Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » YAMAN AYRILIQ

YAMAN AYRILIQ

 
Təbriz elindən, Şəhriyarın şəhərindən bizə salam gətirən sevimli müğənnimiz Yaqub Zurufçu dünyasını dəyişdi, Təbrizin oxuyan bülbülü susdu.
 Təbrizdə mahnılarının qadağan olduğu dövrdə Vətənindən didərginliyi başlayanda dünyaya “Ayrılıq”la körpü salmışdı. Təbrizlə vidalaşandan sonra Almaniyada məskunlaşmışdı. Xalq artisti Gülağa Məmmədov cənublu soydaşımızla Almaniyada tanışlıqdan sonra müğənnini Azərbaycana dəvət etmişdi. O zaman Azərbaycanda milli azadlıq hərəkatının qızğın dövrü idi. Azadlıq meydanına yığışan xalq Təbriz elli sənətçini təbərrik kimi qarşıladı. Müğənni meydanda səsini xalqın səsinə qataraq “Ayrılıq” oxudu. Bir qədər sonra Gülağa Məmmədov əziz qonağını ata yurdu Lənkərana apardı. Həmin vaxt mən də Lənkəranda idim. Unudulmaz görüşlərimiz indi də yaddaşımda əziz xatirə kimi yaşayır. İndi ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzi meydanda iynə atsaydın, yerə düşməzdi. Lənkəranlılarla görüşdə Gülağa Məmmədovla səs-səsə verərək “Aman ayrılıq” yox, “Yetər ayrılıq” oxudu. Və söz verdi ki, bundan sonra daha “Yetər ayrılıq” oxuyacaq. 
Meydandakı görüşdən sonra qonaqlar ziyafət məclisinə – Gülağa Məmmədovun bibisi oğlu Lənkəranın hörmətli ağsaqqallarından olan Orucəli Qasımovun evinə yığışdılar. Lənkəranın say-seçmə ziyalıları cənubu qonağı görməyə gəldilər. Səmimi görüşün təsirindən hamı xoş əhval-ruhiyyədə idi. Lənkəran məhkəməsinin hakimi işləyən Həbib Əliyev pianonun şirmayı dillərini dilləndirdi. Yaqub Zurufçu ecazkar səsilə dinləyicilərini Təbrizin dolanbac yolları ilə dolandırıb “Bakı, əziz şəhər, mehriban diyar”a kimi gəzdirdi…
Həmin gecə yazı hazırlamaq üçün suallarımı verməyə imkan olmadı. Sabaha vədələşdik. Səhər həyat yoldaşım Mükafat Hüseynov, bizə bacı qədər əziz olan dayqızı Şəhrəbanu Zeynalova ilə Orucəli Qasımovgilə getdik. İndi haqq dünyasında olan oğlu Namiq Qasımov bir ev yiyəsi olaraq söhbətimiz üçün şərait yaratdı. “Lənkəran” qəzetinin fotomüxbiri Gülağa Cəfərov bizi fotolentin yaddaşında əbədiləşdirdi…
Müğənninin dünyanın amansız bəlası COVİD-19-a tutulduğunu, xəstəxanaya yerləşdirildiyini və yüksək diqqət göstərildiyini bilirdik. Hər gün şad xəbərini gözləyirdik. Fəqət “dünyasını dəyişdi” xəbərini eşidəndə hamımız sarsıldıq. Bu kiçik xatirəni qələmə alanda telekanallar müğənniylə son vida mərasimini yayımlayır. Həyat yoldaşı Aynur Zurufçunun göz yaşlarıyla söylədikləri yəqin ki, mənim kimi çoxlarının ürəyini parçalayır. Mən isə hönkürərək oxumaq istəyirəm:
 
Ayrılıq, ayrılıq, aman ayrılıq.
Hər bir dərddən olur yaman ayrılıq.
 
1989-cu ildə qələmə aldığım söhbəti oxucunun ixtiyarına verirəm.
 
