Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Təranə VAHİD H E K A Y Ə L Ə R

Təranə VAHİD H E K A Y Ə L Ə R

GÖY ÜZÜ QANAMIŞDI
...yaddaşı iri qırxayaq kimi üstünə yeriyirdi... 
O lənətə gəlmiş qırmızı bulud göyün üzünə gələndə çox qorxmuşdu. Qaçıb daldalanmaq, bu qırmızı buludun xəta-balasından uzaq durmaq istəmişdi. Ürəyinə dammışdı, bu bulud adi bulud deyildi,  başlarına gələcək fəlakətlərin, müsibətlərin, olacaqların son işarəsi, xəbərçisiydi. 
Bunları düşündükcə başı dumanlanır, ağaclar, sal daşlar gözündə əriyib əyilir, qulağına qorxulu səslər dəyirdi. Qırmızı buludun gözündən oğurlanıb daldalana bilsəydi... 
Başını qaldırıb göyə baxdı, sonra  içindəki qorxu  əlinə-ayağına dolaşa-dolaşa  qaçmağa başladı. 
Arabir özünü toparlayıb geriyə, əslində, gözünün ucuyla göyə baxırdı. Qırmızı bulud ağzından alov çıxan əjdaha kimi üstünə yeriyirdi. Elə bil başqa dərdi-səri yoxuydu, qurbanı  bu mağmın bəndəsiydi.
Dərəni arxada qoyub təpəni aşdı, düzəngaha çathaçatda  dayandı, dumanlı başla ətrafa boylanıb sığınacaq axtardı. Gümanı uzaqdakı qaraltıya gəldi, xeyli qaçandan sonra qaraltının ağac olduğunu görüb toxdadı, yel kimi ağaca tərəf götürüldü. Qaçdıqca ağac böyüyür, böyüdükcə qorxunun içindən  ümid göyərirdi.
Çölün düzündə əl-qolunu göyə açıb pirə çevrilən qoca armud ağacı ona pənah gətirəni naümid qoymadı.  Ağacın gövdəsindəki koğuşu görəndə uşaq kimi sevindi, təpimiş dodaqlarının arasından sarı, çürük dişləri göründü. Barmaqlarını ağacın kələ-kötür koğuşuna sürtəndə nəmiş çürüntüyə toxundu. Burda gizlənsə, lənətə gəlmiş o bədheybət bulud onu axtarıb  tapa bilməyəcəkdi.  
Şimşək elə bil armud ağacının başında çaxdı, ağac titrədi, əvvəl keçiməməsi boyda iri yağış damcıları düşdü, sonra leysan başladı. Göydə sanki zəlzələ baş vermişdi. Göy yarılıb şaqqalandıqca ağac koğuşuna sığınmış Səfinin çənəsi əsir, qorxudan kəsik-kəsik nəsə deyib mızıldanır, arabir qorxuya üstün gəlib başını koğuşdan çıxarır, budaqların, yarpaqların arasından göy üzünə boylanırdı. 
Göy üzü mis rəngindəydi. Elə bil alışıb-yanan göy üzündən  iri alov dilimləri bu dəqiqə lopa-lopa yerə töküləcəkdi. Bu qorxunc mənzərədən bəni-biyaban səsini içinə salıb susmuşdu.
Səfi yaşlı adamlar kimi əlini üzünə çəkib salavat çəkmək istəyəndə ovcundan qan qoxusu gəldi. Eyməndi, əlini tez geri çəkdi.  Yerin-göyün kişnərtisindən yaddaşı indi-indi macal tapıb üstünə qayıdırdı. Yox, qayıtmırdı, iri qırxayaq kimi üstünə yeridikcə qırmızı rənglihadisələr kələf kimi bir-birinə dolaşırdı.
Atası əlindəki çatını havada yellədirdi, anası qorxaq baxışlarıylailan dili çıxarıb ərinə yalvarırdı:
– Bir qələtdi eləyib, başını daşa döyüb, olan olub...
Atasının gözlərini qan örtmüşdü. 
– Dəli köpəyin qızı, oğlun da sənə çəkdi, səy bir gədə doğdun, başımı yerə soxdun. İt oğlu it, kişinin arzusu varmış, arzularının dalınca gedəcəkmiş! 
