Azərbaycanca Russin English
Hot news:
» Shohlet Abbas Autumn Feelings» Commentary of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan on the Statement by President of the United States of America on Armenian Remembrance Day» Commentary by the Press Service Department of the MFA of the Republic of Azerbaijan on the alleged cases of mistreatment with Armenian POWs as reported by Human Rights Watch» Heydar Aliyev Palace along with the veterans of the Patriotic War presented an interesting video on the occasion of March 8» For This Girl» Gul_Efendi_M» Vusal Gasimli: Senate Resolution Is a Blow to French Interests in the South Caucasus» 25 NOVEMBER 2020 07:39 The first footage of the liberated from occupation Kalbajar region - VIDEO» The destroyed infrastructure of Aghdam region should be restored» Armenia's plan to revive the tourism sector is doomed to be unsuccessful» The prospects that the liberation of the occupied territories offer to the economy of Azerbaijan Comments by Center for Analysis of Economic Reforms and Communication» "Aid" provided to Armenia serves to financing the occupation Comment by Head of Department of CAERC Ayaz Museyibov» Information of the Press Service Department of the MFA of the Republic of Azerbaijan on the meeting of the Foreign Minister Jeyhun Bayramov and Assistant to the President for National Security Affairs Robert O’Brien.» Press release of the Press Service Department of the MFA of the Republic of Azerbaijan» Vusal Gasimli: Karabakh has a great economic potential» Armenia carries out environmental terror against Azerbaijan» Armenia: Acquired investment deficit syndrome» War will cause serious damage to the mining industry of Armenia» Armenia facing migration-borne pressure» Press-release of the Press Service Department of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan.
» » Azərbaycanın İtaliyadakı səfiri: “Ermənistan, qarayaxma kampaniyasındansa yaxşı qonşuluq barədə düşün!”

Azərbaycanın İtaliyadakı səfiri: “Ermənistan, qarayaxma kampaniyasındansa yaxşı qonşuluq barədə düşün!”

İtaliyanın “Notizie Geopolitiche” analitik-xəbər portalında Azərbaycan səfiri Məmməd Əhmədzadənin həmin portalın baş redaktoru Enrico Oliari ilə geniş müsahibəsi dərc olunub. Müsahibənin əvvəlində qeyd olunub ki, qəzetin baş redaktoruErmənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sona çatmasına baxmayaraq, Ermənistan tərəfindən Azərbaycana qarşı ittihamlar müharibəsinin davam etdiyi, hazırda isə Ermənistanın Azərbaycan-Ermənistan sərhədindəki son gərginliklə bağlı ittihamları fonunda bir sıra məsələlərə aydınlıq gətirmək üçün səfir Məmməd Əhmədzadədən geniş müsahibə götürüb. 
Baş redaktorun "Son günlərdə mətbuatda Ermənistan tərəfindən Azərbaycana qarşı yeni ittihamlara rast gəlmək olur. Bizə nə baş verdiyini izah edə bilərsizmi?" sualına cavab olaraq Azərbaycan diplomatı bildirib:
"Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi Ermənistanın 30 il ərzində bu ərazilərdə Azərbaycana və xalqımızın mədəni, tarixi və dini irsinə qarşı həyata keçirdiyi misli görünməmiş barbarlığın, dağıntıların və talanın səviyyəsini dünyaya göstərdi. Dünya uzun illər özünü qurban ölkəsi kimi təqdim edən Ermənistanın qeyri-insani mahiyyətinin şahidi oldu. İrəvan hələ də Azərbaycan ərazilərinin işğalı dövrünün bitdiyini başa düşmək istəmir və indi əslində Ermənistanın özü üçün də sərfəli olan yeni bir reallığı qəbul etməlidir: Azərbaycan ərazilərinin azad edilməsi əslində Ermənistanı artıq daşıya bilmədiyi ağır bir yükdən xilas etdi və erməni siyasətçilər bunu çox yaxşı başa düşsələr də etiraf etməyə cəsarət etmirlər. Lakin qeyd etməliyəm ki, bu vəziyyətdən nəticə çıxarmaq və münaqişənin başa çatmasının Ermənistana və bütün bölgəyə gətirdiyi fürsətlərdən istifadə etmək əvəzinə, təəssüf ki, bu ölkə bir daha aldatma yolunu seçərək Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirməklə qurban olmasına beynəlxalq birliyi yenidən inandırmağa çalışır.
