Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » PROFESSOR SEVİL XANIM MEHDİYEVA VƏ AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN TARİXİ

PROFESSOR SEVİL XANIM MEHDİYEVA VƏ AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN TARİXİ

Filologiya elmləri doktoru, professor, Əməkdar müəllim Sevil Hacı qızı Mehdiyeva deyəndə ilk öncə ağlıma  Azərbaycanın gözəl güşəllərindən biri Xəzər dənizinin ağuşunda yerləşən, bərəkətli torpağı, təmiz suyu, tanınmış ziyalıları ilə seçilən gözəl diyarımız Lənkəran şəhərində ziyalı ailəsində dünyaya göz açan  kiçik bir qızcığaz  gəlir.  Gözünü açandan Bakı şəhərində böyüyüb boya-başa çatan bu qızcığaz hazırda Azərbaycan ədəbi dilinin tarixi sahəsində tanınmış mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının Əmək veteranı Sevil xanım Mehdiyevadır.

Sevil xanım Bakı şəhər Nərimanov rayonundakı 57 saylı orta məktəbi uğurla bitirmiş, həmin  ildə də (1959-1960 dərs ilində)   o zamankı Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə daxil olmuş və həmin universiteti  bir sanballı diplom işi ilə bitirmişdir. Bu hal öz  zamanı üçün nadir  hadisə idi (adi qayda üzrə dövlət imtahanı da  vermək lazım idi). O, təkcə diplom işi yazmaqla universitet bitirmiş ilk müdavimlərdən olmuşdur. Sevil Nurəliyevanın  (bugünki Mehdiyevanın) yazdığı XIX əsr Azərbaycan ziyalılığının etalonu  ümumən Rusiyada və eləcə də Avropada şərqşünaslıq elminin yaradıcısı, şərq dillərinin bilicisi Moskva, Peterburq Universitetlərinin şərq dilləri üzrə professoru Mirzə Kazım Bəyin 1839-cu ildə  yazdığı “Türk –tatar dillərinin ümumi qrammatikası” əsəri və  “Azərbaycan dili” adlı diplom işi dövlət imtahan kommissiyasının ümumi rəyinə görə həqiqətən “mini dissertasiya” tələbləri səviyyəsində  idi.  Məhz bu məziyyətlərinə görə  tələbə Nurəliyeva (indi Mehdiyeva) Sevil Hacı qızını gələn dərs ilində Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsilini davam etmək tövsiyə edilmişdi, lakin tale yolu onu Respublika Elmlər Akademiyasına urcah etdi. 

         Sevil xanım bugünkü səviyyəyə çatmaq üçün, özü irəliləyən bütün insanlar kimi, enişli - yoxuşlu bir ömür yolu keçmişdir. 

  Hər seydən əvvəl onun 10 illik zəhməti bir erməni məkrinə qurban getdi: 10 ildə qazandığı qızıl medalı “Xalqlar dostluğu naminə” bir erməni qızına verildi... Lakin Tanrım ədalətlidir! Balaca Sevil həmin ildə də o zamanlar S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin  filologiya fakultəsinə daxil oldu! Onu hamı sevdi, xüsusən universitet müəllimləri! Uğurla Universiteti bitirdi, onu aspiranturaya məsləhət gördülər. Lakin tale Sevili Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna gətirdi.   Sevil xanım burada da öz zehmətkeşliyi ilə hamının hörmətini qazandı: 1975-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyasını müdafiə etdi, filologiya elmlər doktoru, professor vəzifəsinə ucaldı.

–Sevil xanım, 50 ildir ki, Akademiyada Dilçilik İnstitutunda  işləyirsiniz, xatirinizdə qalan hansı illərdir?

–Xatirəmdə ən çox qalan şöbənin müdiri kimi işlədiyim 17 ildir! Bu illəri   şöbə ilə birlikdə elə mobil işləmişik ki, o illərin hər dəqiqəsi yadımdadır:  bu illərdə Azərbaycan dili tarixi şöbəsi ən məhsuldar dövrünü yaşamışdır: bütün şöbənin aspirant və dissertantlarının  müstəqil monoqrafiyaları çap olundu: 10 monoqrafiya, buraya daxil olan “M. Füzulinin bədii əsərlərinin izahlı lüğəti”. (Bakı., 2014), (500 səh); Füzulinin dili (Məqalələr məcmuəsi). Bakı., Elm 1995; “Azərbaycan ədəbi dilinin tarixi” çoxcilidlik   I,II,III,IV cildlər. Bakı., 2007;   “Kitabi Dədə-Qorqud”un izahlı lüğəti”(280 səh.) Bakı., 1999; “Kitabi-Dədə-Qorqud”un dili (məqalələr məcmuəsi), (Bakı, Elm, 1999) və s. 

