Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Yerin görünür, Əyyub müəllim!

Yerin görünür, Əyyub müəllim!

Jurnalist Əyyub Rzayevin vəfatından 25 il keçir. Bu gün də Cənub bölgəsində “jurnalist” kəlməsi işlənəndə göz önünə Əyyub Rzayev gəlir.
Kəsərli qələmindən çıxan yazılarının əks-sədası indi də yaddaşlardadır.
Milli Mətbuat günündə ilk xatırladıqlarımdan biri yenə Əyyub Rzayevdir. Ayrılığından 25 il keçsə də, yenə yeri görünür – cəsarət rəmzi kimi, ağsaqqal kimi... Ruhu şad olsun.
Əyyub Rzayev bütün yaradıcılığı boyu bir amala sadiq qaldı: “Qəzeti oxunaqlı edən tənqidi yazılardır. Amma dəqiq və vaxtında yazılsın”.
İmzası gedən hər hansı yazıda kiminsə tapdanmış hüququ bərpa olunur, kimi cəzalandırılır, kiminsə problemi həll edilir, kimi irəli çəkilir, kimi işdən götürülütdü.
Onun jurnalist qələminin kəsəri, qüdrəti belə idi.
Əvvəlki illərdə yazdığım yazını yenidən oxucuların ixtiyarına verirəm. Gözləriniz nurdan əskilməsin. 
Ötən ilin düz bu vaxtkı yay günləriydi. Bakıda bazardan gilas alırdım. Nədənsə 1990-cı ildə Əyyub müəllimgildə gilas yediyim keçdi xəyalımdan. Əlbəttə, 1990-96-cı ilin yay aylarına kimi 6-7 gilas mövsümü başa çatmışdı. Amma nədənsə ötən il həmin hadisə yadıma düşdü. Gözlərimin yol çəkdiyini deyəsən satıcı da hiss etdi. Və tez sifarişimi yerinə yetirdi, məni yola saldı. Yol boyu bir şey məni rahat buraxmırdı: Bu fani dünyada bir gün də eşidəcəyik Əyyub müəllim köçdü… İndi də mənə qaranlıqdır, axı, niyə məhz həmin ayda, Əyyub müəllim əcəllə çarpışdığı günlərdə bu fikir mənim ağlıma gəlməliymiş…
Bakıdan Lənkərana gələndə ən qorxduğum o olur ki, görən kimin vəfat etdiyini eşidəcəyəm?..
Yol yorğunluğum bir az keçəndən sonra asta-asta - Əyyub müəllim dünyasını dəyişdi, - dedilər. İçərimdən qırıldım sanki. Jurnalist nəslinin yarpaq tökümü başlayıb deyibən, göz yaşlarım ürəyimə axdı. Şəkər Aslan yarası sinəmizdə qaysaqlanmamış Əyyub müəllim sıramızı tərk etdi. Bu yazını yazmağa hazırlaşarkən “İnşaatçı” qəzetinin redaktoru Oqtay Cəfərovla rastlaşdım. Şükufə Qasımovanı soruşdum. Oqtay müəllim təəccüblə, ya da eşitmədiyindən sualıma sualla cavab verdi:
- Kimi soruşursunuz?
- Şükufə xanımı deyirəm.
- Biz onun ilini də vermişik.
Həmin Şükufə Qasımova ki, Lənkəranda ilk qadın jurnalist, ilk qadın redaktor olub. Və məhz onun redaktor olduğu illərdə Əyyub müəllim felyetonlarının gücüylə prokuror çıxarılıb işdən.
Yenə daxildən qırıldım. Yox, sarsıldım demirəm, qırıldım. Ana-bala münasibətində olduğum bir insanın vəfatından belə xəbər tutmamışam. İki ildi nə görüşür, nə zəngləşirdik. Zəmanənimi qınamalı, yoxsa unutqan olmuşuq.
