Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Xəbərlər » Tariximizin yaddaş səhifələrindən DAĞ QARTALI

Tariximizin yaddaş səhifələrindən DAĞ QARTALI

Gecədən xeyli keçmişdi, səs-səmir yox idi. Arabir ətraf kəndlərdə it hürürdü. Srağagünkü şıdırğı yağışdan sonra hava ayazımış, gün çıxmışdı. Ancaq axşamüstü yenə qara buludlar göyün üzünü bürüdü, hava qaraldı. Qısa müddətli leysandan sonra yenidən hava açıldı, dərin dərələrdən duman çəkildi.Bir-birindən aralı qurulmuş keçə çadırların hər  birində 6 – 7 nəfər silahlı adam yatmışdı. Onlar altlarına keçə salmış, üstlərinə yapıncı keçə salmış, üstlərinə yəhər qoymuş, eləcə soyunmadan yuxuya getmişdilər. A laçıqlardan xeyli aralı sərt qayanın arxasında əli silahlılar növbə ilə keşik çəkirdilər. Keşikçi qarşı tərəfdən at ayağının tappıltısını eşidən kimi ğzünü cəmləyib diqqətlə qabağa baxırdı. Gələn atlı qayanın yanına çatan kimi atdan düşüb lazımi işarəni bildirirdi. Keşikçi gələnin özününkü olduğunu biləndən sonra onu düşərgəyə buraxırdı.
Bu alaçıqlardan yalnız birindən işıq gəlirdi. Böyüklüyünə görə həmin alaçıq o birilərdən fərqlənirdi. Alaçıqda 20-yə qədər adam oturmuşdu. Onlar cərgələmə döşəkçələr üstündə bardaş qurmuşdular, bəziləri başını aşağı salıb qəlyanını tüstülədirdi. Lap yuxarı başda Sultan bəy döşəkçə üstündə bardaş qurmuşdu. Bəy üçün sağ tərəfdə bəzəkli mütəkkə və ipək üzlü balış qoyulmuşdu. Sultan bəy fikirli halda təsbehini çevirir, bir səs eşidən kimi nəzərlərini alaçığın qapısına dikirdi. 
Bəydən sağ tərəfdə Seyid Həmid oturub hərdənbir qəlyana qullab vururdu. Ondan aşağı Temir yüzbaşı, Fətulla, Həmzalı, Balakişi, Novruzoğlu Məhəmməd, Mişnili Ağamməd, Həbib, Salman cərgə ilə əyləşmişdilər. Bunlar Sultan  bəyin ən şox etibar etdiyi, hörmət bəslədiyi, məsləhətini eşitdiyi igid, qoçaq adamlar idi.
Sultan bəydən sol tərəfdə qardaşı İsgəndər bəy əyləşmişdi. Enlikürək, hündür, qarayanız adam olan bəyi hər at gəzdirə bilmirdi. O ancaq caydaq göydəmir atı minirdi.
İsgəndər bəydən aşağı onun qardaşları Rüstəm bəy, Zülü bəy, İsrəfil bəy, Bahadır bəy əyləşmişdilər. Gənc Bahadır bəy bir il əvvəl qarışıqlıqla əlaqədar təhsilini yarımçıq qoyub, Peterburqdan doğma evinə qayıtmışdı. Bu ağır vaxtda o da silahını götürüb Sultanın əmrini gözləyirdi.
Sultan bəy zahirən sakit görünsə də, daxildə həyəcan keçirir, sabah nələr baş verəcəyini fikirləşirdi. Bəy çox gözəl bilirdi ki, sabahkı döyüş asan olmayacaqdır. Bu döyüş əvvəlki döyüşlərə - nə Qaladərəsi döyüşümə, nə də Keçəldağ ətrafındakı döyüşə bənzəməyəcəkdi.