Ermənistanın Azərbaycan-Ermənistan sərhədindəki son gərginliyə və Azərbaycanın guya Ermənistanın "suveren ərazisini" pozduğuna dair ölkəmə qarşı yeni ittihamları tamamilə əsassızdır. Sərhəd məsələlərinin kökündə duran əsas səbəb Ermənistanın 2020-ci ilin noyabrınadək Azərbaycan ərazilərini qanunsuz işğal altında saxlaması olub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır və Azərbaycan sadəcə olaraq beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir.
Rəsmi açıqlamalarımızda artıq bildirildiyi kimi, Ermənistanla sərhəd olan Azərbaycanın azad edilmiş bölgələrində hava şəraitinin mülayimləşməsi ilə əlaqədar, Azərbaycan özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin
gücləndirilməsi işini davam etdirir. Bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir. 
Ölkəm hər zaman suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət edib. Şübhəsiz ki, bu prinsiplərə qarşılıqlı hörmət, bu əsasda mehriban qonşuluq münasibətləri qurmaq və sərhədlərin 
delimitasiyası/demarkasiyası prosesinə xoş niyyətlə başlamaq ortaya çıxa biləcək bütün mübahisələrin həll edilməsinin yeganə yoludur. Hər iki ölkə müharibədən yeni çıxmışlar, buna görə də uğurlu sərhəd demarkasiyası və delimitasiyası sülh və təhlükəsizliyin təminatı üçün açar rolunu oynayır. Son aylar ərzində tərəflər arasında sərhəd məsələləri üzrə fikir ayrılıqları olub və bunların hamısı üçtərəfli bəyanatların tərəfləri arasında danışıqlar yolu ilə həll edilmişdir. Azərbaycan bəyan edib ki, bu cür fikir ayrılıqları siyasi və diplomatik yollarla həll edilməlidir".
Redaktorun "Baş verənlərlə bağlı beynəlxalq ictimaiyyətin reaksiyasını necə qiymətləndirirsiniz?" sualına cavab olaraq səfir Məmməd Əhmədzadə bildirib:
“Təəssüf ki, Ermənistanın uzun illərdir dünya ictimaiyyətinə aşıladığı qurban obrazına görə bəziləri hələ də onun "rəvayətinə" inanır və ya inanmaq istəyir. İnanmaq istərdim ki, bunun səbəbi erməni tərəfinin "rəvayətini" dəstəkləyənlərin kifayət qədər məlumatlı olmamasıdır. Əksər hallarda bu, Azərbaycana qarşı qərəz və ikili standartlardan irəli gəlir. Sərhəddəki son gərginlik məsələsində də erməni tərəfinin iddialarına inanan və ya inanmaq istəyən bəzi səsləri eşidirik. 
Hər şeydən öncə vurğulamaq istərdim ki, sərhəd demarkasiyası və delimitasiyası ikitərəfli məsələdir, olduqca mürəkkəb və texniki bir prosesdir və belə bir məsələ ilə bağlı hər hansı bir açıqlama vermədən əvvəl hərtərəfli və ətraflı araşdırmaya ehtiyac vardır. Bundan əlavə, qeyd etmək istərdim ki, sərhəddə gərginlik yaranan kimi Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi dərhal bölgəyə səfər etmiş, qarşı tərəfin sərhədçiləri ilə danışıqlara başlamışdır. Hazırda vəziyyəti normallaşdırmaq üçün müvafiq addımlar atılır.
Bu texniki məsələ təxribat xarakterli bəyanatlar və Azərbaycana qarşı qarayaxma kampaniyası ilə şişirdilmişdir. Bu cür destruktiv yanaşma yalnız gərginliyin artmasına xidmət edir. 
