Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Ağamusa Axundov və Azərbaycan dili məsələləri

Ağamusa Axundov və Azərbaycan dili məsələləri

 
 
XX yüzillikdəki Azərbaycan dilçiliyini yaradanların surətlərini gözlərimiz önünə gətirsək, xəyalımızda ilk növbədə dünyalarını dəyişmiş Bəkir Çobanzadə, Vəli Xuluflu, Heydər Hüseynov, Məmmədağa Şirəliyev, Muxtar Hüseynzadə, Əbdüləzəl Dəmirçizadə, Qulam Bağırov, Əkrəm Cəfər, Yusif Mirbabayev, Əliheydər Orucov, Fərhad Zeynalov, Abdulla Vəliyev, Zərifə Budaqova, Əlövsət Abdullayev, Vaqif Aslanov, Afad Qurbanov və başqa görkəmli elm, mədəniyyət, maarif xadimlərimizin (əlbəttə, bu hələ həmin dövrün tam siyahısı sayıla bilməz) nurlu simaları gəlib canlanardı. Biz buna tam əminik ki, bu unudulmaz elm və mədəniyyət nəhənglərini öz əsərləri, elmi irsləri zaman-zaman xalqımızın yaddaşında yaşadacaq, gələcək nəsillərə örnək kimi təqdim edəcəkdir.
Həyatda, tarixdə elə şəxsiyyətlər olublar ki, onlar əsl qiymətlərini müəyyən dövr, zaman, bəlkə də hətta bir neçə yüz il keçdikdən sonra alıblar. Bəzən belə də olur ki, xoşbəxtlik üzlərinə sağlıqlarında gülənləri də tapılır; öz sağlıqlarında el-oba, bütövlükdə xalq və dövlət səviyyəsində öz ləyaqətlərini, əsl layiqli yerlərini təsdiq edə bilirlər. Mən Azərbaycan MEA-nın həqiqi üzvü, dövlət mükafatı laureatı, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Ağamusa Ağası oğlu Axundovu sağlığında layiqli qiymətini alan şəxsiyyətlər cərgəsində hesab edirəm.
2012-ci ilin fevral ayının 2-də Ağamusa müəllimin 80 yaşı tamam oldu. Hörmətli müəllimimiz təmtərağı, rəsmiyyəti, şan-şöhrəti xoşlamasa da, onun xarakterinin xəmiri sadəlikdən yoğurulsa da, bu görkəmli elm və mədəniyyət xadiminin yubiley yaşına çatması mənim Ağamusa müəllim haqqında çoxdan yazmaq istədiyim ürək sözlərimi kağıza köçürməyimi sürətləndirdi.
Ağamusa Axundovu mən şəxsən 42 ildir tanıyıram. Ağamusa müəllim Azərbaycan dilçiliyini yalnız ölkəmizdə deyil, dünyanın əksər uzaq və yaxın ölkələrində – Yaponiyada, İranda, Türkiyədə, Misirdə, Almaniyada, Rusiya və Ukraynada, keçmiş SSRİ məkanındakı bütün türkdilli respublikalarda və habelə digər dövlətlərdə təmsil edən dünya şöhrətli dilçilərimizin öncüllərindəndir. O, həmçinin Türkiyə Böyük Millət Məclisi Dil Qurumunun həqiqi üzvüdür (2000).
...Ağamusa müəllim elmi yaradıcılığa başlamazdan əvvəl hələ lap erkən gəncliyində bədii ədəbiyyat və publisistika sahəsində ilk dəfə öz qələmini sınamışdır. Xoşbəxtlikdən bu gün bizim çiyin-çiyinə addımladığımız, hər gün görüşüb söhbətləşdiyimiz, həmişə, hər zaman elmi və həyati məsləhət, tövsiyə və öyüdlərinə ehtiyac və zərurət duyduğumuz nurlu simalardan biri kimi Ağamusa müəllimin də adını hörmətlə çəkirik.