Sultan bəy Qaladərəsi döyüşünü xatırladı... İki ay bundan əvvəl Qaladərəsində yaşayan ermənilər Laçın – Şuşa yolunu kəsib, arana gedən azərbaycanlıları öldürmüşdülər. Farmaş yüklənmiş atın üstündə olan uşaqlı qadın sinəsindən dəyən güllədən keçinmişdi.hadisə yerinə gələn Sultan bəy və onun adamları ölən qadının qucağından səkkiz aylıq uşağı götürəndə məəttəl qalmışdılar: uşağın ağzı qanlı olsa da, sağ idi. Məlum oldu ki, uşaq ölmüş qadının döşünü əmirmiş. Bu hadisə bəyi olduqca sarsıtmışdı. Azğınlaşmış ermənilər Azərbaycan kəndlərinə hücum etmiş, mal-qaranı qovub aparmışdılar. Ağanus kəndi hər tərəfdən mühasirəyə alınmışdı. Kəndin kişilərindən çoxu bu vuruşmada həlak olmuşdu. Kəndin igid qadını Tavad həlak olmuş ərinin beşaçılanını götürüb patrondaşı belinə bağlamış, camaatı başına toplayıb 3 gün vuruşaraq, erməniləri kəndə buraxmamışdı. Tavad sərrast güllə ilə erməni quldurlarından Dəli Sərkis başda olmaqla, 15 nəfərini cəhənnəmə göndərmişdi. Bu xəbəri Sultan bəyə çatdırmışdılar. Bəy Tavadın bu qeyrətinə heyran qalmış, onu “Kişi Tavad” adlandırmışdı.
Sultan bəy təcili çapar göndərib, ətraf Qorçu, Şəlvə, Piçənis, Ərikli, Pircan, Vağazin, Ərdəşəvi, Haqnəzər, Bozdağan, Fərraş, Çorman, Kürdhacı kəndlərindən silahlı adamlar yığdırmışdı. Dəstənin biri Sarıbaba tərəfə göndərilmişdi. Həmin dəstə Turşsuya çatmış və pusquda durmuşdu. O biri dəstəni isə Sultan özü Laçın tərəfdən əsas yolla Qaladərəsi üzərinə hücuma aparmışdı. Qlqdərəsi erməniləri isə əsas qüvvəni Laçın tərəfə verib, arvad-uşağı arabalara yığıb, Şuşaya yola saldılar. Onların yolun kəsilməsindən xəbərləri yox idi...
TURŞSUDA bəyin adamları 450 nəfərə qədər erməni qadınını tutub saxlamışdılar. Bu və xəbəri bəyə çatdıranda o demişdi: “Kişi qadına əl qaldırmaz, onda daha ermənilərlə bizim nə fərqimiz olar, buraxın onları çıxıb getsinlər”.
Qaladərəsi döyüşü uğurla başa çatmış, Şuşa – Laçın yolu erməni quldurlarından təmizlənmişdi. Bu münasibətlə Turşsuda şadyanalıq olmuş, Zarıslı Cəmil 8 öküz kəsərək, böyük qonaqlıq vermişdi.
Qaladərəsi döyüşündə məğlub olan daşnaklar bir  ay sonra bütün qüvvələrini səfərbərliyə alıb, qisas almağa çalışmışdılar. Gorusdan gələn daşnak dəstələri Dığ erməniləri ilə birləşib, gözlənilməyən yerdən – Keçəldağdan Əhmədli kəndi istiqamətində hücuma keçmişdilər. Xosrov bəy Sultanovun göndərdiyi iki at yükü osmanlı beşaçılanı və çoxlu patronu iki gün ondan əvvəl Mərdanoğlu Məhəmməd təsadüfən Kürdhacıya deyil, öz kəndi Əhmədliyə çatdırmışdı.
