Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Vaqif RÖVŞƏN ŞEİRLƏR

Vaqif RÖVŞƏN ŞEİRLƏR

       ANALARA SÖZÜM VAR...
Göz açmamış sənə ülfət bağlayar,
Nəfəsini duymayanda ağlayar.
Barmağını sıxar səni saxlayar,
Necə atır körpəsini, analar ?! 

Qığıltıyla varlığını bildırir,
Ana onu, o ananı dindirir
Şeytan deyil, mələk onu güldürür
Necə atır körpəsini, analar ?!

Ağrılara, acılara dözərlər
O  tənhalıq əzabından  bezərlər
Övlad deyib yer üzünü gəzərlər
Necə atır körpəsini, analar ?!

Bu işlərə İlahidən yasaq var.
Düşünməsin kimsədəsə bu haqq var.
Niyə axı yetim qalsın uşaqlar
Necə atır körpəsini, analar ?!

Vaqif, üzü dönüklərdən az danış,
O xilqətin qüdrətidir yaranış.
Öpüb ana əllərindən, bərk yapış,
Laylasına uçub gələr sonalar
Ulu Tanrı nemətidir, Analar!

AYRILIĞA DÖZMƏK OLMUR, ƏZİZİM !
Sən gedəni fərq eləmir bahar, qış
Təbim gedib, söz bulağım qurumuş
Ulu eşqin səmasında qırılmış
Qanadlarla süzmək olmur, Əzizim !

Yox mənası sənsiz keçən illərin,
Qoxusu da dəyişibdir güllərin, 
Qəm yağışın gətirdiyi sellərin 
Sularında üzmək olmur, Əzizim !

Günüm keçir ahu-zarda, qəhərdə,
Tab qalmayıb ayrılıga, nə dərdə,
Deyib-gülüb gəzdiyimiz şəhərdə
İndi sənsiz gəzmək olmur, Əzizim !

Qoşa gəlib bu dünyaya sevinc-qəm,
Dünən gülən gözə bu gün qonur nəm
Sənsiz həyat dönüb olub cəhənnəm,
Atəşinə dözmək olmur, Əzizim!

Ayrılıqdan sevən qəlbim alışdı,
Ürək yandı, öz külünə qarışdı,
Demə, Vaqif taleyilə barışdı,
Həsrətindən bezmək olmur, Əzizim !
Ayrılığa dözmək olmur, Əzizim !

XƏYALLARDAN ENƏN SƏS
Damı gildən sarı yaxma
Çiy kərpicdən kiçik daxma
Bir içim su, halal loxma,
Bir də ki, sən olaydın kaş.

Yoxdur bənzərin cahanda
Hal qoymadın sən bu canda
Nəfəs olub, darıxanda
Ürəyimə dolaydın kaş.

Qəlbimə yazdın adını
Tanrı versin muradını
Çıxarıb eşqin dadını
Həyatdan kam alaydın kaş.

Vaqif, sevgi Haqqın nuru
Daş-kəsəkdir eşqin yolu
Sevənlərin nəğmə dolu
Dodağında qalaydın kaş.

TƏBRİKLƏR
Bir əziz tarixi salıram yada:
Dünyaya bir körpə göz açıb bu gün.
Tayı-bərabari yoxdur dünyada,
Günəştək aləmə nur saçıb bu gün.

Sonalar uçuşur göl qırağında,
Bülbül nəğməsiylə yar sorağında,
Qızılı payızın oğlan çağında
Bənövşə oyanıb gül açıb bu gün.

Baxışı məsumdur,ürəyi nurlu,
Tanrının qüdrəti yenilməz,ulu.
Vaqif haqqı deyən bir Allah qulu,
Huridən,Mələkdən söz açıb bu gün.
        
GÖZ DƏYMƏSİN!.. 
Göz dəyməsin bir muncuq tax üstünə,
Nə durmusan xəstə canım qəstinə,
Gözəl dedim, dəydi şəstinə,
Kor olummu, lal olummu, bilmirəm.

İlk baxışdan surətinə vuruldum,
Qürur getdi, çilikləndim, qırıldım,
Cazibəli baxışına qul oldum,
Söylə gedim, ya qalımmı bilmirəm.

Vaqif, gizli saxla bu eşq sədasın,
Yer bölünər, çəkə bilməz ədasın,
Sehrə salan gözlərinin qadasın,
Sən alırsan, mən alımmı, bilmirəm.

YALAN DÜNYA...
Xoş gələr nə qədər cavansan hələ,
Qanqalı gözündə bənzədər gülə
Beləcə ömrünü verərsən yelə,
Gec-tez qisasını alan dünyadır..

Qarımıs dünyanın bilinmir yaşı,
Çətindir tapasan könül sirdaşı
Hər eşqin sonunda acı göz yaşı,
Arıflər düz deyib: Yalan dünyadır..

İstəməz bircə yol sən deyən ola,
Qoşulub şeytanla gəzər qol-qola,
Səni də bəh-bəhlə salacaq yola,
Özü qiyamətə qalan dünyadır..

Satacaq, etibar eyləsən ona,
Sevgi kəndiriini salar boynuna,
Vaqif, gəl qatılma bu eşq oynuna,
Məcnunu çöllərə salan dünyadır..

  “AĞILLI” ADAM
Halallığa salmaz nəzər,
Ortaq yeyib kənar gəzər,
Bir düzə yüz yalan düzər,
Min don geyər haqlı çıxa,
Vurar gah nala, gah mıxa.

Yaltaqlığı edib peşə,
Şirin dilin salar işə, 
Ümid qalmayıb dəyişə,
Ay doğmaya, Günəş axa,
Vurar gah nala, gah mıxa.

Yaxın düşməz kasıb kəsə,
Dodaq büzər hər nə desə,
Bir imkanlı adam görsə,
Tez çalışar əlin sıxa,
Vurar gah nala, gah mıxa.

Nə abır var, nə də həya,
Fikir verməz haqqı-saya,
Deyir , namaz qılır, guya,
Allaha da verməz yaxa, 
Vurar gah nala, gah mıxa.

Vaqif! Eybi özündə gəz,
Etdiyinə umma əvəz,
Təkəbbürü içində əz,
Qoyma nəfsin səni yıxa,
Vurma gah nala, gah mıxa.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.