Azərbaycanca Russin English
Hot news:
» Commentary by the Press Service Department of the MFA of the Republic of Azerbaijan on the alleged cases of mistreatment with Armenian POWs as reported by Human Rights Watch» Heydar Aliyev Palace along with the veterans of the Patriotic War presented an interesting video on the occasion of March 8» For This Girl» Gul_Efendi_M» Vusal Gasimli: Senate Resolution Is a Blow to French Interests in the South Caucasus» 25 NOVEMBER 2020 07:39 The first footage of the liberated from occupation Kalbajar region - VIDEO» The destroyed infrastructure of Aghdam region should be restored» Armenia's plan to revive the tourism sector is doomed to be unsuccessful» The prospects that the liberation of the occupied territories offer to the economy of Azerbaijan Comments by Center for Analysis of Economic Reforms and Communication» "Aid" provided to Armenia serves to financing the occupation Comment by Head of Department of CAERC Ayaz Museyibov» Information of the Press Service Department of the MFA of the Republic of Azerbaijan on the meeting of the Foreign Minister Jeyhun Bayramov and Assistant to the President for National Security Affairs Robert O’Brien.» Press release of the Press Service Department of the MFA of the Republic of Azerbaijan» Vusal Gasimli: Karabakh has a great economic potential» Armenia carries out environmental terror against Azerbaijan» Armenia: Acquired investment deficit syndrome» War will cause serious damage to the mining industry of Armenia» Armenia facing migration-borne pressure» Press-release of the Press Service Department of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan.» Kapital Bank has released financial results for the third quarter of 2020» Vusal Gasimli: "By investing in Armenia, investors should not support the militaristic economy"
» » Təranə VAHİD Y E N İ H E K A Y Ə L Ə R

Təranə VAHİD Y E N İ H E K A Y Ə L Ə R

  ÜMID SATAN
Adamlar çörək axtaranda ümid, ümid axtaranda heç nə tapmır...
Yadulla kişinin keyfi olmayanda, işləri düz gətirməyəndə, kimsə xətrinə dəyəndə özünə ağı deyirdi. Sözləri də təxminən belə olurdu: adın qara daşlara yazılacaq, baş daşından o yaraşıqlı ümid satan oğlan, oğlan ha, yetmişi çoxdan adlayıb, boylanacaq. Allah bilir şəkli daşa döyən adamın fikri harda olacaq, bığın yaddan çıxıb qalacaq. 
Yaddan çıxmayacaq ey, adamın  işi-gücü qutarıb ki,  özünü əziyyətə salıb iki gün  daşa bığ döysün.  Ömrü boyu bığlı gəz, son mənzildə bığını ixtisara salsınlar. Ağının bu yerinə çatanda Yadulla kişi lap ümidsizləşirdi. Dodağının altında mızıldanırdı:
– Bu bığsız sifətinlə də bir müddət baxacaqsan dünyaya. Nə vaxtsa baş daşın  yağışa, qara, küləyə, zəlzələyə, ekoloji fəlakətlərə, ədalətsizliyə tab gətirməyib çat verəcək.Ondan sonra dünyayla biryolluq üzülüşüb gedəcəksən işinin dalınca... 
Bu qısa hekayətdən və  vida mərasimindən sonra Yadulla kişi qaramatını töküb yüngülləşirdi. “Bəsdi, ümid satan oğlan, yekə kişisən, dur ağaya, get çörəkpulunu qazan” – deyib sankiəlləriylə çiyinlərindən tutub özünü yerdən qaldırırdı.