Aydındır ki, Ermənistan tərəfindən qeyri-adekvat reaksiyalar və təxribat xarakterli açıqlamalar bu ölkədəki seçkiqabağı vəziyyətlə əlaqədardır. Ermənistanın bu məsələdən siyasi vasitə kimi istifadə etmək cəhdləri qəbuledilməzdir. İllərdir ki, Ermənistan ağır siyasi, iqtisadi, sosial böhran yaşayır. Bu böhran son aylarda hamıya məlum olan səbəblərdən daha da dərinləşib. Ermənistanda nə hökumət, nə də müxalifət Azərbaycan haqqında müsbət və ya heç neytral fikir söyləmək iqtidarında deyil. Bu “azərbaycanofobiya” konsepti, onilliklər ərzində azərbaycanlılara qarşı nifrətin aşılanması ilə siyasi qüvvələr ölkənin daxili problemlərindən və problemi həll etmək iqtidarında olmadıqlarından diqqəti yayındırmağa çalışırlar. Bu gün Ermənistanda məlum səbəblərdən problemlərin dərinləşməsi şəraitində “azərbaycanafobiya” özünün ən yüksək həddinə çatıb. Habelə Ermənistanda o qədər uzun müddət Azərbaycana qarşı
demonizasiya siyasəti, uydurmalar, azərbaycanlıların düşmən formada təqdimatı hökm sürüb ki, cəmiyyətin bunun əksini dərk etməsi üçün vaxt tələb olunacaq. Lakin Ermənistandakı siyasi qüvvələr erməni xalqına həqiqəti söyləmək üçün özlərində cəsarət tapmalı və cəmiyyəti bu ölkənin gələcəyi üçün qaçılmaz olan Azərbaycanla barışığa hazırlamalıdırlar. 
Bir daha təkrarlamaq istərdim ki, mənim ölkəm suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında sülh, təhlükəsizlik və regional əməkdaşlığa tam sadiqdir.
Bizim rəsmi qurumlarımız Ermənistanın siyasi və hərbi dairələrinə beynəlxalq sərhəd boyunca dövlətlərarası sərhəd rejiminin reallığını qəbul etmələrini, bölgədəki vəziyyəti əsassız olaraq gərginləşdirməmələrini və sərhəd məsələlərini ikitərəfli kanallar vasitəsi ilə Azərbaycan tərəfi ilə konstruktiv şəkildə işləməklə həll etmələrini tövsiyə edib. Bu kimi hallar hər iki tərəfin müvafiq sərhəd orqanları arasında qarşılıqlı təmaslar yolu ilə həll edilə bilər və edilməlidir. Azərbaycan bölgədəki gərginliyin həllinə sadiqdir və bunun üçün qarşı tərəfi də müvafiq addımlar atmağa çağırırıq."
"Hesab edirsiz ki, Ermənistan münaqişənin başa çatması ilə yaradılan imkanlardan istifadə etmək əvəzinə, ölkənizə qarşı davamlı qarayaxma kampaniyası aparır. Bəs Azərbaycan bölgəyə sabitlik gətirmək üçün bir şey edirmi?" sualına münasibətdə Azərbaycan diplomatı qeyd edib:
"Bölgənin sabitləşməsi və sülhün bərqərarar olunması üçün ən uyğun yol Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış üçtərəfli bəyanatların müddəalarına riayət etməkdir. Bu bəyanatlardan irəli gələn bütün öhdəliklərini həyata keçirməklə yanaşı, Azərbaycan dəfələrlə Ermənistanla normal qonşuluq münasibətləri qurmaq niyyətini göstərir ki, mən bunları aşağıda sadalayacağam. Lakin buna baxmayaraq, Ermənistan öz öhdəliklərini yerinə yetirməməklə yanaşı, dediyim kimi Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirir.
