Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da» Sentyabrın 07-də
Pilleler » Xəbərlər » Sənətin aşiqi-sadiqi

Sənətin aşiqi-sadiqi

 
Xalq artisti “ Şöhrət”, “ Şərəf” və I dərəcəli “Əmək” ordenli, Mədəniyyət və İncəsənət Universitetinin professoru, Prezidentin fərdi təqaüdçüsü Canəli Əkbərovun dünyasını dəyişməsindən 7 gün ötür. Xanəndənin sağlığında haqqında çox yazılar yazmışam. Ömür vəfa qılsa, əbədiyaşar ənətindən yenə də yazacağam. İndi isə xeyli əvvəl yazdığım yazılardan birini saytın izləyicilərinə təqdim edirəm. Ruhu şad olsun! 
Görən, səsin rəngi olurmu? – Nə vaxtdır, bu sualın cavabını aydınlaşdıra bilmirəm. Respublikanın Xalq artisti Canəli Əkbərov oxuyanda o səsin rənglərini görürəm. Qatı boyanmış rəngləri, sonra göz oxşayan, ruhu sığallayan açıq rəngləri. Bəlkə də, öz kəşfimdir səsin rəngləri, boyaları, bəlkə də, həqiqətən səsin rəngi var – zilə qalxanda qatı boyanmış tünd rənglər, bəmə enib avazıyanda duyğuları saflaşdıran açıq rənglər. Bəlkə yanılıram. Həqiqətən səsin rəngi var və hamı görür bu səsin rəngini. Mənim üçün məsələ odur ki, yalnız Canəli muğamını, Canəli ifasını dinləyəndə səsin rəngini görürəm. Şahə qalxan dalğanı kim seyr etməyib?! Zilə qalxan bu şaqraq səsin sehrinə 40 ildən artıqdır düşmüşük. Şahə qalxan dalğa kimi zilə qalxıb, dağ çeşməsitək durula-durula, süzülə-süzülə bəmə enib ürəklərə axır.
“Xanəndə qəmi, kədəri, yanğını üsyan zirvəsinə, məhəbbəti Füzuli – Üzeyir bəy əlçatmazlığına, Leyli-Məcnun ülviyyətinə, paklığına çatdıra bilmirsə, kimə gərəkdir oxumağı?” Xalqımızın mənəvi dünyası, misilsiz sərvəti – muğamı dünya xalqlarına çatdırmaq üçün heç bir tərcüman gərək olmur Canəli sözünə, Canəli ifasına. Səsinin, sözünün qüdrətiylə, əzəmətiylə sehrlədiyi ölkələrin sayı-hesaba gəlməzdir. – O vaxtı ata-babalarımız bunları topla, tüfənglə atəşə tutublar. Sən isə zəngulələrinlə, şaqraq səsinlə atəşə tutdun. – Bu sözləri xalq şairi Nəbi Xəzri Qərbi Berlində söyləmişdi Canəliyə. 1989-cu ildə İsveçdə 28 ölkə təmsil olunan Beynəlxalq festivalın qalibi olmaq az iş deyildi. 1978-ci ilin Səmərqənddə keçirilən Beynəlxalq muğam simpoziumuna isə bir qədər geniş nəzər salaq.