Yalan olmasın,sovet dağılandan Yadulla kişinin lotereyada bəxti gətirmişdi. Şəhərin o tini, o döngəsi, o səkisi yoxuydu ki, qışın sazağında burnunun suyunu axıtmasın, metroların, yeraltı keçidlərin o çıxışı yoxuydu ki, yayın istisində tər vurub dabanından çıxmasın. Əvəzində özünün icad elədiyi “Ac quşlar +  ümid tələsi = çörəkpulu” düsturu ağır illərdə onu çörəksiz qoymamışdı. Hərdən zarafata salıb deyirdi ki, lotereya həyatımın mənasıdır. Bir vaxtlar bu sözləri bir az da bəzəyib arvadı Təzəgülə deyərdi. O vaxtlar elə uzaqda  qalmışdı ki, heç yadına da düşmürdü. Onun aləmində Təzəgül çoxdan köhnəlib Köhnəgül olmuşdu. Amma özü Köhnəgüldən də köhnə idi. Əl-ələ verib beş uşaq böyüdüb ev-eşik sahibi  eləmişdilər. Elə-belə yox ha, Montindəki beşotaqlı evlərini xırda-xırda sata-sata sovetskinin balaca zirzəmilərinin birinə sığınmışdılar. Sovetski də bir ucdan sökülə-sökülə gedir, sonraları necə olacaq, bunu Allahdan başqa kimsə bilmir...
Hə, məsələdən yayınıb uzağa getməyək. Yadulla kişi 25 ilə yaxındı ki, yay-qış, şənbə-bazar, səhər-axşam istirahət etmədən, məzuniyyətə çıxmadan, xeirə-şərə getmədən  lotareya satır.
Lotareya alan adamlara cek-pod arzulayır, bəxti gətirməyənlərin, bunlar o qədər çoxdur ki... dərdini çəkir... 
– Day-day, yoxla da bu lotereyanı... 
– Qardaş, bu dəfə məni sevindir...
– Əmi, məni naümid qaytarma...
Yadulla kişi də ehtiramla lotereya kağızını alıb xırda rəqmlərlə sıralanmış qəzet səhifəsini süfrə kimi balaca stulunun üstünə sərib  səbirlə gözdən keçirər, handan-hana müalyim səslə deyərdi: 
– Dayı qurban, bu dəfə bəxtin gətirməyib, zəhrimara qalmış xal yandırıb ey, bax özün, olan şeydi, yenə istəyirsən?
“Bu dəfə” sözü çoxlarını tələyə salardı. Gələn dəfə bəxtinin gətirəcəyinə ümid edən, cibindəki son manatını  lotereyaya xərcləyənlərə ürəyində yazığı gəlsə də,  lotereyanı almasalar özünün yazıq günə qalacağını  gözə alıb susardı.  
Bu illər ərzində Yadulla kişi əməlli-başlı insan sərrafına dönmüşdü. Müştərilərinin çoxunu üzdən tanıyırdı,  xasiyyətlərinə azdan-çoxdan bələd idi. Elə müştərisi vardı ki, yalan olmasın 20 il idi ondan lotereya alırdı. Belə hücət adamların inadı Yadulla kişini hövsələdən çıxarırdı. Öz-özünə “görürsən bəxtin gətirmir, əl çək də bu zəhrimardan” – deyib dalısınca deyinirdi.
Budur, soyuq fevral günündə  ilkmüştərisi lotereyabaz Qədir müəllimdi. Eşitdiyinə görə Qədir müəllim astronomdu. Ömrü boyu rəsədxanada işləyib, ömrü boyu ulduzları güdüb, onu zorla  təqaüdə çıxanda özünü saxlaya bilməyib hamının içində  ağlayıb. Görünür yeni ulduz kəşf eləmək istəyirmiş, yaşı imkan verməyib. 
– Sabahın xeyir Yadulla kişi, axır ki, qarı yağdırdın. Bu lotereyanı təbiətin şərəfinə alıram.  Bilirsən nə var, Yadulla kişi, təbiət heç bir qanuna tabe olmur.  Təbiətin nə vecinə ki, sən kimsən, kimin qohumusan, başının içində nə var, cibindəki nədi. Təbiət insan kimi nankor olsaydı indi Yer kürəsi qalaktikada toza dönmüşdü. Nə sən vardın, nə mən, nə də lotereya.