Mən Ağamusa Axundov ad və soyadına 46 il əvvəl mərhum prof. Nəsir Məmmədovla birgə yazdıqları “Dilçiliyə giriş” dərsliyində rast gəlmişəm. Tələbəlik illərində biz M.Hüseynzadə, M.Şirəliyev, Ə.Dəmirçizadə, S.Cəfərovun, A.Qurbanovun kitab və dərslikləri ilə yanaşı A.Axundovun da kitablarından oxuyub öyrənmişik.
Ağamusa müəllimin mühazirələrini tələbə kimi dinləmək xoşbəxtliyi mənə nəsib olmasa da, onun elmi fikirlərini monoqrafiyalarından, kitablardan və şəxsi tanışlıqdan sonra isə özündən, məruzə və söhbətlərindən eşidib öyrənmişəm.
Mənim Ağamusa müəllimi özümə ustad, müəllim hesab etməyə mənəvi haqqım var (təkcə mənimmi?!). Axı o həm də mən doktorluq dissertasiyası yazarkən elmi məsləhətçim olub (1993).
Ağamusa Axundov dilçiliyimizdə ən gənc yaşlarında qazandığı təkrarsız uğurlara, nail olduğu yeniliklərə görə analoqu olmayan alimdir (olsa-olsa Ağamusa müəllimin nəticələrinin bir qismini ondan sonra təkrar edənlər də yetişibdir): 32 yaşında elmlər doktoru, 20 ilə qədər filologiya fakültəsinin dekanı, uzaq xaricdə Azərbaycan dili və ədəbiyyatı, türkologiya haqqında ingilis dilində məruzələr oxuması, bir çox xarici ölkənin elmlər akademiyalarının həqiqi üzvü olması və s.
Ağamusa müəllimin 1990-cı ildən sonrakı həyatının 22 ili AMEA Nəsimi adına Dilçilik İnstitutu ilə sıxı şəkildə bağlıdır. O, 22 ildir ki, bu elmi tədqiqat institutunda direktor vəzifəsində çalışmış, hazırda AMEA-da müşavirdir. Bu illər ərzində bir iş yoldaşı kimi tez-tez görüşmüşük, elmi, sosial, habelə məişət məsələləri barəsində ehtiyac hiss etdikdə söhbətləşmişik, bu gün də məsləhətləşirəm.
80 yaş əslində tarix üçün bir göz qırpımıdır. Ancaq 80 bahar insan ömründə kamillik, müdriklik, ucalıq zirvəsidir. Lakin mən Ağamusa müəllimi tanıdığım bütün illərdə hər dövrdə, məsələn, onu 40 yaşında, 50 yaşında da, habelə sonrakı illərdə də müdrik, kamil, son dərəcə həssas, alicənab, məsuliyyətli, ürəyigeniş, səmimi, xeyirxahlıq üçün yaranmış bir insan kimi görüb tanımışam. Ötən illərə nəzər salarkən mən Ağamusa müəllimlə bağlı olan bəzi məqamları, anları belə xatırlayıram. 1972-ci ildə mən aspiranturanın II kursunda olarkən Bakı Dövlət Universitetinin (o zaman Azərbaycan Dövlət Universiteti adlanırdı) “Elmi əsərləri”ndə dərc olunacaq elmi məqaləmə jurnalın redaksiya heyətinin üzvü kimi rəy yazmışdı. O zaman ötəri də olsa elmi müsahibəmiz olmuşdu.
1981-ci il aprelin 3-də Azərbaycan televiziyasında yenicə yaradılmış “Azərbaycan dili” elmi publisistik proqramında Ağamusa müəllimlə birgə Məmmədağa Şirəliyevlə ana dilimizin ən gərəkli məsələləri ilə bağlı çıxış etmişik (həmin verilişin aparıcısı mən idim). Sonralar 90-cı illərdə Ağamusa müəllim özü də həmin adda təşkil edilən verilişlərə rəhbərlik edərkən nitq mədəniyyəti barəsində çıxış üçün məni də dəvət etmişdi. Bu zaman həmişə olduğu kimi Ağamusa müəllim tamaşaçı və dinləyicilərinə böyük ruh yüksəkliyi, dərin inam və həvəs aşılayan öz təkrarsız, mənalı, axıcı nitqi ilə hamını heyran etmişdi, bu gün də belədir.