Erməni tərəfi işğaldan azad olunmuş ərazilərdə guya ki, Azərbaycan tərəfindən xristian irsinin dağıdılmasından danışır. Paradoksal haldır ki, bu iddianı 30 il ərzində Azərbaycanın işğal olunmuş torpaqlını yerlə yeksan etmiş, orada bütün maddi-mədəni irsi, o cümlədən xrtistian abidlərini belə dağıtmış ölkə olan Ermənistan irəli sürür. Halbuki Azərbaycan hazırda qısa müddət ərzində həmin ərazilərdə Ermənistan tərəfindən bilərəkdən dağıdılmış dini abidələrin yenidən qurulması kimi bərpa işlərinə başlayıb. Ermənistan Azərbaycanın bu məramını qiymətləndirməli olduğu halda, azad edilmiş ərazilərdə son hərbi əməliyyatlarda zərər görmüş bir kilsənin bərpası təşəbbüsümüzü anti-Azərbaycan təbliğat elementinə çevirib. Monoetnik ölkəyə çevrilmiş Ermənistandan fərqli olaraq Azərbaycan multikultural ölkədir və Azərbaycanda fərqli dinlərə məxsus irsin qorunub saxlanılması və bərpası bütün dünyaya məlumdur. Ermənistanın Azərbaycanla olan problemini dini məzmunda dünyaya təqdim etməsi çox gülüncdür, çünki Azərbaycanla az da olsa tanış olan istənilən şəxs ölkəmizdə müxtəlif dinlərə münasibətin necə olduğunu gözəl bilir və bu Papa Fransisk tərəfindən də təqdir olunub.
Biz müharibə bitəndən sonra bizdə olan bütün erməni müharibə əsirlərini və 1500-dən çox erməni əsirlərinin cəsədlərini Ermənistana təhvil verdik, halbuki Ermənistanın torpaqlarımızı işğal etdiyi birinci Qarabağ müharibəsində 4000 azərbaycanlı itkin düşmüşdür və onların birinin də cəsədi hələ də Azərbaycana təhvil verilməyib. 10 noyabr bəyanatından sonra Ermənistan həmin bəyanatı pozaraq Azərbaycan ərazisinə terror əməlləri törətmək üçün sabotaj qrupu göndərdi, həmin qrupun üzvləri azərbaycanlı mülki şəxsləri və hərbçiləri qətlə yetiriblər. Azərbaycan tərəfindən tutulan həmin sabotajçı terrorçuları Ermənistan hərbi əsirlərlər kimi qələmə verir. Bu terrorçuları Azərbaycana göndərməklə üçrərəfli bəyanatı pozan Ermənistan məntiqsiz və gülünc bir iddia ilə çıxış edərək, bu bəyanatın şərtlərinin həmin terrorçulara da tətbiq edilməsini və onların sərbəst buraxılmalarını tələb edir. Buna nail olmaq üçün Ermənistan Azərbaycana qarşı qarayaxma və təzyiq kampaniyası aparır. Vurğulamaq istərdim ki, həmin şəxslərə qarşı Azərbaycanda araşdırma gedir. Bununla belə, araşdırma nəticəsində həmin qrupun üzvləri arasında cinayət əməllərində iştirakı sübuta yetirilməyən şəxslər artıq Ermənistana təhvil verilib. Azərbaycanın bu mərhəmətli addımları Ermənistan tərəfindən qiymətləndirilimir və Azərbaycana qarşı qarayaxma kampaniyası davam etdirilir.
Üstəlik, Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina edir. Ərazilərin azad edilməsindən öncə Ermənistan tərəfindən yerləşdirilmiş minaların partlaması nəticəsində son aylarda mülki əhali də daxil olmaqla 100-dən çox azərbaycanlı qətlə yetirilmiş və yaralanmışdır. Göründüyü kimi, Azərbaycandan erməni terrorçularının sərbəst buraxılmasını tələb edənlər azad edilmiş ərazilərdə doğmalarının məzarlarını ziyarət etməyə gedən azərbaycanlı mülki şəxslərin mina partlayışlarının qurbanına çevrilməsinə biganə yanaşır və minalanmış ərazilərin xəritələrini təqdim etmək üçün Ermənistana təzyiq etmirlər.