Muğamda ülvi həyat eşqi, həqiqətlə əxlaqın, idrakla duyğunun birliyi tərənnüm olunur. Muğamda Dədə-Qorqud ağsaqqallığı, Məcnun eşqi var. Muğam Şərq müdriklərinin beyinlərinin dərin qatlarının ən qiymətli məhsuludur və s. müdrik fikirləriylə muğamı qiymətləndirən Canəli Əkbərov ilk Beynəlxalq muğam simpoziumunda minlərlə dinləyicini heyrətdə qoydu. Cəmi 20 dəqiqə vaxt ayrılıbmış. “Bayatı-Şiraz” oxuyur. Əmir Teymurun nəvəsi Uluğ bəyin 17 ilə tikdirdiyi Şirdor mədrəsəsinin həyətində 4-5 minlik dinləyicinin kəsilmək bilməyən alqışları onu ikinci dəfə səhnəyə qayıtmağa məcbur edir. Bu dəfə dinləyicilər “Heyratı” zərb muğamının sehrinə düşürlər. Onu da qeyd edək ki, səhnəyə qaytarılıb ikinci dəfə çıxış edən yeganə ifaçı olur bu üçlük. İlk simpoziumda muğamın sönmüş-enmiş bayrağı Canəli Əkbərov ifasıyla göylərə ucaldı. Səsinin imkanlarından “Sovetskaya muzıka” və s. qəzet-jurnallar yazdı. “Muzıkalnaya jizn” jurnalı yazırdı: “Azərbaycanlı xanəndə Canəli Əkbərov simpozium günlərində ağlasığmaz möcüzə göstərdi. “Heyratı”dan sonra dünya çempionatında top vuran futbolçu kimi xanəndəni atıb-tutdular”. Simpoziumun yadda qalan günlərindən birini belə xatırlayır: “Mehmanxanada istirahət edərkən tədbirin iştirakçılarından birini – SSRİ Bəstəkarlar İttifaqının görkəmli nəzəriyyəçi və tənqidçi alimi Vladimir İliç Zakı qapı ağzında gördüm. Simasından müdriklik yağan bu adam içəridən çıxanları saxlayırmış kimi hər iki əli ilə qapının çərçivəsinə dayaq verərək, heyrətlə mənə baxırdı. Baxdı, baxdı, sonra ağladı.
Heyrətdən donub qalmışdım. 
– Mən böyük səhv etmişəm, Səmərqəndə gələndə gərək əvvəl səni dinləyəydim, sonra bu gözəl şəhərin abidələrinə baxaydım. Sənin muğamlarında abidələrin hər bir cizgisini gördüm. Sən mənə bu cizgilərin açarını verdin, - dedi. 
İkinci dəfə Zakla Moskvada görüşdüm. Qurultay gedirdi. Aqşin Əlizadə, Nazim Əliverdibəyov və başqalarıyla salondan çıxanda onunla qarşılaşdıq. Məni görən kimi tanıdı və dostlarına göstərərək dedi:
– Ay Allah, baxın mən kimi görürəm?! Bu həmin şəxsdir ki, Şərqdə mənim üçün muğamın qapısını açdı…
Bu həmin vaxt idi ki, o vaxtkı “Kommunist” qəzetində bu gün həyatda olmayan bir musiqişünas Canəli səsi, Canəli muğamı barədə qərəzli məqalə ilə çıxış etmişdi. Və yenə həmin vaxt idi ki, Aqşin Əlizadənin Moskvada səsləndiriləcək simfoniyasının muğam hissəsini iki nəfər məşq etmişdi. Biri leninqradlı xanəndə, biri Canəli Əkbərov. Canəli ifası bəyənilib təsdiq olunmuşdu. 
Bu hadisə isə simpozium uğurlarından iki il öncə olmuşdur. Alman mütəxəssisi, professor Yurgen Elstner ustad sənətkar, Xalq artisti Bəhram Mənsurovun evində Canəlinin ifasını dinləyib. Akademik Elmira Abbasova, bəstəkar Nəriman Məmmədov və başqaları həmin məclisdə iştirak edirdilər. Nəzərdə tutulmuş yarım saat əvəzinə dörd saat Canəli muğamının sehrinə düşür alman mütəxəssisi. Ertəsi gün Bəstəkarlar İttifaqında görüşürlər. Tofiq Quliyev və başqalarının iştirak etdiyi məclisdə bir saat on dəqiqə “Rast” oxuyur. Mütəxəssis xanəndənin hansı mövqedə durduğunu bilmək üçün “Rast”ı tarda solo dinləyir. 
– Mən Şərq dünyasını, Orta Asiyanı, İranı, Turanı… gəzdim, nəhayət Azərbaycana gəldim – axırıncı muğam ölkəsinə. Muğamın tam, sistemli dəstgah halında ifasını burda gördüm, - deyir.