Ağamusa müəllim Azərbaycan dilçiliyinin fonetika, morfologiya, ədəbi dil tarixi, riyazi dilçilik, sosioloji dilçilik, onomastika, nitq mədəniyyəti, üslubiyyat, etnolinqvistika kimi (əslində bütün sahələrin adını çəkmək yerinə düşərdi) sahələrinin habelə ümumi dilçiliyin mahir araşdırıcısıdır. O bu sahələrin ən mürəkkəb problemlərinə aid bir çox ölkələrdə məruzə və çıxışlar etmiş, simpozium və konfranslarda dilçiliyimizi şərəflə təmsil etmiş və bu gün də bu işi davam etdirir.
Dilçiliyi, ədəbiyyatşünaslığı, ümumən elmi yaradanlar haqqında elmi araşdırmalar, monoqrafiyalar, hətta kiçik bir məqalənin belə yazılmasının tarixi, elmi dəyərinin böyüklüyünü heç kəs inkar edə bilməz. Bu mənada Ə.Dəmirçizadə, M.Şirəliyev, M.Hüseynzadə, Ə.Orucov haqqında yazılmış tədqiqat əsərlərinin dilçiliyimiz üçün əhəmiyyəti böyükdür. AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor A.Axundovun da elmi yaradıcılığını (bu günə qədər çap olunmuş əsərlərini nəzərdə tuturuq, təbii ki, görkəmli və məhsulda alim hələ çox-çox araşdırmaları ilə bizi sevindirəcəkdir) diqqətlə öyrəndikcə onun filologiyamızın bir sıra şəhərlərində məktəb yaratmasını təsdiq və qəbul edirik. Azərbaycan dilçiliyinin bütün sahələri: ümumi dilçilik, fonologiya, riyazi dilçilik, dilin estetikası, bədii üslub, nitq mədəniyyəti. Biz istərdik ki, Azərbaycan dili məsələləri ilə bağlı A.Axundovun dəyərli əsərləri haqqında yığcam şəkildə məlumat çatdıraq.
İlk öncə deyək ki, akad. Ağamusa Axundov hərtərəfli tədqiqatçıdır. Azərbaycan dilçiliyinin əksər sahələrində onun dəyərli, həmişə orijinal olan əsərləri, elmi araşdırmaları nəzər-diqqəti cəlb edir, həmçinin dilçi alimlərimiz üçün bütün hallarda örnək rolunu oynaya bilər. Xüsusilə Azərbaycan dilinin qrammatikası və fonetikası, etimologiya, dil tarixi və dialektologiya, üslubiyyat, onomastika və nitq mədəniyyəti sahələrində akad. A.Axundovun xüsusi yeri vardır. Alimin Azərbaycan dilinin qrammaikasına aid ilk böyük sanballı əsəri “Felin zamanları” kitabıdır. Bu əsərdən sonra A.Axundov bir-birinin ardınca “Azərbaycan dilinin tarixi fonetikası”, “Azərbaycan dilinin tarixi-etimoloji lüğəti” mövzusunda silsilə məqalələri, “Azərbaycan dilinin fonemlər sistemi (filoloji, akustik, statistik, fonoloji tədqiqat təcrübəsi)” əsəri, “Dil və üslub”, “Dilin estetikası”, “Şeir sənəti və dil”, “Dil və mədəniyyət” kitablarını yazıb çap etdirmişdir. Təbiidir ki, bu kitablar elmi və təhsil ictimaiyyəti və dövlət səviyyəsində maraqla qarşılanmış və dəyərləndirilmiş, alim Azərbaycan Respublikasının mükafatlarına layiq görülmüşdür. Belə ki, 1973-cü ildə “Azərbaycan dili” (5-6-cı siniflər üçün dərslik) kitabına görə akad. A.Axundova Azərbaycan SSR Maarif Nazirliyinin mükafatı, 1986-cı ildə “Azərbaycan dilinin fonetikası” monoqrafiyasına görə Azərbaycan Dövlət Mükafatı verilmişdir. Akad. A.Axundovun qələmə aldığı dilçiliyin hansı sahəsinə aid əsəri olursa-olsun, o öz mülahizələrində, elmi baxışlarında yüksəkdə dayanır. Nümunə üçün Azərbaycan ədəbi dilinin dövrləşdirilməsi məsələsində onun gəldiyi qənaəti nəzərinizə çatdırmağı lazım bilirik. Hörmətli akademik yazır: “Azərbaycan ədəbi dili öz inkişaf tarixində iki böyük dövr keçmişdir: XIII-XVII əsrlərdəki Azərbaycan ədəbi dili və XVIII əsrdən indiyədək mövcud olan Azərbaycan dili. Məlum olduğu kimi, hər iki dövrün ədəbi dili arasında istər leksik, istərsə də fonetik və qrammatik cəhətdən ciddi fərqlər vardır və onlar daha çox dilxarici amillərlə bağlıdır”.