Biz, həmçinin Ermənistan ərazisi ilə Azərbaycanda rus sülhməramlılarının yerləşdiyi və erməni mənşəli Azərbaycan vətəndaşlarının yaşadığı ərazil arasında yalnız humanitar məqsədlərlə dəhlizə icazə vermişik. Bu, ölkəmin nümayiş etdirdiyi növbəti humanism addımlarından biridir. Lakin, erməni tərəfi bu yaradılmış imkandan da sui-istifadə edərək 10 noyabr bəyanatına zidd olaraq həmin dəhliz vasitəsilə gizli şəkildə erməni hərbçilərini Azərbaycan ərazisinə göndərməkdə davam edir. Halbuki 10 noyabr bəyanatı Azərbaycan ərazilərindən bütün erməni hərbiçilərinin çıxarılmasını tələb edir.  
Bundan başqa, Azərbaycan öz dəmir yolu vasitəsilə Rusiya sülhməramlı qüvvələrinə maneəsiz nəqliyyat və logistika dəstəyini təmin edir. Rus sülhməramlıları dəmir yolu vasitəsilə yüklərini Bərdəyə daşıyır. Bu, həmin yüklərin hava yolu ilə İrəvana, oradan isə uzun zaman kəsiyində avtomaşınlarla Laçın dəhlizindən Xankəndinə daşınmasından daha tez və ucuz başa gəlir. Biz, həmçinin Rusiya ərazisində təmir işlərinin aparılması ilə əlaqədar “Qazprom” şirkətinə Azərbaycan üzərindən Ermənistana təbii qazın nəqlinə icazə vermişik. Azərbaycan yox da deyə bilərdi, ancaq buna icazə verdi.
Habelə biz Azərbaycanın Zəngilan və Qubadlı rayonlarının ərazisində Ermənistan vətəndaşlarına 21 kilometr uzunluğunda yolumuzdan istifadə etməyə icazə veririk. Həmin yol Azərbaycan ərazisindədir və əvvəllər Ermənistan tərəfindən torpaqlarımızın işğalı dövründə ermənilər tərəfindən istifadə edilib. Biz torpaqların azad olunmasından sonnra Ermənistan vətəndaşları tərəfindən bu yolun istifadəsinə mane olmadıq.
Biz 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının şərtlərinə uyğun olaraq regiondakı bütün nəqliyyat komunikasiyaların açılması üzərində çalışırıq. Bu komunikasiyaların açılması 30 il ərzində Azərbaycan torpaqlarının işğalı nəticəsində bütün regional nəqliyyat layihələrindən kənarda qalan və dərin sosial-iqtisadi problemlər içində boğulan Ermənistana nəfəs verəcək. Azərbaycan 90-cı illərdən bəri bölgənin inkişafının təməli olan bütün regional layihələrin təşəbbüskarı və icraçısı olmuşdur. Ölkəm Ermənistandan Azərbaycan ərazilərinin işğalına son qoyulmasını və bu layihələrdə iştirak etməsini tələb etmişdir. Məhz imtina etdiyi üçün Ermənistan regional layihələrdən kənarda qalmışdır. Lakin vəziyyət indi dəyişib və Ermənistan silahlı qüvvələri ərazilərimizdən sülh yolu ilə çıxmağa razı olmasa da Vətən müharibəsi zamanı Azərbaycan əsgərlərinin şücaiəti sayəsində torpaqlarımız işğaldan azad edildi. Ancaq Azərbaycan hələ də müsbət niyyət göstərir və Ermənistanla bütün nəqliyyat və kommunikasiya xətlərinin açılmasını təklif edir. Lakin Azərbaycanın atdığı bu müsbət addım belə lazımi şəkildə qiymətləndirilmir. Paradoksal olsa da, dünyanın ən kasıb ölkələrindən biri olan Ermənistanda ölkənin hava və su kimi ehtiyac duyduğu nəqliyyat xətlərinə qarşı çıxanları da görürük.
