analitiki Aminə Bayramovanın şərhi
Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ulu öndər Heydər Əliyevin vurğuladığı
“bir millət, iki dövlət” devizinə və tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanan, strateji tərəfdaşlığa söykənən münasibətlər sistemini əhatə edir. Türkiyə Respublikası ilə iqtisadi əlaqələrimiz dərin tarixi köklərə dayansa da, bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin qazanılmasından sonrakı dövrə təsadüf edir. Türkiyə ilə iqtisadi münasibətlər müxtəlif sahələri əhatə edir.
İdxal-ixrac dinamikasının tərkibi
Türkiyə Azərbaycanın əhəmiyyətli ticarət tərəfdaşı olmaqla, Azərbaycanın xarici ticarət dövriyyəsində və ixracında 2015-ci ildən, idxal əməliyyatlarında isə 2013-cü ildən etibarən 2-ci yerdədir.Azərbaycanın Türkiyə ilə Ticarət Dövriyyəsinin Strukturu |
Mənbə:https://www.stat.gov.az/source/trade/ |
Mənbə: https://www.stat.gov.az/source/trade/ |
Birbaşa xarici investisiyalar
Türkiyə Azərbaycanda qeyri-neft sektoruna ən çox investisiya qoyan ölkədir. Azərbaycan şirkətləri isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital axını yaradır. 2002-2019-cu illər arasında Türkiyədən Azərbaycana investisiya qoyuluşları 11 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edib.[2]2020-ci ilin ilk yarısında Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiya (BXİ) qoyuluşuna görə, Türkiyə 259 milyon dollar investisiya məbləği və 12,3% xüsusi çəki ilə Birləşmiş Krallıqdan sonra 2-ci yerdə qərarlaşıb.[3] Eyni dövrdə Türkiyə, Azərbaycan tərəfindən xarici iqtisadiyyata yönəldilən BXİ həcmində 39,2 milyon dollar investisiya məbləği və 6% xüsusi çəki ilə 8-ci yeri tutub.[4]
Azərbaycanın Türkiyəyə yönəltdiyi ən böyük birbaşa xarici investisiya “SOCAR Türkiyə”nin icra etdiyi layihələrlə bağlıdır. “Socar Türkiyə” ilk olaraq 2008-ci ildə PETKİM-in hissələrinin satın alınması ilə Türkiyənin energetika bazarına daxil olub. Bu investisiya ilə hazırda tərəfdaş ölkənin neft-kimya xammalı ehtiyacının 18%-i qarşılanır. “SOCAR Türkiyə” həmçinin Türkiyənin və regionun enerji təhlükəsizliyinin təminatında mühüm əhəmiyyəti olan bir çox işlərə imza atıb. Bu investisiyalar, əsasən, neft-kimya emalı və təbii qaz sektorlarını əhatə edir. Belə layihələrə, 6,3 milyard dollar investisiya məbləği ilə qurulan, 2019-cu ildə İzmirin Aliağa limanında fəaliyyətə başlayan və hazırda Türkiyənin ilkin emal olunan neft ehtiyacının 25%-ini qarşılayan STAR neftayırma zavodu misal göstərilə bilər.[5] Bu neftayırma zavodu, Türkiyənin enerji kəsrinin ən mühüm komponenti olan mayeləşdirilmiş neft qazı, təyyarə yanacağı istehsal etməklə, qardaş respublikaya illik təxmini 1,5 milyard dollar qənaət vəd edir.[6] Azərbaycan Türkiyənin alternativ enerji sektoruna da investisiya qoyur. Bu sahədə enerji xərclərinə qənaəti və ətraf mühitin qorunmasını hədəfləyən Petkim külək enerjisi stansiyası (Petkim RES) xüsusi vurğulanmalıdır. Petkim RES-in istifadəyə verilməsi ilə İzmirin Aliağa ərazisində buraxılan karbon emissiyaları 120 min ton azalıb və elektrik enerjisi istehsal gücü 22% artıb.[7] Energetika sahəsində istehsal və emaldan başqa, enerjinin paylanması, daşınması və kommunikasiya sistemlərinin inkişafı ilə bağlı SOCAR-ın Türkiyədə əhəmiyyətli investisiyaları var. Bu investisiyalara, Socar Terminal, Socar Dağıtım, Socar Depolama və bundan başqa bir sıra əhəmiyyətli satın almalar misal göstərilə bilər.