Qədir müəllim bu sözləri deyib ləzzətlə güldü. Əlini paltosunun cibinə salıb portmanatını çıxardı. 
– Üçün ver, hələ pensiyaya xeyli var, gələn dəfə də almalıyam axı.
Yadulla kişi lotereyaları salafanın altından kom çıxarıb müştərisinə uzatdı. Qədir müəllim incə barmaqlarıyla üç lotereya seçib aldı.
Yadulla kişimüştərisinin arxasıyca baxıb “bu da bizim qızılbaşımız” – deyib başını yellədi.
Həmin gün Qədir müəllimin ayağı uğurlu oldu. Lotereyalar su kimi satıldı. Axşama bircə lotereya qaldı.  Nədənsə bu lotereya Yadulla kişinin gözünə qızıl balıq kimi göründü. Uzun illər lotereya satan Yadulla kişi həyatında ilk dəfə qazancından bir manat ayırıb lotereya aldı... 
... Sən demə lotereya almağın başqa ləzzəti varmış. Keçən saatlarda  Yadulla kişi nə xəyallar qurdu, nə planlar cızdı, bircə özü bilir, bir də allahı. Sonda bütün məbləğlərdən yayınıb gözünü cek-pota  – 168 min manata dikdi. Bu məbləğlə uzun illər yaşadığı və sonralar məcburiyyət qarşısında satdığı köhnə məhəllələrindəki  xudmani evi yenidən  alardı, həyatı boyu  həsrətində olduğu, elə bu gün də maşınların gözü saydığı köhnə qara volqanı alıb gözünün qurdunu öldürərdi. Noulsun ki, indi bu maşın sayılmır, sən  Leylaya Məcnunun, “Volqa”ya Yadullanın gözüylə bax. 
Ömrü boyu ehtiyac köynəyini əynindən çıxarmayan Köhnəgülə azacıq maya qoyub Təzəgüldən dətəzə edərdi. Uşaqlara, nəvələrə təzə pal-paltar alar, dost-tanışa, qohum-qonşuya üçdən beşdən əl tutar, lotereya satmağın da daşını biryollq atıb heç olmasa ömrünün axırında beş-on gün adam kimi yaşayardı. 
Xəyyallar Yadullanıqanadına alıb yerdən azacıq yuxarı qaldırdı: səhər yuxudan oyanır, bayırda qar yağır, o da heç yerə tələsmir, qaçmır, mürəbbəli çay içə-içə mavi ekranda “Buz dövrü-3” cizgi filminə baxır.Allah-Allah, elə bil uşaqdı, cizgi filmlərindən ötrü ürəyi gedir, bütün gün oturub baxsa, yenə doymaz. 
Yadulla kişinin xəyyaları yerə enir, öz-özünə “Gör dünyada nələr var”  – deyir...
Yadulla kişi həmin gün  ümid dənizində yolu azmış gəmi kimi xeyli vurnuxdu. Dəqiqələri  saysa da axşam lotareya oyunu başlayana yaxın işıqları söndü. Yadulla kişi dəli oldu.  Aydan-aya işqıpulunu ver, ömründə bir dəfə lotereya al, onda da işıqlar sönsün. Gecəni pis yatdı, əslində heç yatmadı.  Əzbərləyib yaddaşına yazdığı cek-pot nömrəsini görmək ümidiylə səhəri dirigözlü açıb tezdən işə qaçdı. Bu da açıq səma altında Yadulla kişinin “ofis”i. Göydən tək-tük qar gəlir. Evdən tələsik çıxan adamlar yarıyuxulu harasa tələsir. 
Axır ki, lotereya paylayan qıvrımsaç, çopursifət, diribaş  oğlan ona yaxınlaşıb təzə lotereyaları qəzetlə birlikdə Yadulla kişiyə uzatdı. Yadulla kişi qəzeti tələsik alıb balaca stolun üstündəki şəffaf örtük altında gizlətdi. Oğlan dönüb gedən kimi qəzeti tələm-tələsik çıxarıb açdı. Çox həyəcanlı olduğundan rəqəmlər gözündən qaçdı. 12.69. Yadulla kişi qəflətən duruxdu, yanaqları qızardı, gözünə inana bilmədi, inanmaq istəmədi, heç inanmadı da. 168 min manatın yerindən boynubükük bir manat boylanırdı. 