Çatı havada fırlandı, anası Səfini qorumaq üçün özünü qabağa verdi, atası əlinin arxasıyla anasını kənara itələdi, çatı ilan kimi havada oynayıb Səfinin ortasına dolandı, Səfinin bağırtısı aləmi başına götürdü.
Anası ərinin ayaqlarına düşdü:
– Allah evini yıxsın, xəstə balanı öldürəcəksən?! – deyib əlini üzünə atdı.
Atası quduz it kimi dörd tərəfinə ağız atırdı.
Çatı havada açılıb-yığıldıqca Səfi bar-barbağırır, atasını söyür, arada imkan tapıb  “yaxşı eləmişəm, yaxşı eləmişəm” –deyib atasını cin atına mindirirdi.  Sonra nə olduğu yadında deyil. 
Səfi armud ağacının koğuşunda niyə bunları xatırlayırdı, niyə o qorxulu gün yaddaşında itib indi peyda olmuşdu. Yaddaşı niyə qaçmışdı, ona nə olmuşdu?
  İldırım haranısa vurdu, harasa zavala gəldi. Səfi ağacın koğuşunda sümüyünəcən yandı, büzüşdü, dodağı əsdi. Titrək səslə:
– Keşkə ildırım bu ağacı vuraydı, – dedi. 
Dedikləri ağlına batdı. Pişik cəldliyiylə birbaşa ağacın başına dırmaşdı. Göyə baxdı.  Göy üzü qan rəngindəydi. Var gücüylə bağırıb yerini nişan vermək istədi.  İri yağış damcıları başını göyə tutub ulayan Səfinin üz-gözünə yağdı, yaddaşına, narahat ruhuna yağdı. Səfinin qurumuş yaddaşı islandı.Damcılar axıb gözünün çuxurunu doldurub yanağı aşağı süzüləndə ağzını geniş açıb qırmızı buludun suyundan doyunca içmək istədi. İçinin odunu söndürə bilsə, qırmızı buludun suyu söndürəcəkdi.
Şimşək bu dəfə elə çaxdı ki, Səfinin çıxdığı ağac qanbağır olub titrədi. Nə sirri-xudaydısa bu dəfə Səfi qırmızı buluddan qorxmadı. Seyrək ağlı işıqlandı, ağlına gəldi ki, geriyə, gəldiyi  dərəyədönməlidi. Ağaca dırmaşdığı kimi, düşməyi də bir oldu. Əslində, Səfinin ağacın başına dırmaşmağı  möcüzəydi. Səfi hündürlükdən it kimi qorxurdu, ömründə bir kərə də olsun ağaca çıxmamışdı. Ağlı üstündə olsaydı, boynuna diri ilan da salsan, bu qələti eləməzdi. Səfi ağacın dibindəydi. Yağış get-gedə güclənirdi. Koğuşa girib nəfəs almaq istədi. Amma ağlı onu gəldiyi yerə – dərəyə çağırırdı.
Qırmızı buluddan yağan ağ yağış zehnini açmış, qorxusunu dağıtmışdı. Göyün hədə-qorxusuindi eyninə də deyildi. Var gücüylə yağışın altında qaçır, biçənəklər, kövşənlər, qarşısına çıxan kündə təpələr arxada qalırdı. Dərəyə çathaçatda dayandı. Bu yer ona tanış gəldi, nəyisə ona xatırlatdı. Gözü dərənin yuxarısındakı sıldırım ağ daşa sataşanda duruxdu, daşa qanlısı kimi baxdı. Bilmədi irəli getsin, yoxsa geri.
Göy bu dəfə yaxında yox, uzaqda, çox uzaqda guruldadı. Dağların seli-suyu dərəni yerindən oynatmışdı. Bir az da yuxarı qalxdı, zahmanın başında dayanıb bulanıq gözləriylə bulanıq selə baxdı.