Azərbaycanın neft-kimya sahəsi başda olmaqla neft-emal, energetika, logistika sektorlarını əhatə edən strateji investisiyalarının qardaş ölkə üçün enerji təhlükəsizliyində, ətraf mühitin qorunmasında, əhalinin rifah səviyyəsinin yüksəldilməsində əhəmiyyətli payının olduğu açıq şəkildə görünür.
Türkiyədən Azərbaycana investisiya qoyuluşlarında əsas sahələr qeyri-neft sektorudur. Türk şirkətlərinin Azərbaycanda əsas fəaliyyət sahələri inşaat, informasiya-rabitə, maliyyə və sığorta, qida istehsalı, nəqliyyat, tekstil sektorlarıdır.[8] Maliyyə-sığorta sahəsində Türkiyə mənşəli investisiyalara Azərbaycan Sənaye Bankı, Ziraat Bank Azərbaycanı, Azər-Türk Bankı nümunə göstərilə bilər. Neft-qaz sektorunda isə Türkiyənin, Azərbaycanda Azəri-Çıraq-Günəşli, Şahdəniz, Kürdaşı və Alov kimi layihələrdə tərəfdaşlığı misal göstərilə bilər.
Azərbaycan-Türkiyə arasındakı investisiya qoyuluşlarının həcmini artırmaq üçün geniş potensial mövcuddur. Bu amillərdən biri Naxçıvanla quru yollarının açılmasıdır. Belə ki, Naxçıvanla nəqliyyat dəhlizinin, tarixi Ələt-Culfa dəmiryolu xəttinin bərpası və bu dəmiryolunun Azərbaycan və Türkiyə arasında imzalanan memorandumda[9] nəzərdə tutulan Qars-İğdır-Culfa dəmir yolu xəttinə inteqrasiyası ilə gələcəkdə vahid nəqliyyat-logistika şəbəkəsi qurula bilər. Bu nəhəng layihə ilə Azərbaycan və Türkiyə Avropa və Asiya arasında fasiləsiz daşınmaların həyata keçirilməsinin əsas tərəfdaşları olacaq ki, bu da hər iki ölkəyə investisiya qoyuluşları arta bilər.
Regional layihələr
Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələr həm də çoxtərəfli strateji əhəmiyyətli əməkdaşlığı əhatə edir. Bu özünü daha çox enerji-nəqliyyat qovşaqlarını nəzərdə tutan layihələrlə büruzə verir. Bu layihələr 1994-cü ildə “Əsrin Müqaviləsi” ilə qəbul edilən neft axtarış-kəşfiyyat işləri ilə başlayıb, sonrakı illərdə isə genişlənib. Azərbaycan və Türkiyənin də tərəfdaş olduğu nəhəng regional layihələrə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP və TAP misal göstərilə bilər. Bu layihələr regionda iqtisadi inteqrasiyanın güclənməsi, enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.Bu beynəlxalq nəqliyyat və enerji layihələri Azərbaycan və Türkiyənin regionda mövqeyinin güclənməsində, beynəlxalq daşınmalarda məsafə və daşınma müddətinin qısaldılmasında strateji əhəmiyyətinin artmasında, regional enerji təhlükəsizliyinin təminatında, bu ölkələrin tranzit və ticarət əməliyyatları ilə yanaşı digər sahələrdə gəlirlərin artımında, məşğulluğun həllində və əhalinin rifahının yüksəldilməsində əhəmiyyətlidir.