Bütün bunlar bir anda baş verdi. Yadulla kişinin qurduğu xəyallar qar kimi başına uçdu. O gün Yadulla kişi özünə bir qatar xoruz səsi eşitməyən ağı dedi. And içdi ki, bir də, bir də lotereya satsa... 
Üstündən düz bir il keçir. Qışdı, havalar keçənilkindən də soyuqdu.  Yadulla kişi hər səhər özünə ağı deyə-deyə  evdən çıxıb, lotereya satmağa gedir. Neyləsin, iş var?!
QORXU ÇİÇƏKLƏRİ
Adam, ağac, dozanqurdu,  paxla, balina - hamısı bir-birinə oxşayır...
Qarl əriyib dağ yuxarı çəkiləndə qoca Bağban elə bil ilan ağzından qurtardı. Dəhrəsini, dırmığını, bağ qayçısını, çalğusunu qoltuğuna vurub bağa yollandı. Payızda bağdan çıxanda fındıq çubuğundan hördüyü qapını məftillə möhkəm-möhkəm düyünləmişdi. Bir xeyli əlləşəndən  sonra məftilləri açdı, bununla sanki həm də ömrünün səksəninci baharının qapısını itələyib içəri keçdi. Ürəyində “Şükür Allahın kərəminə!”- dedi. Düzdü, bu sözləri hər il deyirdi, amma bu dəfə lap ürəkdən dedi. Səbəbsiz də deyildi.
Bu qış ömründə birinci kərə Əzrailləqarşılaşmışdı. Əzrail olanda noolar, birinci dəfədir deyib güzəştə getmişdi. Kəndçiləri Çırttaqoz Veysəl olmasaydı, heç başına bu həngamə də gəlməyəcəkdi. Çırttaqoz Veysəl durub-durub kiçik çillədə öldü. Camaat daş atıb başını tutdu: bu qiyamətdə gərək canından keçəsən ki, qəbir qazasan. Bağban onlarla razılaşmadı. Dedi, yekə kişisiz, ölü ortada qalmayacaq ki; külüngünü belinə taxıb Veysələ kefin istəyən bir qəbir qazdı. Tər dabanından süzülə-süzülə kəndə qayıdanda nəfsini saxlaya bilmədi, dərədəcə ağzını buz kimi suya söykəyib doyunca içdi.
Veysəldən sonrakı qəbir onunku olacaqdı, amma arvadı Güləbətin özünü ölümə qoydu ki, Bağban ölməyəcək. Bilirdi ki, dünyada görüb-görəcəyi yeganə kişi Bağbandır, o da ölsə vay halına. Qonşu kəndə həkim dalıycan adam göndərdi. Nəvəsinin sünnətinə saxladıqları toğlunu  kəsdirib Bağbanı dəriyə bükdü, umacı bişirib isti-isti ərinin boğazına tökdü, təkgöz Zəriyə nəzir-niyaz dedi, axır ki, ərini Əzrailin əlindən zorla dartıb qopartdı. İndi budu, Bağban qıpqıvraq əvvəl özünə, sonra bağa xeyir-duasını verib içəri keçdi. Əlindəki dəhrə ilə kolu-kosu qırıb-çatdı, küləyin qovub gizlətdiyi xəzəli dırmıqladı, çəmənləri çalğuladı. Bağbanın bu qayğıkeşliyindən bağın üzü güldü. Yaz günəşi ağacların çılpaq budaqlarından süzülüb çoxdan isti dəyməyən kökləri qıdıqlayıb oyatdı. Günəşin istisi Bağbanın qartımış kürəyini də yumşaltdı. Quluncunu qırıb dərindən nəfəs aldı. Sonra qolunu çırmayıb ağacları budadı. Belə vaxtlar Bağban cəllad kimi soyuqqanlı olur, lazımsız zoğları bağ qayçısı ilə  üsulluca üzüb atırdı.