Əlini üzünə çəkib şükür eləmək istədi, yenə ovcundan qan iyi gəldi. Yerə çöküb ovcunu yaş otlara sürtdü, sonra dərə aşağı yüyürüb suyun əl verdiyi yerdə əllərini bulanıq suda yorulub əldən düşənəcən yaxaladı. Kəndə qayıtmaq üçün bu dərədən keçməliydi. Keçə bilməyəcəyini bilirdi. Ağlının dar zolağında buna sevindi. Çevrilib dərə yuxarı çıxmağa başladı. Üst-başından su süzülürdü. Köhnə ayaqqabılarının altı surüşkən olduğundan sürüşür, arabir dizini yerə qoyub əlləri üstə yoxuşu dırmaşırdı.
Dikdirə çatanda doğma, çox doğma bir səs eşitdi.
– Allah sənə şükür, min şükür! Məni bu yaşımda, bu başımda bala qatili eləmədin. 
Atasının dediklərini eşidəndə yenə Səfinin ağlı qaçdı. Beyninin dar zolağı bir az dadaraldı, qırmızı başlı qara bir ilan yaddaşından şütüyüb keşdi. İlanın uzaqlaşmağıyla  zehninin işıqlıanması bir oldu. 
Qırmızı bulud üstlərinə gəlməmişdən əvvəl dərədəki ağ daşın yanında birdən-birə başı çönmüşdü. Hər dəfə tutması tutub kəndi bir-birinə qatanda atası onu mal damına salıb  şallaqlayar,uzun müddət  pəyədə  ac-susuzsaxlayardı. Səfi pəyədən çıxan kimi qonşusu Salmangilə gedib ağıllandığını deyərdi. Çubuqların ucunu yonqarlayan Salman kişi “ Sən onsuz da ağıllısan” – deyərdi. Elə sakit-sakit deyərdi ki, Səfi onun sözünə  inanardı.
Amma atası ona inanmadı… 
Ağ daşın yanında  halı birdən-birə  qarışandadəhrənin iti ucunu atasının boğazına dirədi...
Yox, dəhrə-filan yox idi, bu dəfə  odun qırmağa atasıyla gəlməmişdi.  İki gün əvvəl ağlı yerindən oynamamışdı, günortayacan kəlçələri otarıb tələsik evə qayıtmışdı. Quzu Bəbirdən eşitmişdi ki, bu gün El yolundan köç keçəcək. O bu fürsəti əldən verməyəcək, elatdan at alıb ən böyük arzusuna çatacaqdı. Ata minib dərdinin dərmanını axtarmağa gedəcəkdi. Aylardı ki, gözünün altıyla atasının yük yerində gizlətdiyi pulları hərləşdirirdi. Atası pul yığırdı ki, inişil Əmirin oğlunun qaçırdığı qızına cehizdən-zaddan alıb versin.  Atası bu pulu qəpik-qəpik yığmaq üçün dəridən-qabıqdan çıxırdı. Amma bunlar Səfinin vecinə də deyildi. Ağlı kəsəndən at istəmişdi. Qıvraq yerişli, ipək yallı, iri gözlü, qar kimi ağ rəngli  at. Bu at hardan ağlına girmişdi, hardan gedib-gələnyaddaşında yuva salmışdı, heş özü də bilmirdi. Amma uşaqkən   Yaxşınənəsi ona bir nağıl danışmışdı. Elə Səfi yaşda olan Xəstə Bilalın nağılını. Xəstə Bilal  bir gün qaşqa ata minib dərdinin dərmanını axtarmağa gedir. Gedir, gedir, gedir və dünyanın qutardığı yerdə günəş rəngli bir çiçək tapır. Çiçəyin ətri bütün xəstəlikləri Bilalın canından qovub çıxarır. Bilal qaşqa atın belində kəndlərinə qayıdanda kimsə onu tanımır. Necə tanısınlar, axı Bilal çolaq, xəstə bir uşaq idi. Amma indi yanağından qan damırdı, boy-buxunu göyəcən millənmişdi, yumruğu sal daşı ikiyə bölürdü. Kəndin ən gözəl qızı Süsən də o gün Bilala könül verir. Sonra da qırx gün, qırx gecə toyları olur. 
Nənəsi nağılın bu yerində köks ötürərdi. Axı onun toyu olmamışdı, Səfinin yekəpər babası onu bostandanca götürüb qaçırmışdı. 