***
1990-cı ilin yayıydı. Kuybışevdən Lənkərana bir jurnalist qadın gəlmişdi. Adət üzrə Lənkəranla tanışlığa redaksiyadan başlamışdı. Unudulmaz redaktorumuz Şəkər müəllim qonağı gəzdirməyi Əyyub müəllimə tapşırdı. Getdilər. Ertəsi gün Əyyub müəllim işə gəldi. Günortadan sonra jurnalist qadın da gəldi. Şəkər müəllim Əyyub müəllimi çağırıb yenə qonağı gəzdirməyi tapşırdı. Əyyub müəllim az qala uşaq kimi yalvarmağa başladı ki, məni bu gəzintidən azad edin. Şəkər müəllim güldü. Getməməyinin səbəbini soruşdu. “Qadınla söhbətim tutmur”, dedi və hamımız Əyyub müəllimin başına yığışıb onun zarafatına güldük. Hərə bir atmaca atdı, hərə bir təklif verdi. Əyyub müəllimin rəyi belə oldu:
- Sevdayla Esmira (Esmira Ağayeva – S.Ə.) da bizimlə gəlsin.
Əyyub müəllimin sözünə Şəkər müəllim etiraz etmədi. 
Bəli, bizi deyə-gülə yola saldılar. Lənkəranın küçələrində Əyyub müəllimin sarı “Jiquli”si ilə fırlandıq.
Qonaq bu yerləri onsuz da dünəndən görmüşdü. Əyyub müəllimgilə getməyi qərarlaşdırdıq. Üzüm təhənginin sərinliyində Əyyub müəllimin gəlinləri Xuraman və Sevil bizə yaxşı qonaqpərvərlik göstərdilər.
***
Bala Şürük bağlarının gilası Lənkəranda çox məşhurdur. Təəssüf ki, Əyyub müəllimin gilas ağacları oğlunun tikdirdiyi evin yerinə düşdüyündən kəsilmişdir. Əyyub müəllim qonşudan gilas aldırdı. O vaxt deyə-gülə yediyimiz gilas 5-6 ildən sonra mənim ən kövrək xatirəm olmalıymış.
***
Bu xəbərə “vay”! deyib göz yaşlarım ürəyimə axdı. Nədənsə Əyyub müəllimlə bağlı heç nə yox, yalnız həmkarım Esmira Ağayevanın xeyirxah çəkilişi keçdi xəyalımdan. Nə yaxşı gedib çəkildim. Nə yaxşı!!!
1995-ci ilin sentyabr günləri idi. Lənkəranda idim. Həyətdən Esmiranın səsi gəldi. Ev adamlarıyla elə həyətdəcə səmimi görüşüb – Sevdanı aparmasam, getmərəm! – dedi. Təəccübləndim. - Əyyub müəllim barədə veriliş çəkirik. Gəlməsən, buradan gedən deyiləm, - dedi.
Verilişin çəkilişinə çox sevindim. Xəbərsiz gəlişinə isə bərk əsəbləşdim. 
- Əyyub müəllim maşındadır, gəlməsən, gedən deyilik, - dedi. 
Doğrudan da, Əyyub müəllim maşında gözləyirmiş. Düşüb hamıyla görüşdü. Başqa əlacım qalmadı.
Bu gün Esmiraya minnətdarlıq etməyə söz tapmıram. Çünki həmin gün məni məcburi aparmasaydı, veriliş sonrakı qalsaydı, yəqin ki, alınmayacaqdı, çəkilməyəcəkdi. Və bunun vicdan əzabı məni ömrüm boyu rahat buraxmayacaqdı.
1995-ci ilin 22 iyulunda Lənkəranın o vaxtkı icra başçısı Dilruba xanım Camalova bizi qəbul etmişdi. Hərə arzu və təklifini bildirdi. Əyyub müəllim də danışdı. Kövrək idi. Ümumiyyətlə, o yaşda kişi tez-tez kövrəlirdi. Aprel ayının birindən qəzetin maliyyə vəziyyətinin çətinliyiylə əlaqədar ərizə verib işdən getmişdi. Doğrudanmı, o, bunu ürəkdən etmişdi? 50 il ömrünü əritdiyi doğma işdən, doğma kollektivdən heç kim könüllü ayrılmazdı. Xüsusilə, Əyyub müəllim kimi adamlar. Həmin ərizəni qəzetin müvəqqəti çətinliyi ilə əlaqədar hamı yazıb çıxmışdı. Lakin 1-2 aydan sonra maliyyə vəziyyəti nisbətən düzələndə hamı işə qayıtdı, təkcə Əyyub müəllimdən başqa. Bəlkə, hansımızınsa qayğısına ehtiyacı vardı? Bəlkə, kiminsə zəngini gözləyirdi, onu işə çağırsın?..
