Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Professor İsmayıl Məmmədlinin tədqiqatlarında etnoqrafik leksika

Professor İsmayıl Məmmədlinin tədqiqatlarında etnoqrafik leksika

Filologiya üzrə elmlər doktoru, professor İsmayıl Məmmədli çoxsahəli elmi yaradıcılığa malik alimlərimizdəndir. Belə ki, alimin üslubiyyat, Azərbaycan dili tarixi, etnoqrafik leksika, lüğətçilik, nitq mədəniyyəti və digər sahələrdə yazdığı elmi əsərlərdə bir sıra mühüm problemlər işıqlandırılmış və həmin məsələlər öz elmi həllini tapmışdır. O, “Ekran, efir və dilimiz” (1989), “Axtarışlar, yozumlar, anımlar” (2006), “Azərbaycan dilinin etnoqrafik leksikası” (2009), “Qəzet dilinin leksikası” (2010) kimi monoqrafiyaların müəllifi, eləcə də “Azərbaycanca-rusca etnoqrafiya terminləri lüğəti” (1987), “Azərbaycanca-rusca danışıq kitabı” (1987), “Azərbaycan dilinin izahlı lüğəti” (1995, 1997, 1999), “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (2004) lüğətlərinin tərtibçilərindən biridir. 
Professor İsmayıl Məmmədlinin müəllifi olduğu bu əsərlər içərisində akademik Ağamusa Axundovun elmi redaktorluğu ilə nəşr olunmuş “Azərbaycan dilinin etnoqrafik leksikası” (Bakı: Elm və təhsil, 2009, 272 s.) adlı monoqrafiyası xüsusi elmi əhəmiyyətə malikdir. Tarixi faktlarla zəngin olan monoqrafiya Azərbaycan dilinin qədim leksikasında etnoqrafik söz və ifadələrin yaranması, onların inkişaf tarixi, xalqımızın soykökü, maddi və mənəvi mədəniyyət tarixinə həsr olunmuşdur. Monoqrafiyada toy və yas mərasimlərinə aid leksika, oyun, geyim, yemək adlarını bildirən sözlər, həmçinin maddi mədəniyyətin toxuculuq, xalçaçılıq, çörəkçilik, atçılıq kimi peşə, sənət, təsərrüfat növlərinin adlarına aid bəzi leksik vahidlər, terminlər əsasında Azərbaycan dilinin leksikologiyasından tematik söz qrupları şəklində bəhs edilmişdir.
Azərbaycan dilçilərindən Ə. Dəmirçizadə, M.Ş. Şirəliyev, S.Cəfərov, M.Hüseynzadə, Ə.Ə.Orucov, C.V. Qəhrəmanov, A.M.Qurbanov, A.A.Axundov, T.İ. Hacıyev, V.İ. Aslanov, Ə.M.Cavadov, Ə.Z.Abdullayev, A.Q.Ələkbərov, M.İ.İslamov, R.C.Məhərrəmova, M.Ş.Qasımov, M.İ.Adilov, Z.Əlizadə, K.N. Vəliyev, H.Ə.Həsənov, E.İ.Əzizov, N.M. Xudiyev, Q.İ. Məşədiyev, N.Q.Cəfərov və başqalarının, eləcə də V.V. Radlov, N.K.Dmitriyev, N.A.Baskakov, A.N. Kononov, V.A. Qordlevski, A.M.Şerbak, E.R.Tenişev, A.A.Yuldaşev, N.Z. Hacıyeva, K.M.Musayev, R.Q.Axmetyanov kimi türkoloqların əsərləri, onların dəyərli mülahizələri bu tədqiqatın nəzəri əsası kimi alimin diqqət mərkəzində olmuşdur.
Monoqrafiyanın “Etnoqrafik leksikanın sahələri” adlanan ilk fəslində Azərbaycan dilində yemək adları,  geyim adları, xalq təbabətinin leksikası, məişət əşyaları və qab-qacaq adları, oyun adları, mərasim leksikası, toy mərasimi ilə əlaqədar leksika, yas mərasimi ilə əlaqədar leksika, başqa mərasim və adət- ənənələri bildirən leksika, mifoloji  leksika, dini anlayışları, ayinləri əks etdirən söz və terminlər haqqında geniş məlumat verilmiş və bir sıra leksik vahidlər təhlil süzgəcindən keçirilmişdir.