Sübh tezdən hücuma keçən daşnak dəstələri Əhmədlinin igidləri tərəfindən şiddətli atəş ilə qarşılandı. Vuruşma günorta üstünə qədər davam etdi. Düşmən döyüş meydanındakı meyidləri və yaralıları qoyub, geri çəkilməyə başladı. Bunu görən azərbaycanlılar erməniləri təqib etmək üçün səngərdən çıxmaq istədilər. Lakin bəy bunun hiylə olduğunu bilib, icazə vermədi. Bir neçə saatdan sonra arxadan kömək alan daşnaklar sonuncu qüvvələrini işə saldılar və bu çox böyük qüvvə idi. Azərbaycanlıların patronu azaldığından vəziyyət o qədər də yaxşı deyildi. Belə olanda, Sultan bəy Seyid Həmidin yanına – Qaragölə çapar göndərdi. Tapşırıq belə idi: düşmənin arxasından hücuma keçib, onları təqib etməli!
Sultan bəy bu xəbəri eşidən kimi,  kəsə yolla Əhmədliyə çatmış,kəndin ətrafında səngər qurdurmuş, hər kəsə lazımi tapşırıq vermişdi. Seyid Həmid başda olmaqla, 70 atlını gecəykən Qaragöl tərəfdə yerləşdirmişdi. Onlar Sultan bəyin başçılığı ilə həlledici anda arxadan düşmən üzərinə hücum etməli idilər.
Güllə mənzilinə çathaçatda daşnak dəstələri yerə sinib irəliləməyə başladılar. Bu anda Seyid Həmidin  igid atlıları çaparaq, düşmənin arxasına şığıdılar. Qoçaq atlıların atəşinə məruz qalan daşnaklar özlərini itirib, başıpozuq şəkildə qaçmağa başladılar.
...Artıq döyüş qurtarmışdı, axşamüstü idi. əhmədlinin üst tərəfindəki düzdə cöngələr, erkəklər kəsilmiş, məclis qurulmuşdu. Axşam namazından sonra yemək-içmək başlandı, gecə yarısına qədər bu şadyanalıq davam etdi. Oxuyan kim, oynayan kim. Qoç Koroğludan, Qaçaq Nəbidən dastan söyləyən aşıq isə xoruz banına kimi yorulmadı...
            İçəri girən pirkeşik Lələnin yoğun səsi Sultan bəyi fikirdən ayırdı:
- Bəy, Murad qayıdıb gəldi, çağırımmı?
            - De gəlsin, görək nə xəbər gətirib, - deyə Sultan bəy amiranə bir səslə dilləndi.
Murad dünəndən kəşfiyyata getmişdi. Ortaboylu, nazik cüssəli Murad içəri daxil oldu.
-Hə, nə xəbər var? – deyə bəy gözlərini ona zillədi.
-Bəy, Gorus tərəfdən Dığa toplu-tüfəngli güclü qoşun gəldi. Erməni kəndlərindən də dəstə-dəstə adamlar Dığa toplaşırlar. Dığ qaynar qazan kimi qaynayır.
Bəy əli ilə ona getmək işarəsini verdi, Murad dalı-dalı qapıya tərəf gedib, bayıra çıxdı. Bəyi bir anlığa yenə fikir götürdü, dünən Laçındakı görüşü xatırladı...
Bəy öz dəstəsiylə Laçında idi. Durbinlə Dığ tərəfə baxırdı. Birdən iki atlının Zabuğa tərəf endiyini gördü. Atlılar Zabuğa çathaçatda ağ bayraq qaldırıb, yenə yollarına davam etdilər. Zabuğda onları 15 – 20 nəfər dövrəyə aldı. Onlar nə dedisə, həmin dəstədən 10-a qədər adam ayrıldı və həmin atlıları Laçına tərəf gətirdilər. Bəy və onun adamları maraqla tamaşa edirdilər. Bəy 2 atlının birini dərhal tanıdı. Bu Dığ kəndlisi İsaq idi. Bəyin dağ evini o tikmişdi, gözəl sənətkar idi. Hərdənbir ehtiyacı olanda bəyin yanına gələrdi.