Səfi bu nağılı nənəsinə o qədər danışdırmışdı ki, yazıq arvad nağıla bir düjün əhvalat qoşmuşdu. Səfi seyrək ağlıyla hər şeyə inanırdı, amma bu nağıla elə inanmışdı ki, bu inam yaddaşında kök atıb ruhuna qarışmışdı. 
Amma hər dəfə ağzını açıb atdan söz açanda atası  “bircə atımız çatmır” – deyib  Səfinin ağzından vurmuşdu. Anası da oğlunu kiritmək üçün “başına dönüm, heç inəyimizə ot-ələf tapmırıq, at bilirsən bir gündə nə qədər ot yeyir?” – deyib onu qorxutmaq istəmişdi. 
– Nə qədər? – deyib Səfi gözünü anasının üzünə dikmişdi. 
– Bir taya.
Bu cavab Səfini qorxutmuşdu. Elə qorxutmuşdu ki, uzun illər içindəki at xəyalını qovub özündən uzaqlaşdırmışdı. Hər gün bir taya ot yeyən heyvandan kim qorxmaz ki? Amma illər sonra Yaqubgilin, Lətifgilin atlarının çox az yediyini görmüşdü. Bir qışa bircə taya yemişdi qonşuların atları. Başa düşmüşdü ki, anası onu başından eləmək üçün belə deyib.
İndi yekə kişiydi, 17 yaşı vardı, at istəyirdi, istəyirdi ki, ata minib getsin, uçub gedən ağlını tapıb gətirsin.
…Allahdan evdə kimsə yox idi. Səfinin barmaqları yükün altındakı pula toxunanda bədəni çimçəşdi. İstədi əlini geri çəksin, duruxdu, istəyi qorxusuna üstün gəldi. Pulu götürüb tələsik cibində gizlətdi. Ora-bura baxa-baxa El yoluna yollandı. El yolu kəndlərindən xeyli aralıydı.Səfi dikdirləri, dağları quş kimi aşırdı. Payızın son ayı olduğundan köçlər arana yollanırdı.
Səfinin gözləri ilxıya sataşdı. Ağ, qırmızı atlar alov kimi işıq saçırdı. Səfi burnunu çəkə-çəkə elatın başçısını soruşdu. Eşmə bığlı adamı nişan verdilər. Başqa vaxt olsaydı, Səfi bu bədheybət adamdan qorxar, dil-dodağı quruyardı. AmmaSəfi çal bığlı, həbəş dodaqlı adamdan qorxmadı. 
Barmağını sürüyə tuşlayıb:
– O ağ atı istəyirəm,– dedi.
Eşməbığ adam Səfinin təhər-tühərindən bir şey anlamasa da, gözündəkiişartısını  görüb: 
– Pulun var? – dedi.
Səfi əl atıb cibindəki dəsmala bükülü pulu top çıxarıb adama uzatdı. Sövdələşmə baş tutdu.Atın başına noxta salıb Səfiyə verdilər.
Səfi heç vaxt ondakı qədər xoşbəxt olmamışdı, elə bil ürəyi qıdıqlanırdı, ayağı yerə dəymirdi, atın başını çəkə-çəkə öz-özünə danışır, gülür,  arada fit çalırdı. Yol boyu payi-piyada getdi, qıyıb ata da minmədi. Gör neçə illər bu iri gözlü, ipək yallı, ağ atın yolunu gözləmişdi. Bircə Allah bilirdi ki, Səfi bu atı nə qədər arzulayıb, gecələr neçə dəfə atdan ötrü gözünün yaşını töküb.
Səfi kəndə qayıdırdı, qayıdırdı ki, atına yəhər alıb minib getsin buralardan. Uçub gedən ağlını tapıb Bilal kimi sağalıb geri dönsün. Gözükölgəli anasını atasının danlağından qurtarsın, məhəllədəki pis uşaqlar ona söz atmasın, xırda qızlar onu görəndə əllərini ağızlarına aparıb gülməsin, eh, Səfinin o qədər dərdləri vardı ki… Amma bir şey qalmamışdı, Səfi azrularının dalınca gedəcəkdi…
Dərədən keçəndə at başını uzadıb xeyli su içdi, Səfi heş vaxt heç kimə demədiyi sözləri utana-utana atına  pıçıldadı:
– Başına dönüm sənin, mənim yaxşı atım. 