Azərbaycan dilçiliyində etnoqrafik leksika sahəsində söz yaradıcılığı problemini araşdırmağın leksikologiya elmi üçün tarixi və müasir planda mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən prof. İ.Məmmədli monoqrafiyanın məhz bir fəslini bu istiqamətə həsr etmişdir. “Azərbaycan dilində söz ya­ra­dıcılığı prosesi və etno­qra­fizm­lər” adlanan fəsildə dilimizdə etnoqrafik leksikanın yaranma üsulları göstərilmiş, leksik, morfoloji və sintaktik üsullarla yaranan etnoqrafizmlər araşdırılmış, dilin lüğət tərkibinin maddi və mənəvi mədəniyyətini əks etdirən bu leksika sistemli şəkildə nəzərdən keçirilərək zəngin nümunələr əsasında təqdim olunmuşdur. Müəllif Azərbaycan dilinin daxili imkanları hesabına etnoqrafik leksika əsasında söz yaradıcılığında xüsusilə morfoloji və sintaktik üsulla söz yaratmanın məhsuldarlığının müşahidə olunduğunu yazır. Eyni zamanda alim etnoqrafik etnotoponimləri yaranma mənbələrinə görə qruplara ayırmış, Azərbaycan mənşəli bəzi etnonim və etnotoponimlər haqqında məlumat vermiş, bu xüsusi adların tarixi həqiqətlərin aşkara çıxmasında, eləcə də dilin, etnoqrafiyanın, coğrafiyanın tarixinin öyrənilməsində həmin etnoqrafizmlərin dəyərli faktlar olduğunu vurğulamışdır. 
Bildiyimiz kimi, antroponimlər xalq düşüncəsinin məhsuludur. Onlar xalqın mənəvi sərvəti, həyata baxışı, dünyagörüşü, milli ənənə, mifoloji düşüncəsi ilə bilavasitə bağlı olan dil vahidləridir. Etnoqrafik leksikanı antroponim yaratmaqda əsas mənbələrdən hesab edən prof İ.Məmmədli bununla bağlı yazır: “Hər bir xalqın özünəməxsus etnoqrafik əlamət və xüsusiyyətləri, səciyyəvi həyat tərzi, məşğuliyyəti, adət-ənənəsi, ümumən mənəvi və maddi dünyası var. Azərbaycan xalqının qədim və zəngin etnoqrafiyası haqda fikir söyləməkdə etnoqrafik sözlərdən ibarət olan antroponimlər /daha çox şəxs adları/ əhəmiyyətli mövqeyə malikdir” (s.166).
İ.Məmmədli Azərbaycan dilinin etnoqrafik leksikası bazasında yaranıb sabitləşmiş şəxs adlarını aşağıdakı kimi qruplaşdırmışdır: 1.Etnoqrafik leksikanın müəyyən bir hissəsini təşkil edən zərgərlik məmulatlarının adları, qiymətli daş-qaş adları; 2. Qiymətli, aztapılan, möhkəm və paslanmayan və b. metal adlarından ibarət antroponimlər; 3. Zinət və bəzək – düzək bildirən sözlər əsasında yaranan antroponimlər; 4. Etnonim və nəsil adlarından ibarət antroponimlər; 5. Parça, geyim adlarından yaranmış və dərziliklə bağlı işlənən sözlərdən ibarət antroponimlər; 6. Şirniyyat, milli içki, yemək və meyvə adlarını bildirən sözlərdən düzələn antroponimlər; 7. Sonu tac sözü ilə qurtaran antroponimlər; 8. Nur antropoformantı ilə bitən antroponimlər; 9. Tay antropoformantı ilə düzələn şəxs adları və s. Alim burada Azərbaycan dilinin, eləcə də digər dillərin də az rol oynamadığını nəzərə almaq gərəkdiyini qeyd edir. Azərbaycan dilçiliyində şəxs adlarının bu formada qruplaşdırılması maraq doğurur.
Etnoqrafik sözlərin klassiklərin dilində işlənməsi, aşıq şeirində etnoqrafizmlərin üslubi mövqeyi, bədii nəsrin dilində  etnoqrafizmlər, etnoqrafik leksikada  sinonimlik, etnoqrafizmlərdə norma kimi məsələlər “Etnoqrafik  leksikanın üslubi, leksik- semantik, norma baxımından   linqvistik  təhlili” fəslində öz şərhini tapmışdır. Alim etnoqrafik leksikanın klassik ədəbiyyatımızda, folklorda, ayrı-ayrı mənbələrdə həm nominativ mənada, həm də üslubi fakt kimi işləndiyini göstərmişdir. 
Müəllif Azərbaycan farsdilli ədəbiyyatının görkəmli yaradıcılarından Qətran Təbrizi, Xaqani və Nizami əsərlərinin dilində işlənmiş bəzi etnoqrafik sözlərə nəzər salmış, orta əsrlər klassik Azərbaycan şairlərinin poetik irsində, Abbas Tufarqanlı, Qurbani, Aşıq Alı, Aşıq Ələsgər kimi xalq poeziyasının ölməz ustadlarının yaradıcılığında, müasir Azərbaycan ədəbiyyatı bədii nəsrində rastlanan etnoqrafik leksik vahidlərin təhlilini vermişdir. Alim bədii əsərlərin, xüsusən də poeziyanın dilində faydalı qazıntılar və ya  qiymətli metal adlarının metaforaların yaranmasında mənbə olduğunu qeyd edir və bunu aşıq şeirindən gətirdiyi çoxsaylı örnəklərlə sübut edir. Eləcə də Fərman Kərimzadənin «Xudafərin körpüsü», «İsa Hüseynovun «Məhşər», Əzizə Cəfərzadənin «Bakı-1501», Çingiz Hüseynovun «Fətəli Fəthi» romanlarından etnoqrafizmlərin işləndiyi mətn parçalarını təqdim etməklə etnoqrafizmlərin metaforik planda işləndiyini göstərir. 
