Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Xatirə Dağlar diyarının ilk Əməkdar jurnalisti

Xatirə Dağlar diyarının ilk Əməkdar jurnalisti


Niyə məhz mayın 5-i?!. Sovet dönəmində həmin günü Mətbuat bayramı kimi qeyd edərdik. Əməkdar jurnalist, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Həmzə Vəliməmmədov məhz həmin gün işıqlı dünyaya vida dedi. Onun jurnalistlik, redaktorluq fəaliyyəti sovet dönəminə düşdüyündən vəfatı da bəlkə elə həmin günə düşdü… Gözləmədiyim, inanmaq istəmədiyim bu xəbər iliyimə qədər üşütdü məni. 
Bizi yaxşı-yaxşı yandırsın deyə, 
Ölüm də ən yaxşı dostları seçir. 
Şəkər Aslanın bu misraları ürəyimi üşütsə də, heç nə yaza bilmədim. Qismət Milli Mətbuat gününə imiş. Özü də 145 illik yubiley gününə. Yəqin ki, yenə məni ilk təbrik edənlərdən olacaqdı. Yarıciddi-yarızarafat hər il deyərdi ki, əsl bayram sənindir. Çünki peşənə sədaqətli qalaraq iş üstündəsən, biz isə aralanmışıq.
Əslində ömrünün son aylarına qədər yazdı, yaratdı. Son 20 ildə düz 15 kitab nəşr etdirdi. “İllərdən qalan izlər”, “İllərin söz yadigarı”, “Dağdan ağır kişilər”, “Lerik ünvanlı duyğular”, “Əsgər şöhrəti”, “Şərəflə yaşanmış ömür”… doğma yurda sədaqət, ziyalı, zəhmətkeş insanlara məhəbbət bütün kitablarının ana xəttini təşkil edir. 
***
1995-2002-ci illərdə Lerikdə Novruz Novruzovun icra başçısı olduğu dövrdə ora tez-tez gedərdik. Bacılarım qədər mənə əziz olan alim Şaiqə İsgəndərova, jurnalist Əlisəfa Həsənov, şair Ağamir Cavadla Lerikin əksər tədbirlərinə dəvət olunub iştirak edərdik. Uzun fasilədən sonra isə 2015-ci ildə getmişdim. Sıravi işçidən Ticarət naziri vəzifəsinədək yüksələn Miri Qənbərovun yubileyinə məni həyat yoldaşı Tamilla Qənbərova dəvət etmişdi. Bakıdan, Lənkərandan və digər yerlərdən xeyli qonaq var idi. Bizi rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov qarşıladı. Ağsaqqallar Şurasının sədri olaraq Həmzə müəllim tədbirin təşkilatçılarından idi. Qızı - İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova ilə orda tanış oldum. Tədbirdən sonra “Relaks” İstirahət Mərkəzindəki ziyafət məclisinə yığışdıq. Dağların qoynunda unudulmaz bir gün yaşadıq. Həmin günün təəssüratları -  “Dağlar, sizə baş əyməyə gəlmişəm” başlıqlı yazım “Söz” jurnalında əbədiləşdi. Qısa, yığcam, lakin tam əhatəli yazı kimi dəyərləndirdi. Təcrübəli redaktorun xoş sözləri mənim üçün meyar idi.
Sonrakı yayda da Lerikə getdim. Qardaşım Hacı Nizami ilə gedəc\əyimi bir gün əvvəldən bilirdi. Gedişimin məqsədi şair-publisist Allahverdi Məmmədlinin adına verilmiş küçənin taleyilə bağlı idi. Arzu xanımla görüşdüm. Küçənin adıyla bağlı sərəncamı tapdı. Rayonun memarını çağırdı. Həmin hissədə təmir işləri getdiyindən küçəni göstərə bilmədilər. Küçənin və “Allahverdi Məmmədli küçəsi” yazılmış lövhənin şəkillərini çəkdirib mənə göndərmələrini xahiş etdim. Haqqında yazdığım kitab üçün istəyirdim. Təəssüf ki, bu günə kimi əlaqədar təşkilatlardan xəbər yoxdur.