Bu dövrdə aspirantura yolu ilə gənc filoloqlar şöbəyə cəlb olunurdu, dissertasiya   yolu ilə mövzular Füzuli “Divanı”nın leksikası,Qazi Bürhanəddinin “Divanı”nın leksikası, “İ.Nəsimi dilinin frazeologiyası”, “İ.Nəsimi dilinin lüğət tərkibi”, “İ. Nəsimi dilinin   morfologiyası” (köməkçi nitq hissələri) və s. kimi Azərbaycan dilinin tarixi leksikologiyası, tarixi qrammatikasına aid  tədqiqatlara   üstünlük verilir, eləcə də  Azərbaycan folklor dilinin tədqiqinə aid araşdırmalar aparılırdı, ən maraqlısı o idi ki, sonuncular mədəniyyət tariximizin XVII -XVIII-XIX əsrlərdə katiblər tərəfindən  yazıya alınmış dastanların əlyazmaları əsasında aparılır (Bunlar əsasən mənim tədqiqatlarımdır), onların Azərbaycan ədəbi dilinin xəlqi əsaslar  üzərində zənginləşən inkişaf yolu izlənilirdi... 17 il müddətində şöbədə belə bir ənənə yaranmışdı: hər hansı bir dahi şairin  dilinin lüğətini və onunla bərabər həmin şairin dili və üslubuna aydınlıq gətirən  monoqrafiya da yazılırdı. Məsələn Dədə-Qorquda, M.Füzuliyə(həmin şairlərin yubleyləri ilə) aid belə tədqiqatlar çap olundu. Bunlar dövlət qərar və sərəncamlarının əks sədası olurdu.

 17 il müddətində dissertantura yolu ilə şöbədə alim 6, şöbədə 2 elmlər doktoru, şöbə xaricində4 fəlsəfə doktoru (elmlər namizədi) yetişdi. Mövzular isə bilavasitə Azərbaycan yazılı abidələri üzrə, xüsusilə klassik ədəbiyyatın  tədqiqatlara cəlb edilməsi ön plana çəkilirdi. Şöbədə qızğın iş gedirdi. Bu illərdən əvvəl, 80-ci illərin əvvəllərindən şöbədə dövlət planı kimi işlənilən “Azərbaycan dilinin tarixi lüğəti” yekunlaşdırılırdı...  

Beləcə şöbə işləyirdi.  Belə silsilə işləri İmadəddin Nəsiminin dili  üzrə də işləmək, növbəti işimiz idi.... Lakin xalqımızın dilində deyildiyi kimi, sanki qəfil bəlaya gəldik: şöbəni az qala bağlamaq qərarına gəldilər! Mən xalqımızı böyük xalq hesab edirəm və onunla fəxr edirəm ! Amma etiraf edək ki, böyük xalqların nöqsanları da böyük olur! Belə halda yenə də  möhtərəm prezidentimiz İlham Heydər oğlu Əliyev köməyimiz oldu: İmadəddin Nəsiminin 650 illiyinin Beynəlxalq səviyyədə keçirilməsi   və  2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında fərman imzaladı! Bu bizə qol-qanad verdi! Aspirantlarımla birlikdə  “Nəsimi: dili və üslubu” adlı irihəcimli monoqrfiyamızı öz şəxsi hesabımıza   çap etdirdik. Bu da bizim - Azərbaycan qadınlarının, şəxsən mənim təşəbbüsümlə -böyük şair İmadəddin Nəsimiyə öz adımdan, şəcərəm adından, xalqımız adından hədiyə! Hazırda işimizi davam etdiririk! Şöbənin planı ilə eyni vaxtda  doktorantlarımla birlikdə Azərbaycan ədəbi dili mücahidlərinin şair və yazıçılarının əsərləri üzərində tədqiqatlarımızı davam edirik. İnsallah, sağlığ olsun! 