At narahat-narahat fınxırıb Səfinin sözlərinə məhəl qoymadı…
…Atası ağ atı həyətlərində görəndə… Səfinin yaddaşı yenə qarışdı. Atası əvvəlcə evə qaçdı.Hə, qaçdı,  sonra güllə kimi özünü həyətə atdı, səsi titrəyə-titrəyə, “az, Həmayıl, pul yerində yoxdu” – dedi. 
Əlində ələk tutmuş anasının sifəti un kimi ağardı.
– Nə danışırsan, a kişi? Dəli olmusan, nədi?
– Yoxdu da, ay evi yıxılmışın qızı, yoooxdu! 
Atası məsələni anlayanda onu çatıyla döydü, amma ürəyi soyumadı,  bir də özünü evə təpdi. Əlində təklülə  geri qayıdanda anası əl atıb başını yoldu. Güllə açıldı, Səfinin ürəyi ayağının altına düşdü. Səfi dönüb qorxulu səslər çıxaran atına baxdı.Dördgöz olmuş at,  fınxırıb şahə qalxmaq istədi, dizləri büküldü, başından qan bulaq kimi fışqırıb hər tərəfi qana boyadı. Sonra böyrü üstə yerə yıxıldı, bağlandığı dirəyin üstünə aşdı. Səfi olanları görürdü, amma gördüklərini ağlına sığışdıra bilmirdi. Əli-ayağı qurumuşdu. Handan-hana qurumuş ayaqlarıyla özünü atın üstünə atdı. Atın bütün bədəni tir-tir titrəyir, qorxu saçan gözlərində Səfinin arzuları dalğalanır, at Səfinin gözündə, Səfi atın gözündə ölürdü…
Qonum-qonşu səsə gəlmişdilər. Heç kim dinmirdi, hamı ölümə tamaşa eləyirdi, Səfi də ölən atı kimi titrəyirdi. Sonra kölgə kimi adamların içində əriyib yox oldu…
…İndi atası ilə üz-üzə dayanmışdı. Ağlının dar zolağından işıldaqurdu kimi işıqlar sayrışırdı.Atası burda nə gəzirdi? Atası onun arzularını öldürmüşdü, o da atasını öldürəcəkdi. Öldürəcəkdi, sal daşın yanında, odun kəsdikləri dəhrəylə...Soyuqdan qızarmış əllərini qorxa-qorxa ağzına apardı. Əlindən qan iyi gəlmirdi,  yaş otun zərif qoxusu gəlirdi.
- Qorxdum, başına bir işin gələcəyindən, səni itirəcəyimdən qorxdumİki gündü çölü-biyabanı qarış-qarış gəzib səni axtarıram. Lənətə gəlsin o pulları, sənə at alacam, yaxşı bir at alacam. Gedək evimizə, anana yazığın gəlsin.
Səfi ağlayırdı, zülüm-zülüm ağlayırdı. Göz yaşları tüklü üzüylə diyirlənib boynuna-boğazına, qoynuna tökülür, atası günahkarcasına susurdu.
Birdən elə bil atası diksindi, əlini köhnə pencəyinin cibinə salıb bir ovuc quzuqulağı çıxarıb Səfiyə uzatdı.
Atasının ovcunda Səfinin ölmüş arzularının qanı vardı. Səfi başını qaldırıb göyə baxdı. Qırmızı bulud Atasının əlindəki qanı yuya bilməmışdı, qırmızı bulud atın çapıb getmişdi...
DURNA ADAM
... Yaddaşını küləklər  daradıqca  sümüyü sürmə olmuş anasının həzin laylasını eşidir, iki yaddaş arasında nə edəcəyini bilmirdi...
Əlif kişi payızda sümüklərini şaqqıldada-şaqqıldada evdən həyətə çıxar, köhnə kötüklərdən birinin üstündə oturub özünü guya günə verərdi. Belə vaxtlarda hardansa bir durna qatarı qaqqıldaşa-qaqqıldaşa kəndin, həm də elə payızın üstündən ötüb keçərdi. Əlif kişi başını qaldırıb  pıçılğanlı gözləriylə göydə durna qatarını axtarar, koruş gözləri qara kölgələrdən başqa bir şey seçməzdi. Dişsiz ağzını marçıldadıb  “Allahın altında dönüb durna olaydım. Qoşulaydım bu qatara, gedəydim dünyanın axırına.  Ax, ax...” –  deyib uzun-uzadı ah çəkərdi.