Bakı-Tbilisi Ceyhan
2005-ci ildə açılışı edilən Heydər Əliyev adına Bakı-Tbilisi Ceyhan (BTC) əsas ixrac boru kəməri beynəlxalq enerji dəhlizlərinə çıxışda və Qərb ölkələrinin eneji təhlükəsizliyində Azərbaycan və Türkiyənin əhəmiyyətini artırır. BTC tranzit keçid rüsumları, neftin satışı və saxlanmasından əldə edilən gəlirlə yanaşı, layihənin həyata keçirilməsində iştirak edən milli korporasiyaların inkişafında və nəticədə, hər iki dövlətin ümummilli məhsul həcmində artım yaradır. BTC-nin Türkiyə üçün digər faydalı tərəfi Ceyhan limanından neft tankerlərinin və anbarlarının istismarı və kirayəsindən əldə edilən gəlirdir. Ceyhan limanının strateji önəminin artması buraya investisiya cəlbini təmin edir. Layihənin uzunmüddətli olması (müqavilənin müddəti 2050-ci ilə qədər uzadılıb)[10] əhalinin məşğulluğunun təminatında davamlılığı vəd edir.BTC Qara dənizdə mövcud boğazların həddən artıq yüklənməsinin də qarşısını alır. Mövcud boru kəməri şərqdən gələn neftin daşınma yükünü Ceyhan limanı ilə paylaşmaqla Türkiyənin Dardanel və Bosfor boğazlarındakı ekoloji gərginliyi azaldır. [11]
Bakı-Tbilisi-Ərzurum boru kəməri
2007-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Ərzurum boru kəməri (BTƏ) Azərbaycan qazının Gürcüstan, Türkiyə və Yunanıstana ixracının həyata keçirilməsini təmin edir. Bu layihənin Azərbaycan və Türkiyə üçün əhəmiyyəti ilk növbədə bu ölkələrin təbii qazın Asiyadan Avropaya daşınmasında əsas tranzit ölkələrə çevrilməsidir. Bununla da ölkələr həm strateji mövqelərini, həm də iqtisadi rifah səviyyəsi və ölkə gəlirlərini yüksəldir. Bu həm Türkiyə-Azərbaycan, həm də bu iki ölkənin hasilatçı və istehlakçı ölkələrlə iqtisadi münasibətlərinin möhkəmlənməsi ilə nəticələnir.Bu boru xəttinin Türkiyə ərazisində çoxşaxəli boru sistemilə dəstəklənməsi Türkiyənin qaz istehlakının və enerji təhlükəsizliyinin təminatına şərait yaradır. BTC kimi bu layihə də qaz ixracatçısı və idxalçısı olan ölkələrə nəqliyyat alternativi yaradıb. Bu kəmər Türkiyənin şərq regionlarının inkişafında, buraya investisiya axınında və məşğulluğun təminatında mühüm rol oynayır.
Mənbə: https://azertag.az/en/xeber/TAP_and_TANAP_sign_agreement_for_cooperation-910439, giriş tarixi: 08.12.2020 |
Bu layihə Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi kimi 3 mühüm iqtisadi əhəmiyyətli ərazini əhatə edir. Bu bölgələrdəki ölkələrin iqtisadi inteqrasiyanın təmin edilməsi və bu inteqrasiyada Azərbaycan və Türkiyənin açar mövqeyində olmasına şərait yaradır.
Azərbaycan TANAP layihəsi ilə öz qazını dünya bazarına çıxara biləcək, Türkiyə isə etibarlı enerji koridoru olmaqla Avropa Birliyi üçün iqtisadi dəyərini artıracaq.Bakı-Tbilisi-Qars Dəmiryolu
2017-ci ildən istismarda olan Bakı-Tbilisi-Qars dəmiryolu xətti Azərbaycan ilə Türkiyənin, daha geniş miqyasda isə Avropa və Asiyanın birləşdirilməsini nəzərdə tutan layihədir. Layihə sərnişin və yük daşınmasının marağında olan İpək yolu üzərində yerləşən ölkələr üçün, nəqliyyat və daşınma xərclərinin və müddətinin aşağı salınması, eləcə də iqtisadi ticarət əlaqələrinin miqyasının artırılması baxımından önəm daşıyır.
Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi, Türkiyə və Azərbaycanın iqtisadiyyata integrasiyasını sürətləndirəcək, nəqliyyat xərclərinin aşağı olması səbəbi ilə bu iki ölkənin ixrac və idxalını stimullaşdıracaq və bu ölkələrə strateji üstünlüklər qazandıracaq. Bundan başqa, gələcəkdə Rusiya və İran arasında Şimal-Cənub nəqliyyat dəhlizinin, Bakı-Tiflis-Qars dəmiryolu xəttinə integrasiyası, region ölkələri başda olmaqla Çindən Avropaya İpək yolu üzərindəki bütün ölkələrə öz iqtisadi töhfəsini verəcək.