İsaq atdan düşən kimi, Sultan bəyə təzim edib, əlindən öpdü.
-Nə olub ay İsaq, indi də deyəsən, bənnalığı tullayıb, əfsər olmusan? – deyə bəy kinayə ilə güldü.
-Başına pirlanım ay bəy, neynim, bir çətən külfətim var, sözünə baxmasam, Andronik hamısını qırar, əlacım nədir, məni bura göndərən də elə o köpək oğludur.
-Yuxa qırağı sulama ə, siz elə çörəyi dizinin üstə adamlarsınız, şələniz belinizə düzəldimi, daha allahı da tanımazsınız. De görüm, o qulağı kəsik küçük səni bura nəyə göndərib?
Bayaqdan başını aşağı salan, bəyin qırımını görən İsaq yazıq-yazıq dilləndi:
-Andronik sizdən yol istəyir, bəy. Deyir ki, icazə versin, Laçından keçib, Tiflisə gedim, - deyə İsaq yenidən başını aşağı salıb, yazıq görkəm aldı. Sultan bəy ani fikrə getdi, deməli bu qulağı kəsik küçük yol istəyir. Bəs Tiflisə niyə gedir? Yox, o kələk işlədir, Qarabağa can atır, Qarabağı oda qalamağa, dinc camaatı qırmağa, kəndləri viran qoymağa, uşaqları doğramağa gedir... Bu alçaq Zəngəzurda Azərbaycan kəndlərini oda qaladı, əhalini qılıncdan keçirtdi. Naxçıvanda nələr törətdi. İndi də Tiflis adıynan Qarabağa can atır, bəlkə də oradan Bakıya Hamazaspla birləşməyə gedir. Yox, m.ni aldada bilməzsən, amma Nəsib bəy Yusifbəyli yaxşı deyir ki, Andronik ingilislərin, firənglərin tulasıdır. Onu top-tüfənglə təmin edən də onlardır.
-Bəy, Andronik yol haqqı üçün çoxlu qızıl da boyun olur, yarısını da mən gətirmişəm, bax o atın belindəki xurcundadır, - İsaqın cılız səsi eşidildi.
Tülküyə bax, məni qızılla ələ almaq istəyir, yox, onu görməzsən, - deyə bəy özlüyündə düşündü. Hər halda onu azdırmaq lazımdır, yoxsa bu hiyləgər, tülkü Qarabağa keçsə, aləmi məhv edər. Umudlu, Xocavənd, Qaradağlı kəndlərində etdikləri kimi, qadınların belinə qaynar samovar şəlləyərlər.
Sultan bəyin qəzəbdən yanaqları səyridi, sağ əlini belindəki gümüş qəbzəli xəncərin üstünə aparıb, onu sıxdı.
-İsaq, - deyə, bəy səsini qaldırdı, - sənnən duz-çörək kəsmişəm, onu itirə bilmərəm. Bir də ki, dünya malı dünyada qalır, mənə heç bir şey lazım deyil. O qulağı kəsik küçük sənə qurban olsun, sənə bağışlayıram, qoy gəlsin keçsin. Qızılını da istəmirəm, onu da verirəm sənə. Amma bir şərtim var.
-Başına pırlanım bəy, mən ona dedim ki, Sultan bəy gözü-könlü tox adamdır, qızıla yiyə durmaz, allah ömrünü uzun eləsin, - deyə İsaq ikiqat əyildi. Onun sevincinin həddi yox idi. Andronikin tapşırığını yerinə yetirmişdi, hələ üstəlik qızılı da bəy dostluq xatirinə ona bağışlamışdı.
-İsaq, ona de ki, birisi gün tezdən gəlib keçsin, amma topu-tüfəngi – hamısını arabalara, atlara yüklətdirsin, çünki onun əsgərlərinin əlində bircə dənə tüfəng görünsə, bizim camaat dözməyib xəta edə bilər, bu da yaxşı olmaz.