Bu dəfə də payız qapının ağzını kəsdirib alabəzək qanadını kəndin üstünə sərmişdi. Əlif kişi kötüyün üstündə oturub cani-dildən, ürəyinin lap dərinliyində insanlıqdan üz döndərib durna olmaq istəyirdi. Çox istəyirdi, lap çox istəyirdi eyyy....
Duaları eşidildi, əvvəl ruhu titrədi, yer-göy birləşdi, qoca, heysiz  bədəni qayış kimi bərkidi, uzunboyun, uzunayaq, uzundimdik ağbaş durnaya çevrildi. Bircə yaddaşı üstündə qaldı, insan yaddaşına bir az da durna yaddaşı qarışdı. Kötüyə söykəli əl ağacı sürüşüb yerə düşəndə başı dən yeməyə qarışmış toyuq-cücə həyətdəki yad quşu görüb səs-səsə verdi.
Əlif kişinin gəlini Firəngiz  səs-küy eşidib başıalovlu həyətə qaçdı. Kötüyün üstündəki durnanı görəndə əlini ağzına aparıb qıyya çəkdi:
  • Boooyyy, bu durna hardan  gəlib çıxdı?! 
Arvadının səsi evdə mürgü döyən ərini diksindirdi. Nəcəf arvadının keçmiş-keçəcəyini söyə-söyə eşiyə çıxdı. 
– Az, noolub, ay naxırçı Güləhmədin qızı, dünyamı dağılıb? 
– Ə, noolajax, durniyə, bax, durniyə. Dimdiyinin uzunluğuna bax, ayaxlarına bax, dədənin evi yıxılsın, durna yeyəsi!
Nəcəfin gözləri ov görən çalağan kimi parıldadı. Pıçıltıyla:
  • Az, səs salıb ürkütmə - deyib dalı-dalı geri çəkilib evə keçdi. Yan otağın pəncərəsini açıb eşiyə çıxdı, odunluğa gedib oduncaqların arasından əlinə keçəni götürüb  pişiksayağı yerişlə durnaya yaxınlaşırdı ki, oğlu Hikmət hardansa peyda olub quşun qənşərində dimdik dayandı:
  • Nətəhər də babama oxşayır, - deməyi ilə Nəcəfin salvanı qolazlamağı bir oldu. Salva durnanın başının üstündən vıyıltıyla keçib qızılgül koluna ilişdi.
Durna  göz qırpımında havaya qalxdı.
Nəcəf durnanın dalınca gücü gəldikcə bağırıb, yağlı bir söyüş söydü.  Hikmət gözlərini qıyıb mırıq dişlərinin arasından:
– Getdi - dedi.
Firəngiz  əlini-əlinə vurub:
  • Yediz!!! – deyib şaqqanaq çəkdi.
Nəcəf donquldana-donquldana evə keçdi, Hikmət gördüklərinin üstünə beşini də qoyub danışmaq üçün məhlə uşaqların yanına qaçdı. 
Gödək payız günü dağın dalına keçib itdi, axşam düşdü. Evin külfəti malı-qoyunu, toyuq-cücəni, iti-pişiyi rahatlayandan  sonra evə yığışdı.
Əlif kişinin yoxluğu da onda üzə çıxdı. Kişinin taxtın üstündəki bomboş yeri, söykəndiyi ipək mütəkkəsi, kəhrəba təsbehi, yay-qış üstündən düşməyən dama-dama köhnə şalı elektrik işığında birtəhər göründü.
Birdən-birə hamı narahat oldu, Firəngizin  rəngi qaçdı. Günahkarcasına:
– Balam, hara getmiş olar bu kişi? - deyib çiyinlərini çəkdi.
Nəcəf gözünü oğlunun, arvadının üzündə gəzdirib dilxor-dilxor:
– Bax, düzünü deyin ha, birdən kimsə xətrinə dəyər kişinin, Allaha and olsun evi başınıza uçuraram! – deyib səsini qaldırdı.
Evdəkilərin ağızlarına su alıb durmaları onu təbdən çıxardı.