Həmçinin vacib bir məqamı da bildirməliyəm ki, Azərbaycan dəfələrlə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq təklifi edib.
Biz münaqişədən sonrakı inkişafdan danışırıq və gələcək barışığa apara biləcək elementlər üzərində diqqətimizi cəmləşdirməliyik. Yuxarıdakı faktlar Azərbaycanın birtərəfli qaydada atdığı addımlarıdır və müharibə səhifəsini çevirməklə bağlı düşünülmüş siyasətidir. Lakin Ermənistan və bu ölkənin təsiri altında olan çevrələr bizim bu qədər müsbət niyyətlərimizi qiymətləndirmək əvəzinə, hələ də Azərbaycana qarşı dezinformasiya, qarayaxma kampaniyası aparmaqda davam edir. Unutmamalıyıq ki, ölkəm bu müsbət niyyətlərini 30 ildən bəri azərbaycanlılara, o cümlədən mülki şəxslərə qarşı hərbi təcavüz və vəhşilik edən Ermənistan kimi bir ölkəyə münasibətdə göstərir. Azərbaycanla Ermənistan arasındakı fərq budur. Ölkəm keçmiş ilə bağlı davamlı acı xatirələri yadda saxlasa da, səhifəni çevirib gələcəyə baxmağa hazırdır. Təəssüf ki, Ermənistan öz xəyali nağıllarının əsirinə çevrilib və müstəqillik illərində yalnız inkişafına mane olan zərərli addımlar atıb."
Baş redaktorun sonuncu "Beynəlxalq ictimaiyyətə bir mesaj verə bilsəydiniz, nə deyərdiniz?" sualına cavab olaraq diplomat vurğulayıb:
"Ən anlaşılmaz məqam ondan ibarətdir ki, 30 il ərzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, Azərbaycan ərazisinin 20 faizini işğal etməsini, 1 milyondan çox azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirməsini, onların öz evlərinə qayıtmasına mane olmasını, Xocalı soyqırımı daxil olmaqla azərbaycanlı mülki əhaliyə qarşı çoxsaylı müharibə cinayətləri törətməsini, Azərbaycan ərazilərini, şəhərlərini, kəndlərini, maddi-mədəni irsini darmadağın etməsini, Gəncə, Tərtər və Bərdə kimi böyük Azərbaycan şəhərlərinə qarşı Vətən müharibəsi zamanı 100-dən çox mülki şəxsin qətlinə və 400-dən çoxunun yaralanmasına səbəb olan klaster bombaları atmasını və bu gün isə davamlı olaraq mülki şəxslər arasında çoxsaylı qurbanlara səbəb olan minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməkdən imtina etməsini qınamayanlar indi də Ermənistanın dezinformasiyasına dəstək gösətrir, həqiqətə göz yumur və Azərbaycanın mövqeyinə diqqət yetirmək istəmirlər. Halbuki həmin şəxslər əgər doğurdan da özlərini erməni xalqının dostu hesab edirlərsə, elə məhz erməni xalqının mənafeyi naminə Ermənistana bu destruktiv əməllərdən, bölgənin gələcəyi, ilk növbədə Ermənistanın özü üçün çox təhlükəli olan revanşizm hisslərindən əl çəkməyə və öz qonşuları ilə normal münasibətlər qurmağa çağırış etməlidirlər. Çünki öz qonşuları ilə, xüsusilə Azərbaycanla normal münasibətlər qurmayana qədər Ermənistanın normal gələcəyi mümkün deyil. Erməni xalqının mənafeyi üçün Ermənistandakı siyasətçilərin, erməni diasporunun və Ermənistanın xaricdəki dostlarının bu reallığı daha tez zamanda anlamaları daha uyğundur.
Müsahibə ilə aşağıdakı keçddən tanış olmaq mümkündür:
https://www.notiziegeopolitiche.net/azerbaijan-lambasciatore-ahmadzada-larmenia-pensi-al-buon-vicinato-non-a-campagne-diffamatorie/ 

Rəy: 0
Rəy əlavə et
Information
Users of Гости are not allowed to comment this publication.