Əslində Sevil xanım dil tarixçisi olmaqla, həm də dilçi-folklorçudur: onun  həm namizədlik (XVIII əsr Azərbaycan ədəbi dilinin orjinal yazılı abidəsi “Şəhriyar” dastanının dili ), həm də doktorluq (XVII-XVIII-XIX əsr) yazıya alınmış (Azərbaycan xalq dastanlarının dili), işləri  qatı açılmamış yazılı abidələrin tədqiqinə həsr olunmuşdur. Bu dastan-abidələrin həm də yazıya alınmış abidələşdirilmiş mənbələr olması haqqında ilk ədəbiyyatşünaslıq elmi məlumatları ədəbiyyatşünas alimlərimiz-mərhum akademik Həmid Araslı və professor Şamil Cəmşidov vermişlər. (Allah hər ikisinə rəhmət eləsin!) Bu dastan-abidələrin Azərbaycan ədəbi dili obyekti kimi onların ilk tədqiqatcısı  isə proffesor Sevil xanım Mehdiyeva olmuşdur. Bu ədəbi-mədəni hadisə Azərbaycan ədəbi   dili tarixində unikal bir ədəbi-bədii-mədəni hadisə olmuş və onun bünövrəsi XI əsrdə Dədə Qorqud eposunun yazıya alınması ilə qoyulmuşdur. Əski Azərbaycan  (qısa: ərəb əlifbası ilə) yazıya alınmış bu abidələri oxumaq  tədqiqatçıdan böyük səbr və dözüm tələb edir- bu isə  Sevil xanımda bu gün də var. Yazıya alınmış dastanlarımız “Şəhriyar dastanı (XVIII əsr) və XVIII-XIX əsrdə yazıya alınmış Azərbaycan xalq dastanlarının abidələşmiş (yazıya alınmış) variantları olması gənc alimdəki əski əlifbanın sirlərinə yaxından bələd olmağı  tələb edirdi: bu isə Sevil xanımda kifayət qədər olmuşdur...

 – Sevil xanım Mehdiyeva bu abidələrin linqvistik baxımdan ilk tədqiqatçısı olmuşdur. “İlk” olmaq hər zaman olduğu kimi, gənc Sevilin də qarşısında böyük çətinliklər yaradırdı , lakin elmə olan o böyük həvəs və istək gənc tədqiqatçını hər bir çətinliyə qalib gəlməyə kömək edirdi. Yerigəlmişkən, Sevil xanımın təbiətində olan o böyük dözüm və səbr ona qarşısına çıxan maneələrə qalib gəlməkdə kömək etmişdir. Bu haqqda ondan bunun səbəbini soruşanda, ona məxsus səmimiyyətlə:

Səbr təlx əst, ləlikən bare şirin əst!-deyir

– Sevil xanım! Axı həyatınız boyu Siz çox pisliklərlə, xəyanətlərlə qarşılaşmısınız və çox vaxt da  bunları cavabsız buraxmısınız?

       – O, “Mənim üçün həyatda insanın ləyaqəti hər şeydən üstündür...Mən ləyaqətimi qorumağa üstünlük vermişəm!?”-deyir.

Sevil xanım 1967-ci ildən bu günə kimi AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun, Azərbaycan dilinin tarixi şöbəsindndə baş laborant vəzifəsindən uzunmüddətli (17 il)   şöbə müdiri vəzifəsinə qədər elmi inkişaf yolu keçmişdir. Hazırda həmin şöbədə baş elmi işçi vəzifəsində öz elmi fəaliyyətini davam etdirir.      Sevil xanım pedoqoji sahədə də uğurla işləmiş və 2000-ci ildə səmərəli pedoqoji fəaliyyətinə görə ümummili liderimiz Heydər Əliyevin fəxri fərmanilə  “Əməkdar müəllim” adına layiq görülmüşdür. Onun Azərbaycan Dövlət Neft Akademiyasının rus bölmələrində tədris etdiyi, “Azərbaycan dili” fənni sözün həqiqi mənasında, azərbaycanşünaslıq və azərbaycançılıq məzmunu daşıdığından dinləyicilərin (tələblərin və Akademiyanın professor-müəllim heyətinin) böyük marağına səbəb olurdu. 

