatıb artıq, öz torpağındadır, ta ürəyindən qara qanlar axmır, həyatının “ən xoşbəxt addımlarını” atır... 
“Bunnan xoşbaxt nə ola bilər ki! Agdama birinci dəfədi gəlirəm və birinci dəfə də Allahın evinə gəlirəm. Məscidə gəlirəm. Dua eləməyə gəlirəm. O duanı ki, bütöv Azərbaycan xalqına düşür. Bizim Ali Baş Komandanımıza düşür o dua... Elə bir dərd çəkdim bu 30 ildə, Allahım, havaxsa o torpağa mənim əyağım dəyəcək, yoxsa yox... Təsəvvür eliyin ki, 30 ilin ağır nisgilindən sora gəlib bu torpağa əyax qoyasan. Əgər mənim bu gün əyağım bu torpaqdadırsa, demək, başımızın da üstündə Allahımız var. O Allah bizim xalqımızı qorudu. O Allah bizim Prezidentimizə güc verdi, qüvvət verdi, bir dəmir yumruq verdi. Hamısı bunlar Allahın işidir...”
Bəli, Allahın işidir, o Allah onun da dualarını eşitdi. 30 ildən sonra Ağdamdadır!.. 
 “Allah xoşbəxtliyi gedənlərin qayıdışı ilə nəsib eləsin!” arzusu da çin olub! Qayıdıb... 
Necə ürəklidir, necə xoşbəxtdir, İlahi!.. 
Bu da doğma kəndi Novruzlu. “Kasıb dünya”sını heç zaman unutmadığı, hər görəndə cibinə 3-5 manat pul qoyan kənd sovetinin sədri Əyyub kişinin, kitabxanaçı Hümbət kişinin, məktəb direktoru Zülfüqar müəllimin ruhu dolaşan Novruzlu. Onu “tərifləyə-tərifləyə bu yerə gətirib çıxaran” Novruzlu”...
O əziz insanları, Qüdrət kişini, Bəbir kişini, ona qədəhdən kostyum tikən Şəkər xalanı, hamını, hamını bir-bir  xatırlayacaq, xatırladacaq yenə. Amma minalı səddi keçə bilmir, dağılmış evlərinə elə uzaqdanca baxır. Dözmür, soruşur ki, “Bura çıxmaq olar?”, Elbrus “Çox getmə” deyir. O isə bir addım da atır, diz çökür, sürünür, ağlayır, “Qurban olduğum!” deyib qurban olduğum o torpağı elə ürəkdən öpür ki, səsi eşidilir. Sonra “Mənim göz yaşlarıma narahat olmayın, mən sevincimdən ağlayıram...” deyir. 
Necə xoşbəxtdir, İlahi!.. 
Mirşahinin “Bu dağıntılar sizi böyüdür, yoxsa balacalaşdırır?” sualına da elə xoşbəxtcəsinə cavab verir.
“30 il məni balacalaşdırdı. Amma indi gəlmişəm, mən bu kənddəyəm axı! Mən bu kənddəyəm axı! Burda böyüməmək olmaz! ...İçimdə bir arzu vardı. Burda gördüyüm əsgərin, yay olseydı, tozdu əyaqqabısın öpəjəydim, qış olsaydı, mən onun palçıxlı əyaqqabısın öpəjəydim. İndi onlar burda yoxdu, şükür Allaha ki, Ağdamı vuruşsuz aldıx. Əsgərrərimin əyağı dəyən yer müqəddəs torpaxdı. Büyün məni o arzuma gətimisiz. Allah sizi var eləsin!..”
Ustad müəllim tələbəsinin xahişi ilə 80 yaşında öz doğma kəndində həyatının ən vacib stand up-ını da edir: “Novruzlu kəndi mənim ideal bir nöqtəmdi, məkanımdı. Makro Vətənimin bir mikro nöqtəsidi. Burda mən özümü bu gün dünyanın ən xoşbəxt adamı hesab edirəm. Kəndimizin azadlığı mübarək olsun!”.
Bu da Ağdamdakı son dayanacaq. “İllərdir dəyişməyən sevgi”sinin, Səkinə xanımın Əfətli kəndindəki məzarı. “Kəndimiz özümüzə qaytarılıf!” deyə sevincini bölüşməyə tələsir. Ta Qubadan dərib gətirdiyi “Payız gülləri“ əlində hönkür-hönkür ağlamırdı, qızılgüllərin qönçəsindən yaş süzülmürdü. Əzizi isə onu “tortla gözləyirdi”. Bu, Ağdamın azadlığının və 80 illik yubileyin tortu idi...
“Bu günnəri sənin yanına 80 yaşında gəlmişəm. Bu 80 ilin 46 ilini mən sənnən bir yerdə olmuşam. Biz sənnən tanış olanda mən sənnən 7 yaş böyüyüdüm. Bu gün mən sənnən 17 yaş böyüyəm. Bağışla məni...”
Göz yaşları içində necə xoşbəxtdir, İlahi! Novruzludan vur-tut 6 kilometr aralıdakı bu “qərib qəbir” artıq qərib deyil!.. 
Üzünü tələbələrinə tutur: “Biz üçlükdə bu müqəddəs yerə gəlməynən... 80 yaşımdan sonra mənim yaşamağıma çox böyük stimul verəcək. Mən indi inanıram ki, hələ yaşıyasıyam!..”
Necə xoşbəxtdir, İlahi!..
Çox sağ olun, Mirşahin, çox sağ olun, Elbrus Ərud! Jurnalistikamızın böyük müəllimini 80 yaşında xoşbəxtliyin qoynuna atdınız!..
Bu, xoşbəxtliyin filmi idi... 
Mirşahin “xoşbəxtliyin filmi”ni çəkmişdi...  
 
FİRUZƏ NADİR
Əməkdar jurnalist
****
 
 
 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.