Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » İtalyan tədqiqatçı: BMT qətnamələri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas hüquqi və siyasi çərçivədir

İtalyan tədqiqatçı: BMT qətnamələri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas hüquqi və siyasi çərçivədir

İtaliyanın nüfuzlu Corriere Della Sera qəzetinə bağlı məşhur EUROACTIVE portalının italyan versiyasında Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vincellinin “Dağlıq Qarabağ: Qafqazın Alto Adicesi” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə müəllif Daniel Pommier Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə vaxtikən Avstriya ilə İtaliya arasında mövcud olmuş Cənubi Tirol/Alto Adice münaqişəsini müqayisəli təhlil edərək, ukronik üslub vasitəsilə italyan oxucularını 90-cı illərin əvvəllərindəki İtaliyaya aparır və problemi italyan oxucusuna anlatmağın ən yaxşı üsulu kimi Cənubi Tirol/Alto Adice münaqişəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin inkişaf yolunu keçəcəyi halda baş verə biləcək hadisələri analogiya yolu ilə tətbiq etməklə təsvir edir.
“1992-1993-cü illər İtaliyasını xatırlayırsınız?! Bizim ölkəmiz o zaman Tangentopoli skandallarından, köhnə partiyaların dağılmasından, lirənin devalvasiyasından, mafiyanın hücumlarından, “Padania”nın separatçılığı təhdidlərindən təngə gəlmişdi”, deyən müəllif Cənubi Tirol/Alto Adice münaqişəsinin Ermənistan-Azərbaycan münaqişəsinin inkişaf yolunu keçəcəyi halda baş verə biləcək hadisələri belə təsvir edir:  “1992-ci ili təsəvvür edək, o zaman ki, Cənubi Tirol/Alto Adicenin alman dilli əhalisi separatçılıq çağırışlarından həyəcanlanaraq İtaliyanın suverenliyi daxilində olmaq deyil, Vyanaya birləşmək niyyətindədirlər. Əlbəttə ki, Roma buna qarşı çıxır, həm də ona görə ki, bizim Konstitusiya separatçılığın hər hansı formasını qadağan edir.”
“Etiraz və mütəmadi zorakılıqla müşayiət olunan bir mərhələdən sonra alman dillilər və italyanlar arasındakı münaqişə silahlı mərhələyə keçir. Vətəndaş müharibəsi başlayır və Tirollular Avstriya hökumətindən və qeyri-rəsmi də olsa Berlindən hərbi dəstək alırlar. Sonda bütün Trentino Alto Adiceni işğal edirlər və “təhlükəsizlik səbəbi”nə görə Veneto regionunu, eləcə də Belluno, Treviso, Vicenza və Verona əyalətlərini də işğal edirlər. İtalyanlar işğal altındakı ərazilərdən kütləvi şəkildə cənuba qaçmalı olurlar. İtaliya bir milyona yaxın məcburi köçkünü qəbul edir. 1994-cü ildə atəşkəs əldə olunur. Tirollular Avstriya və Almaniya da daxil olmaqla heç bir dövlət tərəfindən tanınmayan "Cənubi Tirol respublikası"nın yaradıldığını elan edirlər. Beynəlxalq ictimaiyyət İtaliyanın ərazi bütövlüyünü bir daha təsdiqləyir və tərəflər arasında heç bir fayda verməyən vasitəçilik etməyə cəhd edir. Onillər ərzində davam edəcək “dondurulmuş” bir münaqişə başlayır”, deyə D.Pommier hadisələrin sonrakı hipotetik gedişini təsvir edir.
Daha sonra qeyd etdiyi hadisələrin məhz Ermənistan-Azərbaycan münaqişəsi timsalında baş verdiyini və İtaliyanın başına gəlmiş ola biləcək hadisələrin məhz Azərbaycanda baş verdiyini vurğulayan D.Pommier fikirlərinə belə davam edir: “Bu kabus ssenarisi, bu alternativ zaman kəsiyində, Qafqazda Ermənistan və Azərbaycan arasında sözdə Dağlıq Qarabağ müharibəsində baş verənləri xatırladır; 1992-ci ildə başlayan və 1993-cü ildə silahlı qarşıdurmanın zirvə nöqtəsinə çatan və 1994-cü ilin mayında atəşkəslə dayanmış bir münaqişə. Bu, 26 il nəticəsiz danışıqlarla və mütəmadi toqquşmalarla davam edən münaqişə, 2020-ci ilin sentyabrın 27-də ən yüksək şiddət həddinə çataraq yenidən partlamış oldu.”