Simpoziumdan sonra Canəli Əkbərov tarzən Sərvər İbrahimov, kamança çalan Tələt Bakıxanov, Aşıq Hüseyn Saraclı, əməkdar müəllim Kamil Əhmədovla Moskvaya dəvət olunur. Folklor üzrə keçirilən elmi seminarlar günlərindəki Azərbaycan ifaçılarının məharəti “Zaman” xəbərlər proqramında da yayımlanır. Canəlinin “Mirzəhüseyn” segahı və “Mahur” təsnifi dinləyiciləri ovsunlayır.
– Fasilədə foyedə gəzişirdik. Dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislər Canəlini araya aldılar. Onun mikrofonsuz ifasına şübhə ilə yanaşanlar inanmadılar ki, təbii səs bu dinamikada olsun. Və ağzını açıb boğazını, damağını yoxladılar. 
Bu epizodu həmin hadisənin şəxsən şahidi tarzən Sərvər İbrahimovdan eşitmişəm.
* * *
Canəli Əkbərovun əməyi hər dəfəmi layiqincə qiymətləndirilir? Əlbəttə, haqsızlıqlarla üzləşdiyi anlar da çox olur. Və bu əsəbi anlar ömründə yaşayır. Səmərqənd uğurlarının nəticəsi olaraq, YUNESKO xətti ilə dünyanın 5 kapitalist ölkəsində keçiriləcək konsertə nazirlik onların üçlüyünün adına dəvət almışdı. Üç ay həkimlərdən, komissiyalardan keçdi. Yola düşəndə isə onların üçlüyü yox, başqa üçlük getdi. Sarabskinin 100 illiyində Məcnun oynamalıydı. Həyəcanlar, məşqlər bir yana. Geyinib qrimlənmiş halda soyundurulub ki, sən yox, başqası oynayacaq. Bunların sayı xoşagəlməz olsa da, çoxdur. Amma zülmə, haqsızlıqlara tab gətirə-gətirə, mübarizə apara-apara sənətin zirvəsinə yüksəlib.
* * *
Həyatda hər şeyin ilki, əzəli gözəldir. Bəlkə sonrakılar daha gözəl olur, amma insanın yaddaşında həmişə ilk sevinc yaşayır. 1983-cü ildə keçirilən ikinci Beynəlxalq muğam simpoziumunun qalibi kimi şöhrəti dünyanı dolaşdı. Qəzet-jurnallar yazdı. Bir-birinə qarşılıqlı ehtiram və məhəbbətləri olan Lənkəran şəhər icra hakimiyyətinin başçısı Dilruba xanım Camalova o vaxtı birinci katib idi. Simpoziumun nəticəsi olaraq, respublikada ilk dəfə muğam dəstgahları gecəsi təşkil etdi. Bu, muğama hörmət, qayğı göstərən əsl ziyalı təşəbbüsü idi. Xalq artisti tarzən Bəhram Mansurov, əməkdar artist kamança çalan Tələt Bakıxanovun müşayiəti ilə heç bir titulu olmayan xanəndə Canəli Əkbərovun ifası ilə möhtəşəm muğam gecəsi alındı. Muğam axşamı həm də praktik sual-cavab gecəsinə çevrildi. Professor Arif Məmmədov muğamlar haqqında danışdı. Və Canəli Əkbərovu tarda “Şur” muğamıyla müşayiət etdi. Ürəkdən gələn ifaların nəticəsində həmin gecənin möcüzəli “Şur”unun xoş avazı bu gün də yaddaşlarda yaşayır. Mütəxəssislərin, çoxlu qonağın iştirak etdiyi həmin gecədə professor Arif Məmmədov – Bu əzəmətli səsdən Konservatoriyada niyə istifadə olunmasın?! – deyə iradını bildirir. Şair Ənvər Nəzərli o vaxt Mədəniyyət nazirinin müavini imiş. – Çox düzgün iraddır, - deyə professorun sözünü təsdiqləyir. Layihə hazırlayıb nazirliyin təsdiqinə vermək lazımdır. 
İnsafən layihə hazırlandı və təsdiq olundu. Nəticədə o işə Canəli yox, başqa adam getdi.