İliyimizə işləyən soyuqqanlıqdan yaxa qurtara bilmirik. Əyyub müəllim işdən çıxandan sonra da qəzetin hər sayında yazıları getdiyindən Dilruba müəllimə onun işdən çıxdığındandan xəbərsizdi. Və həmin kövrək görüşdə Dilruba müəllimə icra aparatı adından Əyyub müəllimə qiymətli qol saatı da bağışladı. 
Bu, Əyyub müəllimin son mətbuat bayramı, son çıxışı, son hədiyyəsi oldu.
Axı niyə bu qədər Dilruba müəllimə kövrəlmişdi.
Mətbuat günündən çıxıb Şəkər Aslanın vəfatının 40-cı gününü qeyd etməyə Boladiyə getdik. Əyyub müəllim də çıxış etdi. Çıxışının demək olar hamısı yadımdadır. Bir etirafını isə tez-tez xatırlayıram: Özüm də daxil olmaqla 11 redaktor dəyişmişəm. Hələ Şəkər Aslan kimi özünə və kollektivinə qarşı həm tələbkar, həm diqqətcil, həm qayğıkeş şəxs görməmişəm. 
Nədənsə bu yazıda Əyyub müəllimlə bağlı yalnız son hadisələr xəyalıma gəlir. Kaş bu sonlar sonsuzluğa qədər uzanıb gedəydi. Təkcə ömürlərin sonluqları olmayaydı. Yenə qayıdıram çəkdiyimiz verilişə. Sentyabrın birinci yarısıydı. Hələ canımız yayın qızmarından qurtarmamışdı. Çəkilişi Əyyub müəllimin məşhur sitrus bağından başlamağı qərara aldıq. Əyyub müəllim bağının nübarını bizimçün dərdi. Və sonuncu nübaranlığı olacaqmış. Çəkiliş tam ürəyimizcə olmadığından sitrus çiçəkləyəndə çəkilişə bir də gələcəyimizə söz verdik. Təəssüf ki…
1996-cı ilin Novruz bayramı idi, Lənkərana gəlmişdim. Təbrik üçün “Lənkəran” qəzetinin kollektivinə zəng vurdum. Dəstəyi redaktor Həzi müəllim götürdü. Dedi, Əyyub müəllim də buradadır və dəstəyi ona verdi. Doğrusu, sevindim. Elə bildim işə qayıdıb. Soruşanda bildirdi ki, yoldaşlarla görüşməyə gəlib. Və mənə dedi ki, bir xahişim var səndən: Oğlumun başdaşındakı şeiri Şəkər Aslan yazıb. Onu deyərəm, xatirələrində yazarsan. Tez sözünü kəsdim: - Əyyub müəllim, xatirəni özünüz yazın.
Nə yazıq ki, o xatirəni də yaza bilmədi. Deyəsən, redaksiyaya son gəlişi oldu.
Adətən insanın fiziki qüsuru ona həmişə əsəbilik gətirir. Əyyub müəllimin də bir ayağı axsaq idi. Amma bu onun özünün də, dostlarının da zarafat obyekti idi. Qəzetdə təzə işləyirdim. Əyyub müəllim harasa getmişdi. Telefon zəng vurdu. Dəstəyi götürdüm, Əyyub müəllimi istədilər. Bir azdan gələcəyini söylədim. Telefonda – qoy gəlsin, onun o biri ayağını sındırmasam, atamın oğlu deyiləm. Onda bilər qaxılıb oturmaq nə olan şeydir – sözlərinə quruyub qaldım. Dəstək tutan əlim əsirdi. Axı, Əyyub müəllimi niyə hədələyirlər? Rəngimin qaçdığını görən otaq yoldaşlarım – Xudaverdi Cavadov, Kamal Rəhmanov, Qüdrət Cəfərov məsələdən hali olanda gülməkdən uğunub getdilər.
- Qəm yemə, onun dostlarıdır. Ərklə zarafat edirlər. Əyyub müəllim inciyən deyil, kişi özü etiraf edir ki, yeganə gözəlliyi varsa, o da ayağının axsaqlığıdır.
Zəng vurub telefonda Əyyub müəllimi hədələyən kəs dostu Kamal Kələntərli idi.