Alma ağacına çatanda duruxdu. Altdan-yuxarı incik-incik ağaca baxdı. O biri ağaclara dediyini alma ağacına deyə bilmədi. Bayaq armud ağacını budayanda ağacın qulağına heç kəsin eşitmədiyi sözlər demişdi. Demişdi ki, səndən bu bağda, heç bu kənddə, belə baxanda heç bu dünyada yoxdur. Keçən il özünü əsl kişi kimi apardın. Dolu da yağdı, tufan da qopdu, payızın axırlarında dəli bir külək yeri-göyü oynatdı, bircə meyvənin də burnu qanamadı. Nə belin əyildi, nə budaqların sındı. Kökünlə torpaqdan elə yapışdın ki, olmayan kimi. Bu isti sözlər armud ağacına budanan qollarının ağrısını unutdurdu. İlıq sözlərdən elə utandı ki, ən uca budağının ən uca zoğu qızarıb düymələdi. Amma bunu Bağban görmədi. Görə də bilməzdi. Birincisi boyu boy deyildi, ikincisi, sol gözü axır vaxtlar ancaq qaraltını seçirdi. Bu sözləri armud ağacına demişdi. İndi o mayıf gözünü qıyıb salamat gözü ilə  alma ağacına baxırdı. Sonra əlinin içi ilə ağacın gövdəsinə bir-ikisini ilişdirdi. Səsini alçaltdı. Heç kəs eşitməsin deyə pıçıldadı: 
- Mənim də səbrimin həddi-hüdudu var axı. Boynuna al ki, qocalmısan. Üç ildir nə çiçəyin olub, nə də meyvən. Bu yaz da çiçək açmasan vay halına!!!
Alma ağacının kötüyə dönmüş gövdəsi bağbanın sözlərindən çat verdi. Bal kimi şirə çatdan  torpağa süzüldü. Bağban ağaca dediyini deyib, ötüb keçdi. Heç saya salıb ağacı budamadı da. O yaz bağda bütün ağaclar çiçək açdı. Alma ağacından başqa. Qonşu ağaclar qanadlarını barsız ağacın boynuna dolayıb könlünü aldılar. Həm də istəmədilər ki, bu biabırçılığı kimsə görsün. Sonra bağbanın başı qarışdı. Ərik kefini açdı, armud ağzında yağ kimi əridi, şaftalının tükləri üz-gözünü daladı. Yediyini yedi, yemədiyini pay verdi. Qonşunun yük maşını üç dəfə bağın meyvəsini bazara daşıdı. Bağbanın kefi kökəldi,arvad-uşağın əyni-başı təzələndi, qohum-əqrəbaya baş çəkdi, toylara nəmər saldı. Həm öz könlü xoş oldu, həm də özgələrin.
Yaxındakı dağın başına qar düşən gün Bağbanın meyvələrini bazara daşıyan qonşu xəbər gətirdi ki, bazardakılar alma istəyir, bilirsən də hansı almadan?
Bağbanı od götürdü. Kötüyün üstünə taxdığı baltanı götürüb bağa cumdu. Yol boyu alma ağacının keçmiş-keçəcəyini, kökünü-köməcini, yedi arxa dönənini  söyüb buladı. Bağa girəndə ilk məhəbbətini uzun illərdən sonra görən adam kimi sir-sifəti çiçək açdı. Bu bağ onun Güləbətindən əvvəlki məhəbbəti idi. Ancaq bunu heç açıb-ağartmazdı. Xəzəli yara-yara ağaclara tərəf yeridi. Ağaclar barını yerə qoyub yüngülləşmişdi. Birdən Bağbana elə gəldi ki, ağaclar birtəhərdir. Elə bağ da gözünə birtəhər dəydi. Alma ağacının yanına çatanda gözlərinə inanmadı. İlin bu vədəsində ağac başdan-başa çiçək açmışdı. Bu ağlı-çəhrayılı çiçəklər gözlərini geniş acıb günəş axtarırdı.