A.Axundovun ədəbi dilin mahiyyəti haqqında da obyektiv, tarixi faktlara və qənaətlərə söykənən fikirləri də diqqəti çəkir. Alim ədəbi dili fərqləndirən cəhətlər sırasına ədəbi dilin xalqın yaxud da millətin ictimai həyatının, həmçinin şəxsi həyatının bütün sahələrində geniş fəaliyyət göstərməsini, normalaşdırıcılığını (həm də ünsiyyət vasitəsi olmasını), normalara riayət olunmaqda məcburiliyi və nəhayət, üslubi diferensiallığı daxil edir.
Prof. A.Axundovun elmi yaradıcılığında Azərbaycan dilçiliyinin dərindən öyrənilməsi həmişə aktual səslənən onomalogiya məsələləri də məxsusi yer tutmuşdur. Görkəmli alim hələ gənc yaşlarından “Kür” sözünün etimologiyası” məqaləsini, az sonra “Nəşavə yaxud Naxçıvan: Naxçıvan toponiminin mənşəyinə dair” məqaləsini yazıb çap etdirmişdir. 1983-cü ildə isə “Torpağın köksündə tarixin izləri” adlı kitabını nəşr etdirmişdir. Bu araşdırmada “Toponimik arsenallar”, “Tarix nə deyir?”, “Azərbaycan toponimiyasında omonim və sinonim yer adları”, “Orta əsrlərin əks-sədası”, “Yeni meyllər” kimi başlıqlarla onomastika elm sahəsinin ən çox maraq doğuran, etimoloji baxımdan izahına zərurət duyulan toponimik adlardan, bu sahənin yaxın və uzaq perspektivlərindən söhbət açılır.
A.Axundovun əsərləri sırasında nitq mədəniyyətinə aid 1 kitab və bir çox elmi məqalələri də xüsusi yer tutur. Alim nitq mədəniyyəti anlayışına, bu problemə bir aydınlıq gətirməklə dilçiliyimizdə bu mövzuya önəmli bir status vermiş, ona öz elmi düşüncəsi səviyyəsində tərif də vermişdir: “Nitq mədəniyyəti tətbiqi dilçilik sahəsi olub, hər hansı konkret bir dilin orfoepik, orfoqrafik, leksik, qrammatik, üslubi və s. normalarını müəyyənləşdirən nəzəri axtarışlar və təcrübi tədbirlər kompleksidir”. Bu tərifdən sonra ayrı-ayrı tədqiqatçılar arasında nitq mədəniyyəti barədə fikir ixtilaflarına son qoyuldu.
Biz istərdik ki, dilin estetikası, bədii dillə, üslubiyyatla bağlı A.Axundova məxsus bəzi orijinal, təkrarsız və obyektiv fikirləri, mülahizələri alimin özünün yazdığı kimi, dəyişdirmədən çatdıraq!