“…YETƏR AYRILIQ
 
Şəhərimizin Mərkəzi meydanında çoxdandı xoş ovqatla yığışmırdıq. Koroğlu uvertürası güclü dalğalarıyla insan selini bu meydanda birləşdirib. Ayrılığın həsrət dolu melodiyası bütün baxışları nəmləndirib. Bu an başımız üstdən göyərçinlər uçuşur. Deyəsən, onlar da həsrətli görüşdən xəbər tutmuşlar. Musiqi sədalarıyla, kəsilməyən alqışlarla qürbət eldən görüşümüzə gələn eloğlumuzu  Yaqub Zurufçunu, həmyerlimiz, respublikanın Xalq artisti Gülağa Məmmədovu alqışlayırıq. Ürəkdən gələn alqışlar hər iki müğənnini kövrəltmişdir. 
Gülağa Məmmədov Mən sizə çox minnətdaram, həmyerliləyim. Əziz qonağımı xalqımızın adına layiq qarşıladınız”, deyir. Ayrılıq ürəkləri titrədir. Gözlər yaşarır. Amma bu göz yaşları sevincdən doğur. Sonra Sizə salam gətirmişəm qanad taxır. Bu tay həsrəti ilə gedən ustad Şəhriyarın salamı yetir hamıya. Cavad Rəcəbov oynaq musiqi sədaları altında Qucaq-qucaq güldü bizim Lənkəran oxuyur. Ürəyi sevincdən riqqətə gələn Yaqub bəy qol götürüb oynayır.
- Yaqub bəy, rayonumuza xoş gəlmisiniz. Bunun üçün biz ustad müğənni, həmyerlimiz Gülağa Məmmədova minnətdarıq.
- Çox sağ olun. Elə mən özüm də böyük ustada minnətdaram. Onunla tanışlığım olmasaydı, bəlkə də sizinlə görüşə bilməyəcəkdim.
- Siz Azərbaycan xalqının ürəyindəsiniz. Radioda, televiziyada Yaqub Zurufçu adı eşidilən kimi bütün diqqətlər hakim kəsilir. O qədər doğmasınız ki, hər birimiz sizi öz evimizdə hiss edirik, hər birimizin əziz qonağısınız.
- Çox sağ olun, hamınıza qurban olum. Mən belə təsəvvür etmirdim. Bir belə məhəbbət, mehribanlıq, səmimiyyət olar?! Sizi belə görəndə sevincdən ağlamağım gəlir.
- Yaqub bəy, Cənub dərdi hər bir azərbaycanlının yaralı yeridir. Bir vaxt siz o taydan bu taya həsrətlə boylanardınız. İndi isə o taya baxmaq üçün bir dünya yol keçib gəlmisiniz. Hansı hissləri keçirirdiniz?
- Astarada elə bildim ki, Təbrizdəyəm. Vətənin saf havasından uddum. Tikanlı məftillər sanki bağrımı dəlirdi. Bu yerdə 
 
Sındırın tüfəngi, yıxın divarı
Ayrılmış elləri göz görsün barı
 
misraları yadıma düşdü. 
- Oxucularımıza nə deyərdiniz?
- Dünyada böyük xalqları həmişə ayrı salıblar. Qismətimizə qürbətdə da parçalanmış ölkədə yaşamaq düşüb. Ayrı düşmək dəhşətdir. “Neyləyim ki, sizə çata bilmirəm”. Çalışaq həmişə bir yerdə olaq.
- Yaqub bəy, bir az da yaradıcılıq işləriniz barədə danışın. Repertuarınızda hansı mahnılar əsas yer tutur?
- Əsasən sözlü mahnılar oxumaq istəyirəm. Bu o deməkdir ki, xalqıma oxumamla nəsə bir söz deyə bilim. Xalqıma “Sındırın tüfəngi”, “Açıl səhər”, “Mən yanmasam” kimi mahnılar gərəkdir. Onları həmişə birliyə, yalnız birliyə çağırıram.
- Lənkəran, onun adamları sizə necə təsir bağışladı?
- Burada hamı çalıb oxumağı, söz qoşmağı bacarırmış. Cavad bəyi isə çox sevdim. Gözəl oxuyur. Gün o gün olsun, Cavad bəylə Təbrizdə oxuyaq. İnşallah o gün olacaq!
- Yaqub bəy, bir daha “Ayrılıq” barədə. Siz “Ayrılıq”la körpü salmısınız ürəyimizə. Amma elə gün olur ki, onu bir neçə dəfə oxumalı olursunuz. Bu sizi yormur ki?
- Əsla. Nə qədər ki, xalqım ayrıdır, “Ayrılıq” oxuyacağam. Amma söz vermişəm ki, daha 
Ayrılıq, ayrılıq, yetər ayrılıq,
Hər bir dərddən, qəmdən bitər ayrılıq – 
oxuyum.
- Bəlkə ürəyinizdə bir söz qaldı?
- Daha ürəyimdə nə söz qalıb, nə nisgil. Gəlib sizi, xalqımı gördüm, bəsimdir. Daha qorxum yoxdur, lap ölümdən də!
- Sağ olun! Lənkəranda gələn görüşənədək. 
 
Sevda Əlibəyli,
“Söz” jurnalının baş redaktoru.
 
 
 
 
 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.