* * *
“Məcnunuyla öz simasını yaradan böyük Füzulinin söz dünyasıyla avazımı zənginləşdirmişəm. Dahi Üzeyirin musiqi aləmi hər dəfə yenidir mənim üçün. Ordakı musiqinin, şeiriyyətin əsiriyəm. “Aşiq oldur ki, qılır canın fəda cananına” – deyibən Leyli-Məcnun üçün can verən aşiqlərdənəm. Özümü Üzeyir bəyin mənəvi övladı sayıram. Atamı ustad kimi dinləmiş, öyrənmiş, onun muğamları üstündə pərvazlanmışam. Sənət qibləgahım Xan əminin nəsihətləri, ustad tövsiyələri həmişə sənət yolumu işıqlandırıb. Təsadüfi deyil ki, bu gün dünyanı dolaşan üçlüyümüz Xan Şuşinskinin adını daşıyır. Sənət nəhəngi Seyid Şuşinskini, müəllimim Nəriman Əliyevi də, səsinin yanğısında yanıb külə dönən unudulmaz Leylim – Rübabə Muradovanı da həmişə məhəbbətlə anıram. Vaxtilə məni işə götürən daha sənətkarımız, həmişə yeri görünən Niyazinin, məni ilk dəfə Məcnuna hazırlayan və oynadığım Məcnunu məhz mənim ifamda görmək istədiyi kimi görən, professor Mehdi Məmmədovun da ruhuna rəhmət diləyirəm.
Əfəndiyevlər soyadına isə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Bu soyad həmişə xalqa xidmət edib. 1994-cü ildə Mövlana Füzulinin möhtəşəm yubileyində hörmətli yazıçımız, Baş nazirin müavini Elçinin başçılığı ilə İraqa getdik. Yubiley günlərində Elçin müəllim muğam ifaçılığımın bir daha canlı şahidi oldu. Qayıdandan sonra məni qəbul etdi. Mənim yanımdan Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyliyə zəng vurdu:
– Canəli Əkbərovun sənətdə öz yolu var. O, Akademiyada lazımdır, - deyib mənim orda işləməyimi məsləhət bildi. Bu gün Akademiyanın müəllimi kimi Elçin müəllimin diqqət və qayğısına minnətdaram. Dosent kimi Ə.B.Hüseynzadə adına İncəsənət Universitetində – məhz Timuçin Əfəndiyevin rektor olduğu Universitetdə fəaliyyət göstərirəm. Opera Teatrında İlyas Əfəndiyevin yubileyi keçirilirdi. Onun “Apardı sellər Saranı” hekayəsi səhnələşdirilmişdi. Məşhur xalq mahnısını iki dəfə zil səslə oxudum. Ertəsi gün səhər işə hazırlaşırdım. Telefon zəng çaldı. Dəstəyi götürdüm. Səsini o dəqiqə tanıdım. Unudulmaz İlyas müəllim idi. 
– Sənin səsin əsl xalq səsidir, el harayıdır. Sənin səsinin fövqündə o gün bütün Qarabağı qarış-qarış gəzib dolandım, - dedi. 
Mənim üçün bundan böyük qiymət, bundan böyük sevinc ola bilməzdi.
Hara getmişəmsə, harda işləmişəmsə, yalnız səsimin və zəhmətimin sayəsində nail olmuşam. Filarmoniyaya da, möhtəşəm Opera Teatrına da müsabiqələr yolu ilə qalib gəlib dəvət almışam. Uşaq kimi nazımı çəkib arxamda duranları görməmişəm. Heç kimin yanında minnətli olmadığım üçün özümü xoşbəxt sayıram”.
* * *
Operada duruş gətirmək, eyni səsi saxlamaq çox çətindir. Əvvəlki şövqlə Məcnun, Şah İsmayıl oynayan Canəli Əkbərov üçün muğamda əlçatmaz zirvə yoxdur. Xalq artisti Əlibaba Məmmədovun dediyi kimi, əsrin əvvəlində Məcnun adı Sarabski ilə bağlanırdısa, əsrin sonunda bu ad Canəli Əkbərovun adı ilə sevilir. Qəribi, Kərəmi də... özünə məxsusdur. Şaqraq şəlalə səsi uzun müddət tamaşaçıların, dinləyicilərin yaddaşında yaşayır. 