Əyyub müəllim axsaqlığını gözəllik adlandırsa da, ayağa incidirdi. Və çox vaxt maşınla gəzirdi. Sarı “Jiquli”si hər birimizin qulluğunda hazır idi. Redaksiya həyatının bəlkə də ən yaddaqalan günləri həmin maşınla bağlıdır. Məhərrəmlik olan kimi ehsanlar başlayırdı. Dəvət edən çox olardı. əksəriyyəti eyni gündə verdiyindən hər yerə gedə bilməzdik. Redaksiyanın sürücüsü Samidin göy “Moskviç”i, Əyyub müəllimin sarı “Jiquli”si ilə hara gedəcəyimizi mühasibimiz Hakim Mirzəcanovla dəqiqləşdirib iş gününün əvvəlindən “putyovka” yazardıq. Xeyri-şəri də iki maşınla yola verərdik.
Əyyub müəllim sitrus meyvələrindən çoxuna sovqat verərdi. Mənim də payım olardı. Yeni il axşamı oğluyla, ya da yeznələrindən biriylə qapı-qapı düşüb meyvələri paylayardı. Bir il payımı kəsdi. Səbəbini bilirdim, maşınını satmışdı, piyada qalmışdı. Gələn il ağacların barı azaldı. Əlimə bəhanə düşdü: mənim payım kəsiləndə ağaclar da üz döndərər, deyirdim.
1995-ci ilin dekabrın axırları Lənkərana ilk qar yağmışdı. Həmin qarda Əyyub müəllim bilirdi, yaxın günlərdə Bakıya gedəsiyəm. Maşın tapıb yeznəsiylə mənim payımı gətirmişdi. Onları evə nə qədər dəvət etsəm də, gəlmədilər. 
Bu bizim son payımız və son görüşümüz oldu.
1995-ci ilin dekabrında Lənkəran Dövlət Dram Teatrında Şəkər Aslanın 60 illik yubileyi keçirilirdi. Yubileyə Əyyub müəllimi də dəvət etdim. Həmin gün nəvəsi Ülviyyənin toyu olduğundan gələ bilməyəcəyini dedi. 
Əyyub müəllim ata-anasız, bacı-qardaşsız böyümüşdü. Öz zəhmətiylə böyüyüb hörmət-izzət sahibi olmuşdu. Beş oğlan, üç qız dünyaya gətirmişdi. İlki Təyyub Lənkəranda tanınan aqronomlardandır, həmişə rəhbər vəzifələrdədir. Nadir həkimdir. Bakı şəhərində yaşayır. Adil də həkim idi. Amma dünyasını çox erkən – körpəsinin dünyaya gəlişini görmədən dəyişib. Uşaq atasının adını daşıyası oldu. Əyyub müəllim uşaqla nəfəs alırdı desəm, mübaliğə olmasın. Onun adını heç kəs cürət edib çağırmır. Bilə (talışca qardaş deməkdir) deyirlər. Əyyub müəllim bəzən ürəyindən, təzyiqindən şikayət edəndə həm ciddi, həm də zarafata deyirdim:
- Əyyub müəllim, Bilənin toyunu etməsəm, ölməyə haqqın yoxdur.
Bizim indiki yaşımız heç onun fəaliyyəti qədər deyil hələ.
Təəssüf ki, bu vədinə xilaf çıxdı. Bilə ali məktəbə qəbul olunanda Əyyub müəllim sevincdən qanad taxmışdı. Televiziya üçün çəkiliş də həmin günə düşmüşdü. Bilə nənəsi Zəri xalayla Bakıdaydı. Və Əyyub müəllim sevinclə bildirdi ki, ona bağışlanan yadigar saatı Biləyə tələbə bileti alması münasibəti ilə bağışlayıb. İlqar universitet təhsilli biblioqrafdır. Təkcə Nazimə ali təhsil verə bilməmişdi. Amma həmişə zarafat edərdi ki, ailəmizin bütün ali təhsilli kişiləri Nazimin əlinə baxır. Qızları – Mehriban, Həqiqət, Təranə orta təhsilli tibb işçisi, aqronom, mühasibdir.
***
Lənkəran bölgəsində jurnalist deyəndə hamının gözü önünə ilk növbədə Əyyub Rzayev gəlir. Yarım əsr bir igidin ömrüdür. Əyyub müəllimin jurnalist təcrübəsi bu qədər idi. O, jurnalistikada bir məktəb idi. Yazmaqdan doymazdı. Qəzetin tənqidi məqalələrini demək olar ki, ömrü boyu o yazıb. Çoxunun dilindən şəxsən özüm eşitmişəm: - Polis, prokuror, məhkəmə tutsun məni, nə qədər iş kəsir-kəssin, ancaq Əyyub Rzayevin qələminə düşməyək.