Qoca bağban ömründə belə sarsılmamışdı. Birdən heyrətini qorxu üstələdi. Yaxınlaşan qar havasının soyuğu qocanı səksəndirdi. Qorxudan çiçəkləmiş ağacın dərdi onu götürdü. Amma neyləyə bilərdi... Bu boyda ağacı evə aparası deyildi ha. Heç bükmək də mümkün deyildi. Bağban xəcalətdən əlindəki baltanı arxasında gizlətdi. Gözləri dolmuşdu, başdan ayağa tir-tir titrəyirdi. Elə titrək səslə də pıçıldadı:
- Sən yaxşı ağacsan. Yaxşılığına heç söz olmaz. Yadındadı, Qaraş oğlu Vəlinin uşaqları acından ölən il sən bolluca bar verdin, külfəti ölməyə qoymadın. Çox illər karımıza gəldin. Görünür mən səndən də çox qocalmışam. Rəhmətlik babam deyərdi ki, bağban bağın üstünə əlibaltalı gedəndə göydən daş yağar. 
O gecə göydən daş yağmadı, qar yağdı. Bağban çiçəklə qarı bir yerdə qoyub hara gedə bilərdi... Qar lopa-lopa yağdıqca hər ikisi üşüyür, Bağbanxəcalətdən özünə yer tapa bilmirdi. 
Gecə yarıdan keçəndə Bağbanın son ümidi də boşa çıxdı. Xırda qar başladı. Bağban ağacın necə qorxduğunu, titrədiyini aydınca hiss edir, dünyanın bərkindən-boşundan çıxmış əlləri ilə  gövdəni sığallayır, nəfəsi ilə isidir, arabir ağacı qucaqlayıb ana balasına layla deyən kimi kal səslə alma ağacına layla deyirdi. 
Gecəynən kənd bir-birinə dəydi.  Bağban yoxa çıxmışdır. Nə qədər axtarsalar da xeyri olmadı. Səhər kiminsə ağlına gəldi ki, bağa baş çəksin. Qarı yara-yara gəlib Bağbanın cəsədini ağaca söykəli vəziyyətdə tapdılar. Cəsəd buz bağlamışdı. Səlim kişi bağbanın cəsədini belinə alıb kəndə tərəf yönəldi. Qar altında şaxta vurmuş çiçəkləri isə kimsə görmədi...
Bağbanın müəmmalı ölümünün sirri uzun illər  kənd camaatı üçün açılmadı və gün gəldi ki, bu  hadisəni kənddə xatırlayacaq daha kimsə qalmadı...
AXŞAMÜSTÜ
Səhər gülümsədi, günorta heyrətləndi, axşam çıxıb getdi...
Bir müddət çəliyinə söykənib - şikarını gözləyən qurbağa kimi - nəfəsini içinə çəkdi. Sonra tor görən gözləri ilə ətrafına boylandı.   Dayandığı yerdə  üç yol kəsişirdi. Biri dərəyə uzanırdı. Orda sarı-qırmızı gillərin arasından bulaq qaynayırdı. Kəndin qız-gəlinləri axşam-səhər bu bulaqdan su daşıyırdı. Kimi səhənglə, kimi vedrə ilə.
Qoca, çal qaşlarının altındakı xırda gözləri ilə  bu durna qatarına biganə qala bilmirdi. Vaxtaşırı çolaq ayağını sürüyə-sürüyə bu dikdirə qalxır,  dolu bədənli qadınlara, incə belli gəlinlərə, qu quşu kimi zərif boyunlu qızlara dişi tökülmüş canavar quzuya  baxan kimi baxırdı. 