“Bizim xəyali ssenarimizin Qafqazda baş vermiş hadisələrlə və indi baş verənlərlə nə əlaqəsi var?! İctimai rəyin böyük əksəriyyətinin görməzdən gəldiyi və bir çox şərhçinin qaçırdığı nüans bu münaqişənin yalnız Dağlıq Qarabağla əlaqəli olmamasıdır. Belə ki, 1992-ci ilin mayından 1993-cü ilin noyabrına qədər ermənilər döyüş meydanında qalib gəldiyi zaman, onlar Dağlıq Qarabağla əlaqəsi olmayan və ərazi iddiasının tərkib hissəsi olmayan daha yeddi Azərbaycan rayonunu “təhlükəsizlik səbəbləri” bəhanəsi ilə işğal etdilər”, deyən D.Pommier münaqişə ilə bağlı mühüm məqamlardan biri kimi bir çoxlarının bilərəkdən “gözardı” etdiyi ətraf rayonların “təhlükəsizlik səbəbi” bəhanəsilə işğal edildiyini xüsusilə vurğulayır və “Dağlıq Qarabağdan daha böyük olan bu ərazilərdən təqribən 1 milyon insan qovuldu və Azərbaycan dünyada əhalinin sayı nisbətinə görə ən çox məcburi köçkünü olan ölkəyə çevrildi”, deyərək diqqəti azərbaycanlı məcburi köçkünlərin insanlıq faciəsinə yönəldir.
Daha sonra Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı mövcud beynəlxalq hüquqi çərçivəyə istinad edən müəllif BMT Təhlükəsizlik Şurasının qətnamələrinin bu xüsusda mühüm mənbə təşkil etdiyini bildirərək qeyd edir: “BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı qəbul etdiyi dörd qətnaməsini oxusanız, orada dörd sadə prinsipin ehtiva olunduğunu görmüş olarsınız: Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməlidir, Ermənistan silahlı qüvvələri bütün işğal olunmuş ərazilərdən çıxmalıdır, məcburi köçkünlər öz evlərinə qayıda bilməlidir və tərəflər münaqişəni ATƏT-in Minsk qrupu (o vaxt ATƏM) çərçivəsində ABŞ, Fransa və Rusiyanın rəhbərlik etdiyi həmsədrlik müstəvisində həll etməlidir. BMT qətnamələri beynəlxalq hüquq prinsiplərinin tətbiq edilməsini nəzərdə tutur və münaqişənin həlli üçün əsas hüquqi və siyasi çərçivə təşkil edir, əks halda isə bu, ən aqressiv millətçiliklə zəhərlənmiş ola biləcək bir münaqişəyə çevriləcəkdir. Qətnamələr tam şəkildə tətbiq edilməlidir: ərazi bütövlüyü, məcburi köçkünlərin geri qayıtması, beynəlxalq ictimaiyyət tərəfindən vasitəçilik. Madrid prinsipləri və ya başqa sözlə desək, Lavrov Planı da mərhələli bir yanaşmanı nəzərdə tutur və işğal altındakı ərazilərin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması şərtinə əsaslanır.”
Ermənistan tərəfinin müxtəlif müstəvilərdə istifadə etdiyi “arqumentləri”nə cavab olaraq, D.Pommier Sovet İttifaqı dağıldığı zaman, yeni dövlətlərə keçid üçün rəhbər tutulmalı olan prinsipləri təhlil edərək bildirir ki, “yeni dövlətlər yarandığı zaman beynəlxalq səviyyədə tanınmış yeni ölkələrin sərhədləri keçmiş Sovet respublikalarının sərhədləri ilə uyğunlaşdırılmalı idi. On beş keçmiş sovet respublikasından on beş yeni dövlət yaradılmalı idi. Bu prinsip pozulduqda, Krımdan Ukraynanın şərqinə qədər, Abxaziyaya qədər silahlı qarşıdurmalar, böhranlar, sanksiyalar, beynəlxalq qeyri-sabitlik yaranmış oldu. Beynəlxalq hüquq asimmetrik və ya rahatlığa görə tətbiq edilə bilməz.”
Sonda Ermənistan-Azərbaycan münaqişənin dinlə heç bir əlaqəsinin olmadığını vurğulayan D.Pommier Dağlıq Qarabağ münaqişəsi ilə Cənubi Tirol/Alto Adice münaqişəsi arasında müvafiq paralellər aparmaqla, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalı olduğunu qeyd edərək sözlərini belə yekunlaşdırır: “Şəxsən mən inanıram ki, maksimum beynəlxalq zəmanətlərlə Azərbaycanın suverenliyi daxilində Dağlıq Qarabağa və orada yaşayan icmalara muxtariyyət verilməsi ərazi bütövlüyü və sakinlərin öz müqəddəratını müəyyən etmə ehtiyacı baxımından tarazlıq nöqtəsi təşkil etmiş ola bilər”.
Məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq olar:
https://euractiv.it/section/mondo/opinion/nagorno-karabakh-lalto-adige-del-caucaso/?fbclid=IwAR2jpOkJj5lRstrqhjLyztYMhzF49aYrYsBpOKUM2YXU2vpIWYyeGvjfTLM

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.