Əsərin “Etnoqrafik  leksika   və  frazeologiya  adət-ənənələri, inam və etiqadları  yaşadan   mənbə  kimi” adlı fəsildə ağaclar haqqında inam və etiqadlar; çağ, zaman anlayışlı bəzi deyimlər haqqında; ana, ana dili, ana südü, ana vətən, dayı və b. məfhumların etnoqrafik yozumu; atla əlaqədar inam, sınma, etiqad və atalar sözləri zəngin mənbələr əsasında izlənilmiş və səciyyəvi cəhətləri tədqiq edilmişdir. 
Prof. İ.Məmmədli etnoqrafik leksikanın maddi və mənəvi mədəniyyəti əks etdirən bir sıra tematik qruplarının – yemək, geyim, ev əşyalarının adlarını, oyun adlarını, xalq təbabəti leksikasını, toy, yas mərasimlərinə aid sözləri, bəzi adət-ənənələrimizi ifadə edən sözləri elmi tədqiqata cəlb etmiş, Azərbaycan dilinin lüğət tərkibində bu qədim leksik təbəqə əhəmiyyətli yer tutduğunu və ana dilimizin milli sözlərinin mövqeyinin burada daha qabarıq nəzərə çarpdığını faktik materiallar əsasında sübuta yetirmişdir. 
Alim Azərbaycan dilinin etnoqrafik leksikasının başqa türk dilləri ilə, habelə qohum olmayan dillərin materialları ilə müqayisəsi nəticəsində bəzi maraqlı faktları və paralelləri aşkara çıxarmışdır. Belə ki, müəllif etnoqrafik leksika əsasında türk dillərinin materialları ilə aparılan müqayisələr türk dilləri arasında maddi mədəniyyət leksikasında yemək, geyim, qab-qacaq adları və s., habelə mənəvi mədəniyyət leksikasında toy, yas mərasim adları, oyun adları, mifoloji leksikada ümumi, müştərək cəhətlərin, leksik paralellərin çox olduğunu qeyd edir və yaylıq, aş, qurut, ayran, nazik, plov, fətir//pətir, şülən külçə, kaftan, arxalıq, çuxa, buxara papaq və digər dil vahidlərini həmin paralellər arasında təqdim edir. Alimin fikrincə, başqa türk xalqlarının məişəti üçün səciyyəvi olan yemək, geyim, mərasimlərin və s.nin yeri gəldikcə müqayisəyə cəlb olunması onların arasındakı maddi və mənəvi mədəniyyət baxımından müştərəkliyini, yaxınlığını, eləcə də fərqlərini göstərməyə və sübut etməyə imkan vermişdir.
         Sonda qeyd etmək istərdik ki, məqalə İ.Məmmədlinin 75 illik yubileyinə həsr olunmuşdur. Görkəmli Azərbaycan alimi professor İsmayıl Məmmədlini 75 illik yubileyi münasibətilə təbrik edir və Azərbaycan dilçilik elminin inkişafı yolunda yeni yaradıcılıq uğurları arzu edirik!
Этнографическая лексика
в исследованиях профессора Исмаила Мамедли
Резюме
Монография посвящена истории возникновения и развития этнографических слов и выражений древнейшей лексикологии азербайджанского языка, исконным корням нашего народа, истории материальной и духовной культуры. Монография, богатая историческими фактами, состоит из 4 частей.
 
Ethnographic vocabulary in the researches of Professor İsmail Mammadli
Abstract
The monograph is dedicated to the history of the origin and development of ethnographic words and expressions of the most ancient lexicology of the Azerbaijani language, the history of the ancestral roots, material and spiritual culture of our people. The monograph, rich in historical facts, consists of 4 parts.




Gülnarə Fəxrəddin qızı ƏLİYEVA-KOŞKUN, 
BSU, filologiya üzrə fəlsəfə doktoru, dosent.
 
 

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.