Ümumi dil haqqında. “Dilin bədii yaradıcılıq üçün bu qədər vacib olması istər yazıçılar, istərsə də yazıçı əməyi və onun məhsulunun tədqiqi ilə məşğul olanlar üçün heç vaxt şübhə doğurmamışdır” (A.Axundov. Dilin estetikası, Baklı, 1985, s. 6).
Bədii dil haqqında. “Ümumxalq dili əsasında yaranmış ədəbi dilin spesifik üslublarından biri olan bədii dil öz işlənmə xüsusiyyətlərinə, təsir qüvvəsinə və dərəcəsinə görə sözün geniş mənasında yaradıcılıq məhsulu kimi izah edilə bilər” (Yenə orada, s. 15).
Daha sonra bədii dilin gözəlliyi haqqında. Bədii dilin gözəlliyi üçün ilkin şərtlərdən biri onun yaradıcılıq məhsulu olmasıdır. Gözəl bədii dil ustasının səsi gərək min şairin, min nasirin səsinin içində seçilsin. Necə ki, akademik M.Arif deyib: “Həqiqi sənətkarlıq oxşamamaqdan, bənzəməməkdən başlanır. Kamillik özünəməxsusluq deməkdir”.
Surətlərin dilinin tipikləşdirilməsi haqqında. “...Ayrı-ayrı fərdlərin dili surət dili demək deyildir. Yazıçı surətləri tipikləşdirdiyi kimi, onların dilini də tipikləşdirməlidir. Bədii ümumiləşdirmə və fərdiləşdirmə prinsiplərinə cavab verməyən bədii surət, tip olmadığı kimi surət dili, tip dili də yoxdur. Əsl yüksək surətlər xalqa, geniş oxucu və tamaşaçı kütlələrinə nümunə olduğu kimi, onların dili də nümunə olmalıdır”. (s. 47).
Bədii dildə xəlqilik haqqında. Bədii dildə xəlqilik xalq dilinin ən böyük nailiyyətlərinin bədii əsərdə təcəssüm etdirilməsidir. Xəlqi bədii dil bütün xalqa nümunə ola biləcək bir dildir (s. 48).
Xalq dilinin zənginləşməsinə biganəlik – bədii dili xəlqilikdən, ana dilinin doğma nəfəsindən uzaqlaşdırmaq deməkdir. Xalq dilinə lazımınca bələd olmadan xalqın həyatını necə təsvir etmək olar? Xüsusən bu və ya digər obrazım psixologiyasını verərkən yazıçı onun düşüncələrini, ruhi həyəcan və ya sarsıntılarını oxucuya öz dili ilə nəql edərkən, haqqında danışdığı adamın təfəkkür tərzi ilə bağlı olan sözləri seçməyi bacarmalıdır. Bu sözlər isə xalqdadır. Onu xalqdan götürüb gözəl ifadələrlə xalqa qaytarmaq bədii dildə xəlqilik üçün olduqca zəruridir(s. 51).
Bu göstərdiklərimiz professor A.Axundovun bədii üslub, dilin estetikası və poetikası haqqındakı fikirlərinin az bir qismidir. Bu mövzuda daha geniş şəkildə bəhs etməyə böyük ehtiyac duyulur.
Ağamusa müəllim haqda, onun şəxsiyyəti barəsində bu günə qədərki həyat və fəaliyyətinə dair bir yazıda tamam-kamal bəhs etmək imkan xaricindədir. Ancaq biz onun haqqında müəyyən təsəvvür yaratmağa cəhd etdik.
Sözümüzün sonunda hörmətli müəllimimi səmimi qəlbdən təbrik  edir, ona ən şirin nemət olan cansağlığı, uzun ömür diləyirəm. Bir də gələcək elmimizi yeni-yeni əsərlərlə zənginləşdirməkdə ona sonsuz yaradıcılıq ilhamı arzulayıram.
İsmayıl Məmmədli,
filologiya elmləri doktoru, professor.
 
 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.