Hər çıxışıyla sanki dünyaya meydan oxuyur. “Sevil”də azançını oynayanda unudulmaz Fikrət Əmirov operaya baxandan sonra – Mən axtardığımı tapdım, - demişdi. 
Tamaşa o səslə açılır, xarakterik obrazdır.
Yüksək notlarda Şah İsmayıl insanda şahanəlik yaradır, Məcnun isə fədakarlıq. 60 yaşlı Hacı Canəli yenə operanın Şahıdır, sənəti, sevgisi yolunda canından keçən Məcnundur. Səs dünyasındakı zənginliklə, çılğınlıqla, oynaqlıqla, şaqraqlıqla muğama öz xallarını, öz güllərini vurmaqla tufan qoparmağı bacaran sənətkardır.
Dün dolandım başına söylədi pərvanədi bu,
Zülfün aldım əlimə söylədi divanədi bu.
Seyyida, çək gözə eyvani tila sürməsini
Can yetib kamına kim, mənzili cananədi bu.
* * *
Səri hər muyidə min aşiqi nalanın var,
Məyər ey şux, bir cismdə min canın var?
Leyliyə Qeys olur aşiq, sənə min-min Leyli,
Axtarırsan yenə bir aşiq, əcəb qanın var?
– Bizim bu muğam notlarının görünüşü yoxdur. Yalnız qavramaqla yadda saxlamaq olar. Muğamın yazısı yox, pozusu yox. Avazla öyrənmək lazımdır – belə öyrədir tələbələrini Canəli müəllim.
Bahar oldu, yenə güllər
Açıldı, dəstəbədəstə...
* * *
Külək atar ağ örpəyin
O yana, bu yana qaçar...
Sözlə yaranan nə gözəl mənzərə! Üstə gəl musiqi – görüm necə valeh olmursan?!
Asəf Zeynallı adına Musiqi Texnikumunda da, Ə.B.Hüseynzadə adına İncəsənət Universitetində də, Ü.Hacıbəyov adına Musiqi Akademiyasında da sait-sait, səs-səs öyrədir tələbələrini.
– Zənguləyə gülləri belə vur, xalları belə. Burda nəfəs almalısan ki, gücün olsun zilə qalxmağa. Var söz cümləsi, var səs, avaz cümləsi (və səsinin avazıyla – sözsüz cümlə yaradır. Mübtədası da, xəbəri də olan səs cümləsi, avaz cümləsi, daha dəqiq muğam cümləsi) – deyir. Səmimi, insani tələbə-müəllim rabitəsi yaradır dərs dediyi auditoriyada. Vay o günə ki, tələbə onu qane etməyə. - Elə bil qızıl xırdalayıram, o da ucuzlaşanda, havaya atılanda dözə bilmirəm. Axı muğam bizim üçün təkcə musiqi deyil, həm də psixoloji fəlsəfi dünyamızın bədii travtovkasıdır, - söyləyir.
* * *
Lənkəranda çoxlu şadlıq evi, restoranlar var. Son vaxtlar “Lənkəran” mehmanxanasının restoranında tez-tez toylar, yubileylər və digər ziyafət məclisləri keçirilir. Burada indiyədək xeyli toy olub və yəqin ki, bundan sonrakı toyların sayı da çox olacaq. 1999-cu ilin 25 avqustunda çalınan toyun unudulmaz təəssüratı isə iştirakçıların yaddaşından heç vaxt silinməyəcək. Canəli Əkbərovun muğamları ilə süslənən həmin gecənin avazından daşlar da, divarlar da dincəlirdi. Bu mənim qardaşım Yusifin toyu idi. Arzu və xahişimizi yerinə yetirib Canəli Əkbərov Bakıdan öz maşınıyla Lənkərana gəlmişdi. Onun Opera Teatrında da, konsert salonlarında da çıxışlarını çox dinləmişəm. Zilə qalxanda ürəyim döyünüb – ay aman, neylədi, bəmə necə enəcək? - düşünmüşəm. Amma hər dəfə yanılmışam. Vəfalı səs hansı çılğınlıqla, şaqraqlıqla zilə, zirvəyə qalxıbsa, eyni ahənglə burula-burula axıb, öz məcrasına düşüb. Tap, kamanlı muğam axşamları barədə çox eşitmiş, çox oxumuşdum. İlk dəfə idi belə muğam axşamlı toyun sehrinə düşürdüm.