Özünəməxsus iş üslubu var idi. Günortaya kimi əlyazmalar da, makinadan çıxan işi də hazır olmalıydı. Biz Şəkər müəllimə günün axırında bəhanə fikirləşəndə, o, Əyyub müəllimi nümunə göstərərdi.
Zarafatı çox sevərdi. Biri zarafat götürməyəndə – zarafat ən ali nemətlərdəndir, onu ucuzlaşdırmazlar, deyərdi. 
Bu yazını yazanda da bəzi şeylər yadıma düşür, dodağım qaçır. Nə yaxşı ki, elə Əyyub müəllimin yoxluğuna inanmıram. Əməkdaşımız Gülağa Cəfərov tez-tez kollektiv şəklimizi çəkib əbədiləşdirərdi. 1990-cı ilin Novruz bayramıydı. Müxtəlif cür – bütün kollektivlə, beş-beş, üç-üç, bir sözlə kim kimlə istədi, şəkil çəkdirdi. Əyyub müəllim axırda bir mənimlə, bir də tək çəkdirdi. Həmin şəkli alanda çox sevindi. Siması çox nurani düşmüşdü, əlində qələm də var idi. Yarıciddi, yarızarafat:
- Əla! Bu oldu başdaşımın şəkli! – söylədi.
Zarafatımı saxlaya bilmədim:
- Əyyub müəllim, ver baxım, birdən birgə çəkdirdiyimiz olar ha?!.
***
Əyyub müəllimin vəfatının 40-na çatdım.
Bakıdan gələn kimi münasib adamlarla zəngləşirəm. Uzun illər redaksiyada sürücü işləyən ziyalı qardaşımız Samidə də zəng vurdum.
- Vəfatını gec bildim, maşınla onların kəndindən keçirdim. Qəbir üstə başdaşı qoyulurdu. Boylandım, Əyyub müəllimin şəklini gördüm…
Kədərli xəbərə yumorum qarışdı.
- Samid, yaxşı baxaydın, mənimlə çəkdirdiyi şəkil deyildi ki?!.
Statistikada ən qısa ömür sürən insan jurnalistlər hesab olunurlar.
Əyyub müəllim 70 ilə yaxın (yaş kağızı özünün dediyinə görə dəqiq deyildi) ömür sürdü. Normal insan ömrü üçün bəlkə də 70 il az vaxt deyil. Amma Əyyub müəllimdə yazıb-yaratmaq, yaşamaq eşqi hələ çox güclüydü.
Nə qaldı Əyyub müəllimdən?! 50 ildə heç bir fəxri ada, mükafata layiq görülmədi. Əlbəttə, bunlar da lazım idi. İnsan zəhmətinin qiymətini alanda həyatı daha da gözəlləşir.
Və indiyədək nə adının əbədiləşdirilməsi yada düşüb, nə də qapısına xatirə lövhəsi vurmaq. Sağlığında layiqli qiymətini olmadığı kimi, vəfatından sonra da diqqətdən kənardadır. Ruhlar, xatirələr isə daha çox qayğıya möhtacdırlar.
Amma qəzetlərin yarım əsrlik komplektində Əyyub müəllimin ürəyinin döyüntüsü yaşayır. Və illər keçsə də, gələcək nəsillər onun həmişəyaşar söz sərvətlərindən bəhrələnəcək. Biz – onunla müasir olan adamlar arasında isə həmişə yeri görünür, ağsaqqal sözünə ehtiyac duyuruq.
***
Az-az zəngləşərdik. Yerli qəzetdə birgə işlədiyimizdən ehtiyac olmazdı. “Söz” jurnalının işiylə əlaqədar Bakıda yaşadığım vaxt isə hərdən zəng vurardım. Düşə bilməzdim. Kənddə işıqların yanmaması ilə əlaqədar olardı. İndi də Bakıdan gələndə onlara zəng vururam. Dəstəkdən səs gəlmir. Deməli, kənddə işıq yanmır. Qəribə də olsa, buna sevinirəm. Qoy elə telefon xəttinin o biri başında Əyyub müəllim sağ-salamat olsun.
1997.
Sevda Əlibəyli,
“Söz” jurnalının baş redaktoru.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.