Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Mərziyə SARVAN ŞEİRLƏR

Mərziyə SARVAN ŞEİRLƏR

Şəhid xəbəri

 Otuz illik həsrət yetişdi sona,

Bununçün igidlər qıydılar cana,

Zəfər bəxş etdilər Azərbaycana,

Yaşaya bilmədik,biz bu zəfəri,

Aləmə səs saldı,şəhid xəbəri..

 

Xain düşmən əməlindən qalmadı.

Qırxdörd gündən onlar dərsin almadı,

Atəşkəsə heç bir əməl olmadı,

Gecəni dan edib,açdıq səhəri,

Aləmə səs saldı,şəhid xəbəri..

 

Ürəkləri dağladılar,oydular,   

Anaları gözüyaşlı qoydular,

Gör neçə günahsız cana qırdılar,

Ah-nalə dolandı ,kəndi-şəhəri,

Aləmə səs saldı, şəhid xəbəri..

 

El-oba yığıldı qəm sorağına,

Büküldü igidlər,öz bayrağına.

Atalar dözmədi oğul dağına,

Ürək qaldırmadı bu cür xəbəri,

Aləmə səs saldı,Şəhid xəbəri.

 

Hər biri bir igid,bir dəliqanlı.

Kimisi ailəli,kimi nişanlı,

Haqqın dərgahında oldular şanlı,

Boğazlarda düyünləyib qəhəri,

Aləmə səs saldı şəhid xəbəri...

 

Necə amansızdır,insafsız zaman?

Tuş gəlib gülləyə üst-başı al -qan.

Çıxmışdı səfərə kimsəsiz oğlan,

Qara gəldi ,,Səbuhinin"səfəri,

Aləmə səs saldı, şəhid xəbəri...

 

Xəbər çatsın yatanlara,oyağa,

Çətin gündə ehtiyac var dayağa.

Vətən üçün ,hamı qalxıb ayağa!

Bir yumruqdur,xalqın hər bir nəfəri,

Aləmə səs saldı, şəhid xəbəri...

    20.09.2020.

Sığınmışam...

Yağış buludlardan çilənən kimi,

Qəlbimə çilənir qəm yağışları.

Hopur köklərinə yetim eşqimin,

Verir gözlərimə dəm yağışları.

 

Bir mədət axtarır   batan günəşdə,

Açılan sabaha ümüd bəsləyir.

Göy üzünü tutub qara   buludlar,

Axşamdan başlayıb yağış kəsməyir.

 

Qopur fırtınalar ,coşur tufanlar ,

Düşüb burulğana sevda gəmimiz.

Getdikcə burulğan dərinə çəkir,

Nə günah etmişdik hansı birimiz?

 

Şirin xatirələr,məhv olan günlər,

Bir həyat nağılı,bir acı bəstə,

Ölüm fərmanını özümüz verib

Atmışıq hər şeyi qismətin üstə.

 

Könlümdə kök salan qışın sazağın,

İsti bahar mehi çəkər aradan.

Hər şeyi tək bilən,görən də odur,

Sənə sığınmışam uca Yaradan!

                    19.11.2022.


Yaman yorur yollar məni...

 Ömür keçir,saç ağarır,

Tanıdıqca ellər məni.

Artıq dözmür,çətinliyə

Yaman yorur yollar məni.

 

Arzularda kaş,olmuşam,

Məclislərdə baş olmuşam,

Bir bəlaya tuş olmuşam,

Aparacaq sellər məni...

 

Məhəbbətdə qəlbi,acam,

Bəlkə bir ad daşıyacam.

 Yaddaşlarda yaşayacam,

Danışacaq dillər məni..

 

Bir gün mənsiz gələr bahar,

Çiçək açar,bağça-bağlar.

O çiçəklər ətir qoxar,

Əvəz etməz güllər məni.

 

Ömür keçir ,saç ağarır ,

Yaman yorur ,yollar məni..

            21.11 .22.

Ana

Sənintək olmayıb candan yananım,

Dərdimi dərd edib məni duyanım,

Uzun gecələrdə oyaq qalanım...