Amma onun qığılcımı sönmüş ölgün baxışları heç kimi ürkütmürdü. Arvadlar fikirləşirdi ki, qoca kişidi, hay-hayı gedib, vay-vayı qalıb. Gəlinlər onu görəndə özlərini yığışdırırdılar ki, qoy qoca necə abırlı gəlin olduqlarını görsün. Qızları kəndin dəliqanlı gədələrindən  başqa heç kəs maraqlandırmırdı. Qocaya da  keflərinə düşəndə  salam verirdilər, keflərinə düşməyəndə yox.  Bu da qocanın xətrinə dəyirdi. Dodağının altında mızıldanırdı ki, Allahın altında cavan vaxtım olaydı. Onda görərdiniz ki... Bu sözləri deyəndə dodağı əsirdi. Bilirdi ki, day bundan sonra cavan olası deyil ha... Həqiqəti  zəqqum kimi xirtdəyindən içəri ötürürdü.
İkinci yol üzümlüyə gedib çıxırdı. Üzüm yığını çoxdan başlamışdı və qoca yaxşı bilirdi ki, bu kənddə bineyi-qədimdən belə bir adət var. Cavanlar üzüm yığanda kanistrdənçaxır süzüb içə-içə məst olub kəndin qızlarından danışırlar. Məsələn, filan qızın gözəl gözlərindən, filankəsinbiçimli ayaqlarından, filan qızın qızılı rəngli saçlarından o qədər danışırlar ki, o gecə hamı yuxuda o ayaqları, o gözləri,  o saçları görürdü.  
Səhər də kəndə xəbər yayılırdı ki, o sevimli ayaqların, gözlərin, ya da saçların  yiyəsini qonşu kənddən filankəsin oğlu qaçırıb. O gün üzümlük yasa batırdı. Özünü toxtaq tutan cavanlardan neçəsi həmin gecə gizlicə gözünün yaşını əlinin dalı ilə silib, qıza ürəyini açmadığına görə özünü söyür,   ürəyində balaca bir çala qazıb körpə məhəbbətini oradaca basdırırdı. Sonra burnunun suyunu balışa silir, elə o balışı da qucaqlayıb yatırdı.    
Üçüncü yol gedib qəbiristana dirənirdi.  Kənddə ölüm-itim olanda camaatın yadına düşürdü ki, belə bir yol da var. Gediş-gəliş az olduğundan bu yolu həmişə ot basırdı, bu da yuxa ürəkli qadınların dilində çox kədərli ağıya çevrilirdi. Mənası da belə olurdu ki, yolda qaratikan, sarıtikan olmasaydı, hər gün görüşünə gələrdim. Qadınların uydurduqları bu bəhanə hamının xoşuna gəlirdi. 
Qoca diksindi. Elə bil, gözünə Əzrail dəydi. Əyilib yerdən qara bir daş götürüb qəbiristana uzanan yola qolazladı.  
Hələ də bulaqdanqız-gəlinlərin qaqqıltısı, üzümlükdən cavanların hayqırtısı gəlirdi...
  Səhər  qocanın öldüyünü eşidəndə hamı mat-məəttəl qaldı. Kəndə qəribə sakitlik çökdü. Elə bil, hamı qocanın ruhunu incidəcəyindən ehtiyat edib səsini içinə saldı. 
Cənazəni qəbiristana aparanda gün günorta olmuşdu. Qara-qura paltar geyinmiş  arvadlar əllərini dizlərinə çırpa-çırpa qaratikanlı yollar, ayrılıq və ölüm barədə qəmli nəğmələr oxuyur, qəbiristana uzanan yol tanış oxşamaları eşitdikcə cana gəlib  dirilirdi...
Axşamüstü kənd yenidən canlandı. Qız-gəlinlər bulağa səmt aldı, cavanlar kluba bitişik çayxanada laqqırtı vura-vura domino oynadı, kölgə səssiz-səmirsiz hər tərəfi basdı. Sonra heç nə olmamış kimi bütün kənd şirin yuxuya getdi... 
          

Rəy: 0
Rəy əlavə et
Information
Users of Гости are not allowed to comment this publication.