– O boyda kişi iynə olub samanlıqda itmədi ki?!
Firəngiz gözlərini çıpıb deməyə söz tapmadı.
Hikmət həyətə qaçdı, bir azdan Əlif kişinin əl ağacı ilə qayıdanda kişinin başına qəzavü-qədər gəldiyi gün kimi aydın oldu...
...Əlif kişi iynə olmamışdı, amma quş olub göyə uçmuşdu. Göylərin genişliyi, rahatlığı, azadlığı ağlını başından almışdı. Qocalıqdan canı qurtarmış, işıqsız gözlərinə haradansa işıq axmış, nəfəsinin yeri genəlmış, ayaqları, qolları quş kimi yüngülləşmişdi. Uzun qanadları enib-qalxdıqca, ürəyində “İlahi, kərəminə şükür, bəxtimdə durna olmaq da varmış” – deyib Yaradandan dualarını əsirgəmirdi. Göylərdə süzdükcə ovuc boyda kənddə doğulub, yaşayıb, ölməyin necə kasad olduğunu düşünürdü. Pambıq tayaları kimi yumşaq buludlara baş vurduqca lələkləri dincəlir, tər-təmiz havanı ciyərlərinə çəkdikcə yaşamaq, yaşamaq istəyirdi.
Yuxarıdan yer üzü ovuc içi kimi aydın görünürdü. Göllər güzgüyə, çaylar mavi rəngli lentə, dağlar torpağı qoruyan keşikçilərə  bənzəyirdi.
Hansısa hiss, hansısa yaddaşı onu elə hey  səsləyirdi.
Əlif kişi nə qədər uçduğunu, nə qədər qanad çaldığını xatırlamır. Bircə onu xatırlayır ki, ay işığında ağ-qara səslər eşidib yerə endi. Çayın kənarında köç salmış durna dəstəsinə yaxınlaşdı.
Onun gəlişi köçə qarışıqlıq saldı. Durnalar ögey, yad baxışlarla pnu süzdü, durnabaşı açıqdan-açığa üstünə yeriyib çağırılmamış qonağı dimdikləyib qovmağa çalışdı. Əlif kişi bir ayağı üstə dayanıb  köçündən ayrı düşmüş qərib durna kimi boynunu bükmüşdü.
Durna köçü dalğalandı, durnalar pıçıldaşdı, deyəsən, nəşələrini pozmaq istəməyib ağbaş durnanı başına buraxdılar. Əlif kişi çaya enib göz yaşı kimi dupduru, aydın suda yuyunub-darandı,  çayın qırağındakı  körpə otlardan, qum dənələrindən çinədanına atdı, sal daşın üstünə qonub mürgü döydü. Sən demə, durnalar da yuxu görürmüş. Əlif kişi durna yuxusunda gördü ki, müdrik bir durna qanadının ucuyla torpağın üstündə xətt çəkib durnalardan soruşdu:
  • Kim deyər, xəttin o üzündə nə var?
Durnalardan biri:
  • Xəttin o üzündə torpaq var.
Bu cavab müdrik durnanı qane etmədi.
Başqa bir durna: ­
– Xəttin o üzündə yadlıq var. Ora sərhədin o üzüdür, ora mənə yaddır, ora təhlükəli yerdi, - dedi.
Müdrik durna razılıqla başını tərpətdi.
Sonra müdrik durna həmcinslərinə son tövsiyəsini verdi:
– Yaddaşınıza yazın, durna üç iqlim, üç sərhəd keçə bilər. Dördüncü sərhəddi keçən, geri dönməyəcək.
Sonra durnalar yox oldu, müdrik durna Əlif kişiyə bərk-bərk tapşırıldı ki, keçmişini yaddaşından silib atsın, durna olduğunu unutmasın.
Əlif kişinin yuxusunu durnaların səsi qırdı.
Durnabaşı uçub Əlif kişinin daşına  qondu, onu dimdiklədi, gözlərinin içinə baxdı, dəstəsindən ayrı düşmüş durnaya nədənsə qanı qaynamadı, ağbaş durnaya inanmadı. Bunu Əlif kişi də duydu, amma neyləyə bilərdi. Dünyanı görmək, ölkələrin üstündən keçmək üçün nələrdən keçməmişdi?