Bütün həyatımı borcluyam sana,

Mənə həzin layla çalanım ana.

 

İşim düz gəlməyib qəmgin olanda,

Saralıb xiffətdən gültək solanda,

Gözlərim yaşarıb yaşla dolanda...

Çətin günlərimi yetirdin sona,

Kədərin cəngindən alanım ana.

 

Keçdim cığırları,aşdım bəndləri,

Dəfn etdim qəlbimdə bütün dərdləri,

Həyatdan əl üzmüş xatirələri...

Qoymadın buz tuta,hisslərim dona,

Ürəkdən qeydimə qalanım ana.

 

Yığışaq başına isti sacının,   

Şahidi olmayım ağrı-acının,

Qurbanı olaram o ağ saçının.

Dünya bir yanadır,sən də bir yana,

İzin ver ,başına dolanım, ana.

 

Bütün həyatımı borcluyam sana,

Mənə həzin layla çalanım ana.

             03.12.2022.

Olmadı

 Nəyinə güvənim mən bu dünyanın?

Axı mən istəyən dövran olmadı.

Min rəngə bürünmək istədim onu,

Sonda bir rəng oldu,Əlvan olmadı.

 

Çox oldu çətində-darda qaldığım,

Bir xəbər almadı,xəbər aldığım.

Xəstə günlərində dərman olduğum,

Mən xəstə olanda ,dərman olmadı..

 

Yaxşını yamana diz çökən gördüm,

Dindaram deyəni,mey içən gördüm,

Kimi ki,vicdandan dərs keçən gördüm,

Özündə heç zaman vicdan olmadı.

 

Yaxşı dediklərim sonda oldu pis,

Doğru bildiklərim,sonunda naqis,

Mələk sandıqlarım iblismiş-iblis,

İnsan bildiklərim,insan olmadı...

 

Nə istədim ki?..

Qulaq as qəlbimin həzin səsinə,

Biçarə aşiqin qəm nəğməsinə,

Eşqimin viranə bünövrəsinə,

Hörgü istədim də,nə istədim ki?..

 

Təmənna güdmədim mən bu dünyada,

Uğrunda çox şeyi vermişəm bada,

Bu sevən qəlbimdən aha,fəryada,

Silgi istədim də,nə istədim ki?

 

Kənardan boylanıb baxdım özümə,

Həyat yollarımda qalan izimə,

Dəyəri milyondan ağır sözümə,

Vergi istədim də,nə istədim ki?..

 

Üzüldüm saçımda görünən dənə,

Özümü sevdirə bilmədim sənə.

Demədim, dünyanın varın ver mənə,

Sevgi istədim də,nə istədim ki?..

            09.12.2022.


Baxdığım

 Yolumun üstə çıxdın,günəş doğdu birinci,

Söylədiyin kəlmələr,hər birisi bir inci,

Çıxıb,gedib ,apardın,qəlbimdəki sevinci,

Sellər kimi çağlayıb,çaylar kimi axdığım,

Gözləməkdən yoruldum,yollarına baxdığım.

 

Qəlbimdəki bu sevgi,çən,çisgin duman olub,

Gedişini demirəm,susmağın yaman olub,

Bəlkə də eşq saydığım,əvvəldən güman  olub.

Bulud kimi toqquşub,şimşək kimi çaxdığım,

Gözləməkdən yoruldum,yollarına baxdığım.

 

Necə oldu bu qismət,hardan çıxdın qarşıma?

Bu ayrılıq ,bu əzab nədən gəldi başıma?

Nə üçün zəhər qatdın,duzsuz,yağsız aşıma?

Can evimə od vurub,yandırdığım yaxdığım,

Gözləməkdən yoruldum, yollarına  baxdığım.

 

Gedişin elə   gediş,ordan gələn olmayıb,

Alovlanıb kül olub,dərddən ölən olmayıb.

Səninlə bir ölmüşəm,amma bilən olmayıb,

Həsrətin ağ çiçəktək saçalarıma taxdığım,

Gözləməkdən yoruldum, yollarına baxdığım(2)

 

                    13.07.2022.

 


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.