Həmzə müəllimi görmək üçün Ağsaqqallar Şurasına getdik. Mənim üçün dağların ətəyindən üstündə gülləri olan xeyli kəklikotu yığdırmışdı.
Deyəsən, sonuncu görüşümüz oldu. Telefonla tez-tez danışdığımızdan, mənə son dərəcə diqqət göstərdiyindən elə bilirdim, tez-tez görüşürük.
***
İlin əvvəllərində özümü yaxşı hiss eləmirdim. O mənada ki, şəkərim, təzyiqim normadan hədsiz çox olurdu. Hamı xəstəxana şəraitində müalicə almağımı məsləhət görürdü. Həmin ərəfədə Həmzə müəllim zəng vurdu. Səsimdən ağrıdığımı hiss etdi. O da xəstəxana şəraitində müalicə almağımı tövsiyə etdi. 5-10 dəqiqə sonra yenə zəng vurdu. Və bildirdi ki, məndən ötrü Bakıda məşhur xəstəxanalardan birində çalışan, əslən Lerikdən olan tanınmış həkim Qəhrəman Novruzova zəng vurub xəstəxanaya yerləşdirilməyimə kömək etməsini xahiş edib. Doğrudur, xəstəxanada cəmi bir sutka yatdım. Amma Həmzə müəllimin və həkim Qəhrəman Novruzovun qayğısını heç vaxt unutmaram.
Bu ilin axır çərşənbəsi idi. Təbrik üçün zəng vurmuşdu. Səsimin hüznlü olduğunu o dəqiqə hiss etdi. Nə qədər soruşdu, “heç nə olmayıb” dedim. Çox nigaran qaldı. Dedi: “heç nəyə oxşamır”.
Haqlıydı. Sevimli anamı itirmişdim. Dünyam alt-üst olmuşdu. Amma Həmzə müəllimi narahat etmək istəmədim. İndi də bilmirəm, düz elədim, ya səhv?.. Düşündüm, Lerikdən durub o boyda yolu Lənkərana gələcək. 40-a deyəcəyimi qərarlaşdırdım… Daha bilmədim ki, dünyanı caynağına alan pandemiyanın sərt rejimi hamımızın əl-qolunu bağlayacaq.
Qardaşım Yusif 2011-ci ildə Bakıda xəstəxanada yatdığı günlərdə hər gün zəng vurub vəziyyətilə maraqlanırdı. Lakin Yusifin dərdinə əlac tapılmadı. 22 gündən sonra Lənkərana qayıtdıq. Dəfn günü Həmzə müəllim birinci gələnlərdən idi. 
2000-ci ilin əvvəllərində Lənkəran Dövlət Dram Teatrında Şəkər Aslanın yubileyi keçirilirdi. Aparıcı olaraq səhnədə idim. Lənkəranın ziyalı ağsaqqalları – indi haqq dünyasında olan Hacı Mirhaşım Talışlı, Hacı Mirsalam Babayev və İltifat Saleh də mənim yanımda idilər. Həmzə müəllimin yubileyə gəldiyindən xəbərsizdim. Yəqin ki, o zaman Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı olan Yaşar Rzayev dəvət etmişdi. Amfiteatrda Yaşar müəllimlə yanaşı oturmuşdu. Əlini qaldırıb söz istədi. Səhnəyə dəvət etdik. Çox kövrək danışdı. Lənkəranı şeirlərilə dünyaya tanıdan Şəkər Aslan üçün daha böyük yubileylər keçirilməsini arzuladı. Və qeyd etdi ki, Sevda xanım Şəkər Aslanın “qız qardaşı” idi. Mənim isə bacımdır.