Sevil xanım Mediyeva bu gün tanımış alim və   səriştəli  elmi işçi olmaqla yanaşı,  özünəməxsus bədii söz sahibi kimi də tanınır. 2000-ci ildən   Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun “Sevil Nur” təxəllüsü ilə yazdığı oxucularının sevə-sevə oxuyub faydalandığı bədii yazıları kimi –“Ana”, “Xarı Bülbül” ! “Hardasan, “Dədə Qorqud!?, silsilə “Ağıları”, “Bayatılar”, “Anam deyərdi ki...”, “Nağıla bənzər ömür”, mərhum jurnalist qardaşına həsr etdiyi “Qardaşnamə”, şəhid-milli qəhrəman Mübarizə həsr etdiyi” “Mübariznamə” və s. həm də onu bir kamil bədii  söz sahibi kimi ictimaiyyətə tanıdır. O, institutun elmi və ictimayi işlərində yaxından iştirak edir,  Allah vergisi olan gözəl nitqi ilə həmişə dinləyicilərini özünə cəlb etməkdə  davam edir: Onun hər bir çıxışı, yaxud   elmi-bədii yazıları dinləyicini, oxucunu özünə cəlb edir, onu dinləməyə  sövq edir: onun respublika ali məktəbləri auditoriyalarından gələn “Sevil xanım, xahiş edirik  Siz danışın, biz Sizə qulaq asaq! Biz Sizi dinləməyi çox xoşlayırıq”!-müraciətləri onu dinləyənlərin məmununluğundan xəbər verir. 

Bədii sözə münasibətini isə Sevil xanım irsiyyətlə bağlayır:

– Mənə elə gəlir ki, insanda hər sey irsidir,  bədii sözə meyil də bizim nəsildə irsidir. Mənim  aləmimdə ən böyük yazıçı mənim rəhmətlik nənəm idi... Leyla xanım! O, bizə elə nağıllar, rəvayətlər danışırdı ki,...Bizim ailədə gözəl yazıçılar (xalq yazıçısı Gülhüseyn Hüseyn oğlu, istedadlı jurnalist Rzabala Nurəliyev və s) kimi tanınmış söz sahibləri olmuşdur. (Allah hər ikisinə rəhmət eləsin!)

Möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamına əsasən  Azərbaycan klassiklərinin ədəbi-bədii yaradıcılığı ilə bağlı İnstitutun keçirdiyi elmi konfranslarda  professor Sevil Mehdiyeva “M.F.Axundzadənin üslub novatorluğu”, “Xan qızı Natəvanın qəmli üslubu haqqında”, “Əkinçi” qəzetinin üslubi yenilikləri, habelə “İmadəddin Nəsiminin anadan olmasının  650 illiyinə, eləcə də “İmadəddin  Nəsimi   Azərbaycan ədəbi dilinin banisidir” kimi prinsipal məsələlərə həsr olunmuş Beynəlxalq elmi konfransda elmi məruzələrlə çıxışlar etmiş; onun dahi “Nizami Gəncəvi yaradıcılığında türk ruhu, türk məişəti haqqında”  silsilə məqalələrini dinləyiciləri, həmkarları böyük rəğbət hissi ilə qarşılamışlar. Bu günlərdə əlindən çıxardığı “Роль Шейха Низами в развитии и становлении новоперсидского литературного языка” irihəcmli məqaləsi  böyük azərbaycanlı türk oğlu Nizami Gəncəvinin yeni fars  ədəbi dilinin zənginləşməsində Şeyx Nizaminin   ağır  çəkili mövqeyinin açıqlanmasına  həsr etdiyi maraqlı işlərindəndir. 

Sevil xanımla ilk tanışlığım 2009-cü ilə - mənim doktoranturaya daxil olduğum illərə təsadüf edir.  Bu ziyalı, alicənab xanım  ilk baxışdan sərt görünsə də,  onu yaxından tanıdıqda içində böyük səmimiyyət daşıyan, sevgi dolu,  nəcib, həlim  və uşaq kimi acıq ürkəkli bir xanımı tanımış oldum. O gündən münasibətimiz səmimi və bitməyən bir sevgiyə çevrildi. Xüsusən son illərdə mənim talehimə çökmüş acı dəqiqələrimdə  o mənə itirdiyim əzizimi (Anamı!) xatırladır.          