Nə halətdir ki, mən düşdüm,
Nə istədi, nədir canan.
Gözəllərin gözəlisən,
Sən eşqimin əzəlisən!
Allah, Allah! Nə boyadır, nə xallardır səsə vurduğu.
Şəm bir tərəfdə yanır, pərvanə bir tərəfdə.
Həmin gecənin pərvanələri – dinləyiciləri o şəmin şöləsində, o səsin alovunda yanıb kül olurdular. Konsert salonlarında dinləyicilərinin nəfəs çəkmədiklərinin şahidi olmuşam. Toyda belə ab-havanın ilk dəfəydi şahidi olurdum. Mübaliğə olmasın, ürəklərimizin döyüntüsünü eşidirdik.
– Toy özü ictimai xidmət növüdür. Xanəndəlik sənətinin bayraqdarı sayılan Cabbar Qaryağdıoğlunu, Seyidi, Xanı, elə Bülbülün özünü toylar yetişdirməyibmi?! Əvvəllər deyilirdi, toyxana-zorxana. Mikrofonsuz oxuyan xanəndəyə həqiqi pasport vermək olardı. – Bunları Canəli Əkbərov deyir. Və həmin gecənin toyu sözlü, muğamlı ədəbi gecəyə dönmüşdü. Qurbanın, Bəhram Mənsurovun, Firudin Ələkbərovun, Əhsən Dadaşovun, Hacı Məmmədovun, Əhməd Bakıxanovun, Vamiq Məmmədəliyevin, Həbib Bayramovun, Mirnazim Əsədullayevin, Sərvər İbrahimovun, Möhlət Müslümovun, Ağasəlim Abdullayevin, Tələt Bakıxanovun, Ədalət Vəzirovun, Zamiq Əliyevin... tarına, kamanına oxuyan xanəndəni yerli tarzən Tahir Əliyev və gənc kamançaçı İlqar Əliyev müşayiət edirdi.
– İkinci trio toyudur iştirak etdiyim. Tar-kamanın nüfuzunu qorumaq lazımdır. Ötən illərdən birində Qərbi Berlində festivalda idik. Lyudmila Zıkina 4 simli balalaykasıyla ilə çıxdı meydana. Rusun qədim alətidir. Düşündüm nə oldu? – Zıkina 4 simli balalaykasıyla Moskvadan Qərbi Berlinə gəldi, onu təriflədi, təbliğ etdi. Mənim tarımın 11 simi var. Niyə qədrini bilməyim? Axı o da mənim keçmişimdən xəbər verir. Odur ki, belə toyları yalnız alqışlamaq lazımdır. 
Bunları da Canəli Əkbərov dedi toyda.
– Sizin ifanız bizi tam qane və məftun etdi. Görünür, Azərbaycan Televiziyasına Lənkərandan ab-hava aparmaq lazımdır. Lənkəran Sizə o qədər doğmadır ki, oxuduqlarınızı birbaşa, dublsuz çəkərdik. Televiziyada isə bu imkanlarımız yoxdur.
Bunu toyun qonağı, Azərbaycan Televiziyasının operatoru Bağır Sadıqov söylədi.
– Tərifə ehtiyac yoxdur. Lampa yananda deyərlər, bəh-bəh nə gözəl yanır, lap günəş kimi işıq saçır. Günəşə deməzlər, günəş kimi yanırsan. Canəli Əkbərov muğam dünyamızın günəşidir. Oxuyanda şərab lazım deyil. Onu dinləyəndə insanda insanı məst edən endomorfin yaranır. Bunu mən bir həkim kimi deyirəm. İnanırıq ki, narkomanların müalicəsi üçün bu səsdən istifadə olunacaq. Bu axşam içkisiz, rəqssiz, yalnız muğamlı toy məclisində iştirak edəndə arxayın oluruq ki, dünya təmizlənir, gələcəyimiz üçün rahat ola bilərik.