Yekun
Azərbaycan və Türkiyə arasındakı iqtisadi münasibətlər tarixi-mədəni yaxınlığa və qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır. İkitərəfli iqtisadi əlaqələrdə çoxşaxəlilik və intensivlik müşahidə edilir. Bu əlaqələr ticarət, investiya qoyuluşları və çoxtərəfli münasibətləri əhatə edən regional layihələrdə özünü daha qabarıq göstərir. Hazırkı iqtisadi tərəfdaşlıq həm Türkiyə və Azərbaycanın ölkə miqyasında, həm də region miqyasında nüfuzunun və iqtisadi gücünün artımında əhəmiyyətli rol oynayır. Türkiyə ilə sıx iqtisadi münasibətimizin böyük inkişaf potensialı vardır. Hər iki ölkə liderləri mövcud iqtisadi əlaqələrin inkişafı üçün böyük səy göstərir. Mövcud potensialın dəyərləndirilməsi hər iki ölkədə əhalinin rifah halının yüksəldilməsi, rəqabət sisteminin inkişafı, işsizliyin həlli, enerji təhlükəsizliyinin təminatı və ölkələrin makroiqtisadi dayanıqlılığı kimi məsələlərdə böyük səmərə qazandıra bilər.İstinadlar:
https://president.az/articles/35961; giriş tarixi: 04.11.2020https://president.az/articles/35963/print ; giriş tarixi 12.11.2020
https://president.az/articles/25217 ; giriş tarixi 12.11.2020
http://www.mfa.gov.tr/azerbaycan-ekonomisi.tr.mfa; giriş tarixi: 07.11.2020
http://www.socar.com.tr/docs/default-source/investor-relations/socar-t%C3%BCrkiye-%C5%9Firket-profili-2019.pdf?sfvrsn=ddba9060_12 ; “Socar Türkiye Şirket Profili Raporu 2019” giriş tarixi: 17.11.2020
http://www.socar.com.tr/star-rafineri.html; giriş tarixi : 17.11.2020
https://www.cbar.az/page-43/external-sector-statistics ; giriş tarixi: 04.11.2020
https://www.silkroadstudies.org/resources/pdf/Monographs/2005_01_MONO_Starr-Cornell_BTC-Pipeline.pdf ; giriş tarixi: 04.11.2020
E.Süleymanov, O.N. Aras – “Azərbaycan iqtisadiyyatı “, “Şərq-Qərb” Mətbəəsi: Bakı, 2016: 369
E. Bağırzadə - “İqtisadi Yazılar”, “Nurlar” Nəşriyyat: Bakı, 2020
E.Bağırzadə, “Azerbaycan-Türkiye Ortak Ekonomik Projeleri ve Bölgesel Yansımaları” 2014, 7 /26
Bakü-Tiflis-Ceyhan Petrol Boru Hatti’nin Türkiye Ve Azerbaycan Üzerine Etkisi, N.Amirova, Master Tesisi, Bursa, 2019
[1] https://president.az/articles/35961
[2] http://www.mfa.gov.tr/azerbaycan-ekonomisi.tr.mfa
[3] https://www.cbar.az/page-43/external-sector-statistics
[4] https://www.cbar.az/page-43/external-sector-statistics
[5] http://www.socar.com.tr/docs/default-source/investor-relations/socar-t%C3%BCrkiye-%C5%9Firket-profili-2019.pdf?sfvrsn=ddba9060_12
[6] http://www.socar.com.tr/star-rafineri.html
[7] http://www.socar.com.tr/docs/default-source/investor-relations/socar-t%C3%BCrkiye-%C5%9Firket-profili-2019.pdf?sfvrsn=ddba9060_12
[8] Suleymanov, Aras, 2016: 369
[9] https://president.az/articles/35963/print
[10] https://president.az/articles/25217
[11] https://www.silkroadstudies.org/resources/pdf/Monographs/2005_01_MONO_Starr-Cornell_BTC-Pipeline.pdf