Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » İtaliya mətbuatında Azərbaycan səfirinin Ermənistanın son hərbi təxribatlarına dair geniş məqaləsi dərc olunub

İtaliya mətbuatında Azərbaycan səfirinin Ermənistanın son hərbi təxribatlarına dair geniş məqaləsi dərc olunub

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın aparıcı kütləvi informasiya vasitələrindən olan “Formiche” qəzetində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, son hərbi təxribatlarına dair geniş məqaləsi dərc olunub. 
Diplomat məqaləsində bildirir ki, Ermənistan tərəfinin son aylardakı təxribatları bu gün baş verənləri təxmin etməyə imkan verirdi və hazırda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi şiddətli canlanma dövrünü yaşayır, Ermənistan silahlı qüvvələri bu saatlarda qəsdən və bilərəkdən Azərbaycanın mülki şəxləri və infrastrukturlarını hədəfə alır. Diplomat əlavə edir ki, son illərdə münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün var gücü ilə bütün səylərini əsirgəməyən bir ölkənin nümayəndəsi kimi hazırkı vəziyyətə səbəb olan hadisələrin tarixinə nəzər salmağa ehtiyac vardır.
“Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisi olan Qarabağın dağlıq hissəsidir. Qarabağ sözü iki Azərbaycan sözünün birləşməsindən ibarətdir: qara və bağ. Qədim zamanlardan Çar İmperiyasının işğalına qədər (1805-ci il, Kürəkçay müqaviləsi) bu bölgə bir neçə Azərbaycan dövlətinin, ən son isə Qarabağ xanlığının bir hissəsi olub. 1828-ci ildə Rusiya-İran müharibəsinin sonunda Türkmənçay müqaviləsinin imzalanmasının ardınca ermənilərin Cənubi Qafqaza, xüsusən də Azərbaycanın İrəvan (Ermənistanın indiki paytaxtı Yerevan) və Qarabağ xanlıqlarının ərazilərinə kütləvi şəkildə köçürülməsi başladı. Köçürülmə XX əsrin əvvəllərinə qədər davam etdi. Nəticədə, Azərbaycan ərazilərində Ermənistan dövləti yaradıldı və onun ərazisi sovet dövründə Azərbaycan torpaqları hesabına genişləndi. 1923-cü ildə Azərbaycanda Dağlıq Qarabağ Muxtar vilayəti yaradıldı və bu vilayətin inzibati sərhədləri elə müəyyənləşdirildi ki, orada ermənilər daha çoxluq təşkil etsinlər. Ermənistan isə bu ölkədəki azərbaycanlı azlığın muxtariyyət hüququnu tanımamaq bir yana, ona qarşı dözümsüzlük mühitini inkişaf etdirərək yerli azərbaycanlı icmasından qurtulmaq üçün əlindən gələni etdi. 1988-ci ildə Ermənistan Azərbaycana qarşı, bu dəfə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı yeni ərazi iddiaları irəli sürməklə yanaşı, Ermənistanda qalan son azərbaycanlıların (250 mindən çox)hamısını doğma torpaqlarından zorla qovdu”, deyə diplomat bildirir. 
M.Əhmədzadə qeyd edir ki, münaqişənin kökü ermənilərin Azərbaycan ərazilərinə köçürülməsində, eləcə də Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində muxtar vilayətin yaradılmasındadır. “SSRİ-nin dağılmasından sonra Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başladı, Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-ni işğal etdi və bu ərazilərdəki azərbaycanlılara (750 min-dən çox) qarşı etnik təmizlənmə siyasəti, azərbaycanlı mülki şəxslərə qarşı hərbi cinayətlər və Xocalı soyqırımı həyata keçirdi”, deyə diplomat fikirlərinə davam edir.

“Bu gün bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünümüz var və işğal olunmuş ərazilərdə bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan Azərbaycana qarşı təcavüzünü ört-basdır etmək üçün işğal olunmuş ərazilərimizdə “Dağlıq Qarabağ respublikası” adlanan, Ermənistanın özü də daxil olmaqla heç bir ölkə tərəfindən tanınmayan qondarma bir rejim yaradıb. Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin suverenliyini, ərazi bütövlüyünü və toxunulmazlığını təsdiqləyən və  Ermənistandan öz qoşunlarını işğal olunmuş ərazilərimizdən çıxarmasını və bütün azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını tələb edən və Ermənistanın məhəl qoymadığı  BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də daxil olmaqla çoxsaylı beynəlxalq sənədlər mövcuddur”, deyə M.Əhmədzadə vurğulayır.