Bunları Lənkəran Tibb Texnikumunun direktoru Cavad Cavadzadə söylədi.
Uzadaq ömrünü hər bir anın da,
Yel kimi ötməsin vaxt üstümüzdən.
Bu xoş anları bizə bəxş edən sözdür, musiqidir, muğamdır. Eşq olsun, bu gecənin xanəndəsinə və təşkilatçılarına! Muğamı indiki qədər yaxından duyub, dərk etməmişdim.
Eylə sərməstəm ki, idrak etməzəm ki, dünya nədir?
Mən kiməm, saqi olan kimdir, meyi-səhba nədir?
Musiqi var, ayaq tərpədir, musiqi var, baş tərpədir. Klassik muğamlar düşün və yaşa deyir.
Meysiz, məzəsiz dünyada əl-ayaq tərpədib, rəqs etmədən də sərməstik.
Çox oxuyanlar var, hətta professordurlar. Canəli Əkbərov dosent olsa da, xalqın gözündə çoxdan akademik səviyyəsindədir və s.
Həmin gecənin toyu söz-muğam məclisi idi. Yazıya sığmayan belə tərifli sözləri LDU-nun dosentləri Hacı Mirhaşım Talışlı, Yədulla Ağazadə, həkim Hacı Mirsayad, müəllim Qurban Bağırov, “Lənkəran” qəzetinin redaktoru Həzi Əliyev, jurnalist Əlisəfa Həsənov, şair Ağamir Cavad, xanəndə Adil Rüstəmov və başqaları söylədilər.
Ahü-fəryadın Füzuli, incidibdir aləmi,
Gər-bəlayi eşqi ilə xoşluq isə, qovğa nədir?
– Füzuli təkcə bizim yox, bütün dünyanın söz sərrafıdı. Füzuli möcüzədir. Mənim oxuduğum onun dərdidir. O, bir varlıqdır ki, yaşı dünyanın yaşına bərabər olacaq. Füzuli bir planetdir ki, dünya onun başına fırlanacaq.
Dahi Füzulini belə təbliğ edir Canəli Əkbərov. – Səsinin yanğısıyla, zəkasının diliylə.
Qəmin olmaz sənin Hacı, qəmə qəmxar olan yerdə,
Xüsusən zövq alar arif muğamat var olan yerdə!
Ruhun şad olsun, Hacı! (Xalq artisti Hacıbaba Hüseynov – S.Ə.). Muğam istədiyin kimi təbliğ olunur və ariflər zövq alırlar. O gecə Seyidin qəzəlləri dil açdı. Sabir, Şəhriyar, Vahid, Şahid, Mirhaşım Müsafirin qəzəlləri muğamın əlçatmaz, ünyetməz zirvələrində gəzişdi. Televiziyada da muğam saatlarını dinləyirik. Fəqət belə anların adı saat olur, uzağı 15-30 dəqiqə vaxt ayrılır. İndi gəl muğamı ayrılan vaxta yığıb-yığışdır. Canəli Əkbərov o toyda düz 5 saat oxudu. Nə özü yoruldu, nə dinləyənlər doydu. Muğam üstündə köklənən səs zilində də, bəmində də dinləyiciyə saflıq aşıladı. Bulaq suyu kimi tər-təmiz səs və şirin nəfəsdən “Ay qəşəng ceyran”, “Narı-Narı” süzüldü, “Çahargah” üsyanı qələbəyə harayladı. “Şur”u, “Segah”ı əsəbləri sığalladı, “Heyratı” ha­ra­yı daşları, divarları titrətdi. Səs nələr etmədi - danışdı, dü­şündürdü, haray çəkdi, nalə dedi, ağladı, rəngdən-rəngə düşdü. Arabir eşidilən səslər indi həsrətində olduğumuz şirin avazlı muğamlı gecələri xatırlatdı: Bəh-bəh! Allah saxlamış nə xallar, nə güllər vurur zəngulələlərə. Vay-vay, zilə çox qalxdı, enə bilməz. Yanıqlı səsiylə bizdə can qoymadı. Oxu, səsinə qurban!
SEVDA ƏLİBƏYLİ
“Söz” jurnalı, 1-2.2000

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.