Durnabaşı sonda Ağbaş durnaya dəstəsinin sonunda yer verdi. Əlif kişi sevindiyindən rəqs etdi, zərif durna rəqsi...
Ay işığını yer üzündən yığışdıramda dəstə havaya qalxdı...
Uçuş zolağında  Əlif kişinin insan yaddaşıyla durna yaddaşı toqquşdu. İnsan yaddaşı onu keçmişə, durna yaddaşı gələcəyə səsləyir, iki yaddaşın arasında nə edəcəyini bilmirdi. Gün yarı olanda Durnabaşının xəbərdarlığını eşitdi:
– Hazırıaşın, bir azdan sərhədi keçəcəyik. Sərhədi keçəndə yaddaşımız silinəcək, keçmiş bütün sevinci, kədəri ilə heç olmamış kimi unudulacaq. Yeni yol başlayıb, yeni yaddaş yazılacaq!
 Əlif kişi eşitdiklərinə mat qalmışdı. O, keçmişi unutmaq istəmirdi, keçmiş onun içində ürək kimi döyünürdü.  İndi günəşli havaya, dadlı otlara, giləmeyvələrə görə yaddaşından keçəcəkdi? Kəndini, evini, ona doğma olan nə varsa hamısının üstündən xətt çəkəcəkdi? İnsan yaddaşını durna yaddaşına dəyişəcəkdi?
Əlif kişi ağ zolaqda – sərhəddin sərhədində dayandı. Bütün qəlbi titrəyirdi, bütün vücudu əsirdi, keçmişindən qaçmaq, keçmişindən ayrılmaq, keçmişini unutmaq ona ağır gəlirdi. Dəstə sərhəddən keçdikcə, yaddaşını itirirdi. Əlif kişi arzularının sərhədini keçsə də, Vətənin sərhədini keçə bilmədi. Yaddaşları silinən durnaların arxasınca uzun-uzadı, qanadları yorulanacan baxıb geri döndü.
Uçduğu yollar, keçdiyi sular, toxunduğu buludlar, dincəldiyi, nəfəsini dərdiyi torpaqlar ona nəğmə deyirdi. Əlif kişinin insan yaddaşını küləklər daradıqca çox-çox  uzaqlarda sümüyü sürmə olmuş anasının həzin laylasını eşidir, göz açdığı kənd, gəzdiyi torpaq, yaşadığı vaxt onun yolunu gözləyirdi.
Günlərlə uçub öz yurduna yağışlı-çiskinli bir gündə qayıtdı.
Əlif kişinin yoxa çıxmasından yeddi gün keçirdi. Yağışın altında kəndin evləri hüznlü, kədərli görünürdü. Əlif kişi uzun yoldan sonra ürəyi döyünə-döyünə köhnə kötüyün üstünə qondu. Möcüzə baş vermədi, Əlif kişi dönüb adam olmadı. Səhərəcən köhnə kötüyün üstündə bir ayağını götürüb, o biri ayağını qoyub mürgülədi. 
Səhəri gün ev sahibləri dəstəsindən ayrı düşən durnanı kötüyün üstündə görəndə çaşıb qaldılar. Üzünü tük basmış Nəcəf durnaya doğması kimi baxdı, Firəngiz qərib durnanı görüb ağlamsındı, Hikmət babasına oxşatdığı durnanın  boynuna sarılmaq istədi.
Əlif kişi əzizlərinin ürəyindən keçənləri anladı, kötüyün üstündən yerə enib dən yeyən toyuq-cücəyə qarışdı.
Nəcəf:
– Ona toxunmayın, madam ki, bu qapıya pənah gətirib, qoyun kefi istədiyi qədər burda yaşasın, – dedi.
Bir vaxtlar sahibi olduğu həyətdə durna kimi yaşamaq çətin olsa da, Durna Adam hər şeyə razı idi, təki keçmiş xatirələrinin həzinliyi, yaşadığı illərin ətri, yaddaşının sərhədləri pozulmasın.
Vaxt keçirdi, Əlif kişi hər payız köhnə kötüyün üstünə çıxıb köç edən durnalara baxır, adam olacağı günü gözləyirdi...

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.