Diplomat bildirir ki, bütün bunlara baxmayaraq, Azərbaycan son 30 ildə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqların müsbət nəticələnməsinə və diplomatik yollarla bölgədə sülhü təmin etməyə çalışıb, lakin Ermənistan istənilən irəliləməyə mane olub və bu illər ərzində danışıqları uzatmağa, münaqişənin həllini əngəlləməyə və status-kvonu saxlamağa çalışıb. 
“Ermənistandakı əvvəlki hərbi cinayətkar rejimin devrilməsi və Nikol Paşinyanın hakimiyyəti ələ keçirməsinə səbəb olan “məxməri inqilab”ın hadisələrin gedişatını dəyişdirə biləcəyinə ümidlər yaratsa da, daxili problemləri həll edə bilməməsi, inkişaf vədlərinə əməl etmək iqtidarında ola bilməməsi və qurduğu inqilabi diktaturaya qarşı narazılıqların artması fonunda Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın mövqeyini radikallaşdıraraq əhalinin diqqətini xarici məsələlərə yönəltməyə başladı”, deyə diplomat qeyd edir.
M.Əhmədzadə Paşinyan rejiminin təxribatçı addımlardan danışaraq, bu xüsusda, Paşinyanın danışıqlarda Azərbycanın işğal olunmuş ərazilərdəki qanunsuz rejiminin iştirakını tələb etməklə ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar formatını dəyişdirməyə istiqamətlənmiş uğursuz cəhdini, öz oğlunu işğal olunmuş ərazilərdə hərbi xidmətə göndərməsini, “Dağlıq Qarabağ Ermənistandır.” kimi açıqlamasını, Ermənistan müdafiə nazirinin “yeni ərazilər üçün yeni müharibə” təhdidi, cari ilin iyul ayında enerjidaşıyıcıların ölkəmizdən Avropa bazarlarına, xüsusən də İtaliyaya nəqli üçün strateji infrastrukturun keçdiyi Azərbaycanın Tovuz rayonundakı təxribatları, baş nazirin həyat yoldaşının iştirakı ilə işğal olunmuş ərazilərimizdə döyüş və atıçılıq üzrə təlim kurslarının keçirilməsini və Livandan olan ermənilərin işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırılması kimi məsuliyyətsiz addımlarını qeyd edib. Diplomat əlavə edib ki, bütün bunlar danışıqlar prosesinə ağır zərbə vurub, danışıqlar prosesinə xələl yetirib və əslində Ermənistanın danışıqlardan çəkildiyini iddia etməyə əsas verir. “Ermənistanın baş naziri danışıqlar üçün 7 absurd şərt irəli sürüb ki, onlar da qəti şəkildə Azərbaycan tərəfindən rədd edilib. Azərbaycanın yeganə bir şərti var: Ermənistanın silahlı qüvvələri BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunduğu kimi Azərbaycan torpaqlarından çıxmalıdır”, deyə M.Əhmədzadə bildirir.
Diplomat, habelə əlavə edir ki, bütün bunlardan başqa, son aylarda Ermənistan silah və hərbi texnika idxalını xeyli artırıb və hava hücumu sistemini intensiv şəkildə genişləndirməyə davam edib. Eləcə də, Ermənistan Müdafiə Nazirliyi ümummilli 100 min  “könüllü” döyüşçü qüvvələr yaratmaq planını açıqlayıb və son günlərdə Ermənistanın hərbi qüvvələrinin işğal olunmuş ərazilərdəki təmas xətti və iki ölkə arasındakı dövlət sərhədi yaxınlığında cəmləşməsinin davam etdiyi müşahidə olunurdu. M.Əhmədzadə qeyd edir ki, bütün bunlar Ermənistanın yeni bir müharibəyə hazırlaşdığını göstərirdi və bu günlərdə baş verənlər bunu açıq-aşkar sübut etdi.
“Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətə Ermənistanın yeni bir təcavüz aktına, müharibəyə hazırlaşdığı barədə xəbərdarlıq edib. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın Azərbaycana qarşı davamlı hərbi hücumu və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olması regional sülh və sabitlik üçün başlıca təhlükədir. BMT BA-nın 75-ci sessiyasının ümumi müzakirələri fonunda, dünyanın Covid-19 pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda, Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti avantüra və hərbi təxribata əl atdı. Ermənistan rəhbərliyi bu hərəkətləri ilə bir daha beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə hörmətsizlik nümayiş etdirdi”, deyə M.Əhmədzadə qeyd edir.
Hazırkı mürəkkəb dönəmdə Ermənistanın davamlı olaraq Azərbaycanın mülki obyektlərini hədəfə almasının qınanılmalı olduğunu deyən diplomat, Ermənistanın bu addımlarının Naftalan rayonun Qaşaltı kəndində iki uşaq da daxil olmaqla beş nəfərdən ibarət olan bütün bir ailənin həlak olmasına gətirib çıxardığını və Ermənistan silahlı qüvvələrinin 28 sentyabr tarixində səhər saatlarından etibarən Tərtər şəhərini atəşə tutduğunu, bu əməllərin müharibə cinayətləri olduğunu və beynəlxalq birliyin Ermənistanın bu hərəkətlərini qınamalı olduğunu bildirib.
Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa və ədalətə əsaslandığını və 30 ildir ki, Azərbaycan xalqının böyük bir haqsızlığa, Ermənistanın hərbi təcavüzünə məruz qaldığını bildirən diplomat vurğulayır ki, Azərbaycan Silahlı Qüvvələri hazırda Ermənistanın hərbi təcavüzünün qarşısını almaq və təmas xəttinə yaxınlıqda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün özünümüdafiə hüququ və beynəlxalq humanitar hüquqa tam uyğun olaraq əks-hücum və cavab tədbirləri həyata keçirir. 
“Azərbaycanın Silahlı Qüvvələri Azərbaycanın ərazi bütövlüyünü qorumaq və müdafiə etmək üçün bizim torpaqlarımızda döyüşürlər. Azərbaycanın digər ölkələrin ərazilərində hədəfləri yoxdur. Soruşmaq lazımdır ki, erməni əsgəri bizimtorpağımızda nə edir? Erməni ordusu bizim torpağımızda nə edir? Ermənistan işğalçı bir ölkədir və bu işğala son qoyulmalıdır. Münaqişəni həll etməyin yalnız bir yolu var. Ermənistanın işğalçı qüvvələri Azərbaycan ərazilərindən çəkilməlidir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Başqa bir həll yolu yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi “Biz ədalət yolundayıq. Qarabağ Azərbaycandır!””, deyə diplomat fikirlərini yekunlaşdırır.
Məqaləyə keçid aşağıdakı link vasitəsilə mümkündür: 
https://formiche.net/2020/09/azerbaigian-ambasciatore-ahmadzada/?fbclid=IwAR3HZDsKCV3y0BGSLewtpWv_jVkZJA6J7omPnsHB4BpjhozC4OummaT5Cv0

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.