***
Həmzə Vəliməmmədov ata-anasının tək övladı idi. Atası Ruhulla kişini xatırlaya bilmirdi. Repressiya onların ailəsindən də yan keçməmişdi. Böyükxanım ana balaca Həmzəni götürüb Təlbəyəğ kəndindən çıxıb Lerikin başqa kəndlərinə üz tutub. Amma deyirlər, Həmzə müəllim uşaq yaddaşında yaşatdığı o kəndin gur çeşməli bulaqlarını, qədim kəhrizlərini, meyvəli bağlarını heç vaxt unutmazmış. Həmzə Vəliməmmədov yeddiillik təhsilini Kəlvəz, Cəngəmiran kəndlərində və orta təhsilini Lerik qəsəbəsində alır. Sonra Lənkəran Pedaqoji Məktəbində oxuyur. Lerikin Blaband və Barzavu kəndlərində müəllim və məktəb direktoru işləyir. İşləyə-işləyə təhsilini Gəncə Pedaqoji İnstitutunda davam etdirir. Bir qədər sonra “Bolluq uğrunda” rayon qəzetində şöbə müdiri kimi fəaliyyətə başlayır. Həmin dövrdə Bakı Ali Partiya Məktəbinin jurnalistika fakültəsində təhsil alır. Rayon Partiya Komitəsində təlimatçı, rayon qəzetinin redaktoru, təhsil şöbəsinin, mədəniyyət və turizm şöbəsinin müdiri olur. Son illər rayon Ağsaqqallar Şurasının sədri idi. Bir redaktor olaraq dağ rayonunun qayğı və problemləri, eləcə də uğurları onun qələmindən çıxırdı. O illərdə aldığı “Əməkdar jurnalist”  fəxri adı onun halal haqqı idi. 
“Söz” ün hər sayını izlərdi. Üzləşdiyim çətinliklərdən xəbərdardı. Daimi əməkdaşlarımızdandı. Çalışardı elə mövzularda yazsın, jurnalın satışına da köməyi dəysin.
Kitablarıma da yüksək dəyər verərdi. İlk kitabımın qəhrəmanı, ağır illərin, meydan hadisələri dövrünün naziri, general-mayor Aydın Məmmədov uzun illər Lerik rayon Partiya Komitəsinin I katibi işləmiş Sultan Məmmədovun qardaşı olaraq ona da doğma idi. “İlk poliqrafçı alim” Şəddat Cəfərovu Azərbaycandan tanısa da, “Ulyanovskaya Pravda” nəşriyyatının direktoru olanda daha da yaxınlaşmışdılar. Oğlu Rüfət həmin dövrdə Ulyanovskda ali təhsil alırdı. Şəddat Cəfərovun həmin illərdə oğluna xeyirxah münasibətini Həmzə müəllim uutmurdu. Minnətdarlıq dolu məktubları Fatma Həsənqızının “Acılı-şirinli günlər” kitabında dərc olunub. “Haçandı görüşmürük” kitabımın qəhrəmanı, şair-publisist Allahverdi Məmmədli də sevdiyi insanlardan idi.
***
Həmzə Vəliməmmədov ailədə tək böyüsə də, Tanrı övlad sarıdan onu bol-bol sevindirmişdi. Sözün həqiqi mənasında qəhrəman ana olan Səlminaz xanımla 5 qız, 5 oğlan ərsəyə gətirmişdi. Təəssüf ki, Səlminaz xanım övladlarının sevincini doyunca görmədi. 54 yaşında bu dünyayla vidalaşdı. Dövlət məmuru, dövlət xidmətində duran hərbçi, iqtisadiyyat, təhsil və musiqi ilə məşğul olan övladları ailənin yaxşı ənənələrini nəvələrə ötürürlər.
***
82 il - Həmzə Vəliməmmədovun yaşadığı ömür bu qədər oldu. Uzunömürlülər diyarı üçün bu rəqəm çox olmasa da, normal insan ömrü üçün pis rəqəm deyil. Həmzə müəllimin təhsil illərini nəzərə almasaq, bütün ömrünü dağlar qoynunda yaşadı. Dağlar diyarının sakinlərinin maariflənməsinə, mədəni, bir sözlə, hərtərəfli inkişafına ömür qoydu.
Deyirlər, dağlar etibarı, sədaqəti çox sevir. Dağların daş yaddaşı etibarlı olur. Elə bilirəm, dağlar yurdun qələm adamını heç vaxt unutmayacaq. Əlaqədar təşkilatlar isə HƏMZƏ VƏLİƏMMƏDOVun adının əbədiləşdirilməsi üçün tədbir görəcəklər.
Sevda Əlibəyli,
“Söz” jurnalının baş redaktoru.
22 iyul 2020-ci il.




Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.