  Sevil xanım öz doktorantlarına yalnız elmi rəhbərlik etmir, həm də onlara   ana kimi qayğı, sevgi, nəvaziş göstərir və daima dəyərli məsləhətlərini verir, onlara əlindən gələn köməyini əsirgəmir; ən əsası odur ki,  Sevil xanım bizə alimliklə bərabər, insan olmağı öyrədir, öz davranışı, öz tərbiyəsi ilə!  Sevil xanım dəyərli alim, tanınmış ziyalı olmaqla yanaşı, həm də gözəl ailə başçısı, mərhum,  əziz həyat yoldaşı riyaziyyat elmi üzrə istedadlı alim professor İsrafil (İsrail) Həsən oğlu Mehdiyevə həsr etdiyi, şeirlər, poemaları və memuarlar,  xatirələr  toplusu və s. yazıları...onu həm də İsrafil  müəllimə  etibarlı ömür-gün yoldaşı kimi səciyələndirir; onun üç qız övladı ona hər zaman baş ucalığı gətirir: Qızları ali təhsilli mütəxəssislərdir. Qızlarından ikisi Azərbaycan Tibb Universitetini bitirmiş və həkim kimi çalışırlar. Böyük qızı Afaq xanım isə   atası riyaziyyat üzrə professor, tanımış İsrafil Mehdiyevin davamçısı kimi fəaliyyət göstərir. Bu məqamda Həzrəti Məhəmməd peyğəmbərin gözəl bir kəlamı yadıma düşür: “Üç qız uşağı yetişdirən   bir ananın yeri cənnətdir”. Lakin   Sevil xanım  bu dünyada öz  cənnətini qazanmış  xanım Analardandır! Onun üç qız övladı-orta məktəbi qızıl medalla bitirərək seçdikləri  ən ağır peşələrə  (riyyaziyat elminə və həkim peşələrinə) qırmızı (fərqlənmə) diplom ilə yiyələnmişlər. Xalqımızın gözəl bir sözü var: ot öz  kökü üstə bitər! Sevil xanım şəcərə etibarilə Azərbaycanımızın Lənkəran mahalının tanınmış zadəgan nəslinə-Azərbaycan maarifinin babası Teymur bəy Bayraməlibəyovlar nəslindəndir. İctimai həyatda öz təlim-tərbiyəsi, insanlarla davranmaq qabiliyyətində  o əslzadəlik bu gün də Sevil xanımın  xarakterində qorunur. 

 – Mən həmişə çalışmışam ki, öz hərəkətlərimlə səcərəmə zərrə qədər də ləkə gətirməyim... Anam deyərdi ki, insan həyatda  addımlayarkən hər zaman keçmişin düşünməlidir, mən hansı nəsildənəm, kimin qızıyam, kimin oğluyam...

Sevil xanım bu məqama  çatmaq üçün illər boyunca göz nuru, əl əməyi  sərf etmiş, uzun mübarizələrlə çətin bir yol keçmiş və yetirmələrinə bu yolda səbrlə addımlamaq üçün bir cığır açmışdır. Bunun üçün sağ olun, Sevil xanım! 

Əlbəttə ki, Sevil xanımın elmi fəaliyyəti və  şəxsiyyəti   haqqında çox yazmaq olar. Mən qələmə aldığım bu yazıda  son olaraq onu vurğulamaq istəyirəm ki,  özümü çox şanslı hesab edirəm, ona görə ki, uca Tanrı məni həyat və elm yolunda belə bir   alimlə, elm fədaisi ilə sözün əsl mənasında vicdanlı, mərhəmətli , ari su qəlbli bir Xanımla  qarşılaşdırıb! Şükür Sənə, gözəl Tanrım!

   Deyirlər ki, arif  ömür yaşayanın yaşı üstünə yaş gəlməz. Hörmətli və dəyərli Sevil xanım! Mən Sizə ilk öncə can salığı, bu vaxta qədər yaşadığınız mənalı ömür yolunuzu elmi yaradıcılıq uğurları ilə davam etməyi  arzu edirəm. Və unutmayın ki həyatda Sizi sevənləriniz daha çoxdur! Ləyaqətiniz Sizə yar olsun! 

Sizə hər zaman böyük hörmət bəsləyən və Sizi sevə-sevə müşayiət edən yetirməniz...

                             

Türkan Əsgərova,  

filologiya üzrə fəlsəfə doktoru, dosent.

 

                                                      

 

 

 


Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.