Türkiyənin paytaxtı Ankara şəhərində böyük türk şairi Yunus Əmrənin vəfatının 700 illiyinə həsr olunmuş “Türkcənin Anadoluda yazı dili kimi formalaşması” mövzusunda Beynəlxalq simpozium keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli simpoziumda iştirak edib.Türk Dil Qurumunun əsas təşkilatçısı olduğu simpoziumda akademik İsa Həbibbəyli “Yunus Əmrə irsinin Azərbaycanda tədqiqi və nəşri məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Akademik İsa Həbibbəyli çıxışında Azərbaycan-Türkiyə qardaşlığının, birliyinin və “Bir millət, iki dövlət” tezisinin Azərbaycanın Zəfər savaşında ən yüksək səviyyədə isbat olunduğunu qeyd edib. Rəcəb Tayyib Ərdoğanın Cumhurbaşqanlığı ilə 85 milyonluq Türkiyənin 44 günlük savaşda və ondan sonra hər gün, hər saat Azərbaycana dəstəyinə görə öz dərin minnətdarlığını ifadə edib.Akademik İsa Həbibbəyli Azərbaycanda Yunus Əmrə irsinin tədqiqi sahəsində görülən işlərdən və Ədəbiyyat İnstitutunun “Yunus Əmrə ili” çərçivəsində yerinə yetirilən planları ilə bağlı məlumat verib. Yunus Əmrənin hesab edilən çoxsaylı məzarlarından birinin Azərbaycanda olmasını xüsusi qeyd edən akademik bu amilin də qardaşlığımızı simvolizə etiyini vurğulayıb. O, qeyd edbi ki, Azərbaycanda ilk dəfə olaraq Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Yunus Əmrə oçerk kimi (müəllifi akademik İsa Həbibbəyli) “Azərbaycan ədəbiyatı tarixi” çoxcildliyinə (III cild) daxil edilib. TÜRKSOY-UN QURULMA İLDÖNÜMÜ TƏDBİRİ
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un yaranmasının 28-ci ildönümü münasibətilə qurumun Ankaradakı qərargahında tədbir keçirilib. TÜRKSOY-un baş katibi prof. Dusen Kaseinovun dəvəti ilə akademik İsa Həbibbəyli tədbirdə iştirak və çıxış edib. Akademik İsa Həbibbəyli TÜRKSOY-un Türk dünyasının UNESCO-su olduğunu, türk mədəniyyətinin təkcə türk dövlətləri arasında deyil, dünyada təbliği istiqmətində böyük işlər həyata keçirdiyini bildirib. Türk xalqlarının, onların zəngin mədəniyyətinin təbliğində TÜRKSOY-un baş katibi prof. Dusen Kaseinovun şəxsi nüfuzunun mühüm amil kimi qeyd edən akademik İsa Həbibbəyli ona bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıb.
Tədbirdə Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan elm adamları, o cümlədən Azərbaycandan akademik Nizami Cəfərov, fil.f.d., dos. Mehman Həsənli çıxış edərək TÜRKSOY-u təbrik ediblər.
Tədbirdə böyük qazax şairi Abay Kunanbayevin 175 illiyinə həsr olunmuş medalı TÜRKSOY-un baş katibi Dusen Kaseinov akademik İsa Həbibbəyliyə və akademik Nizami Cəfərova təqdim edib. Akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq jurnalının bir sayının Abay Kunanbayevə həsr olunduğunu bildirib.
AVRASİYA YAZARLAR BİRLİYİNDƏ GÖRÜŞ
Ankara səfəri çərçivəsində akademik İsa Həbibbəyli Avrasiya Yazarlar Birliyini ziyarət edib. Xatırladaq ki, Avrasya Yazarlar Birliyinin nəşr etdiyi “Qardaş qələmlər” dərgisinin bir sayı tamamilə Nizami Gəncəviyə həsr olunub və bu buraxılış Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birlikdə hazırlanıb.
Avrasiya Yazarlar Birliyində keçirilən tədbirdə qurumun rəhbəri Yaqup Öməroğlu çıxış edərək qonaqları salamayıb və “Qardaş qələmlər”in Nizami Gəncəvi sayı ilə məlumat verib.
Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli Avrasiya Yazarlar Birliyinin Türkiyədə və ümumilikdə Türk dünyasında ortaq ədəbiyyatımızın təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. Qurumun nəşri olan “Qardaş qələmlər” dərgisinin dünyanın bir çox ölkələrində ortaq mədəniyyətimizi təbliğ etdiyini vurğulayan akademik İsa Həbibbəyli Nizami Gəncəvi sayına görə dərginin heyətinə bir daha öz dərin minnətdarlığını bildirib. Akademik İsa Həbbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşr etdirməkdə olduğu 10 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin çap olunmuş 4 cildini, özünün müəllifi olduğu “Kitabi-Dədə Qorqud: yazılı epos və ya epopeya” monoqrafiyasını Yakub Ömeroğluna təqdim edib.
Tədbirdə Kastamonu Universitetinin ədəbiyyat bölümünün başqanı prof.dr. Orhan Söyləməz, AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri Sabir Şahtaxtlı, dos.dr. Mehman Həsənli və Avrasiya Yazarlar Birliyinin üzvü olan Türkiyənin tanınan yazarları çıxışlar edərək öz fikir və təəssüratlarını ifadə ediblər.
Tədbirdə həmçinin Ədəbiyat İnstitutunun elan etdiyi “Ədəbiyyat İnstitutunun fəxri dostu” mükafatı Yaqub Öməroğluna, “İlin alimi” mükafatı isə Orhan Söyləməzə təqdim edilib.
Akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Ankara görüşləri məzmunu baxımından olduqca zəngin və əhəmiyyətli olmuşdur.
Gülnar Qasımlı,
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi.
- 17 iyul 2021
- 343
- 0