-Baş üstə, bəy, siz deyən kimi də edərik, arxayın olun, - deyə İsaq aəddini düzəltdi.
-Ə, onların xurcununa ətdən, çörəkdən, pendirdən qoyun, yol gəliblər, ac olarlar, - deyə bəy pirkeşik Lələyə göstəriş verdi. Lələ bir anda onların xurcununu doldurdu. İsaq və onun yoldaşı atları aşağı çəkib, mindilər və razılıqla Dığa qayıtdılar.
Xoş xəbərdən Andronik çox razı qalmışdı.
Temir yüzbaşının təklifi ilə hələ axşamdan silahlı dəstələr Laçınla Zabux arasındakı yolun üst tərəfində sərt qayaların arxasında yerləşdirilmişdi. Yolun aşağı hissəsi çox yerdə uçurum idi, ondan aşağı isə Həkəri çayı axırdı. Pulemyotçu Salman və Həbib də özlərinə münasib yer seçmişdilər. Türkiyədən göndərilmiş top isə Mərkizin dağında qurulmuşdu, üstünü otla, yarpaqla örtmüşdülər. Türkiyədən gəlmiş topçu Murad özünə Mişnili Qəmbəri köməkçi götürmüşdü.  Bu çevik, diribaş oğlan çox yaxşı nişan alırdı.
...Gecə yarı idi, amma hələ də oturanlar Sultan bəyi daldığı fikirdən ayirmaq istəmir, pıçıltı ilə danışırdılar.  Nəhayət, bəy fikirdən ayrıldı, bəzi məsləhətlət edib, dağılışmağa icazə verdi.
-Lələ, məni tezdən oyat, - deyə bəy pirkeşiyə əmr etdi.
-Baş üstə, bəy, oyadaram, - Lələ alaçığı tərk etdi.
Bəy alaçıqda tək qaldı, lampanın işığını azaldıb, soyunmadan paltarlı yerinə uzandı.
Dan üzü ağaranda Lələ içəri girib Sultan bəyi oyatmaq istədi. Amma bəy mütəkkəyə söykənib təsbeh çevirirdi.
Tezliklə Sultan bəy adamları ilə Mərkizin dağında idi. Günəş artıq öz şəfəqlərini ətrafa yaymağa başlayırdı. Bəy durbinlə Dığ tərəfi nəzərdən keçirdi. Yavaş-yavaş düşmən qoşununun ağzı açılırdı. At qoşulmuş arabalar, onun yanınca atlı, piyada hissələri gəlirdi. Doğrudan da Sultan bəy dediyi kimi etmişdilər, toplar, pulemyotlar, tüfənglər arabalara yüklənmişdi. Şübhə doğuracaq bir şey yox idi.
Andronikin qoşununun qabaq dəstəsi Zabuğun qaşına çatmışdı, arxa isə üzülmək bilmirdi. Sultan bəy xrom çəkməsini çıxarmış, yüngül hərəkət etsin deyə, aşılanmış göndən tikilən çarıq geyinmişdi. əynindəki xaki kitelin üstündən patrondaş, yan tərəfdən isə gümüş qəbzəli xəncər asılmışdı. Sultan bəy sağ tərəfində dayanmış qardaşı İskəndər bəyə baxdı.  İskəndər bəy bir yerdə qərar tuta bilmir, gah qamçı ilə uzunboğaz çəkmələrini döyəcləyir, gah da tez-tez durbinlə Dığa tərəf baxırdı. Sultan bəyin çağırışını eşidib, köməyə gəlmiş Nəsib bəy də öz dəstəsi ilə burada idi. Sultan bəyin ona böyük hörməti vardı, xətrini çox istəyirdi. Nəsib bəy çox hazırcavab, qoçaq, güclü, hər şeyin yerini bilən adam idi.
-Sultan, - deyə İskəndər bəy dilləndi, nəyi gözləyirsən, hücum əmri ver.
-Darıxma bəy, bir az da döz, ovu bərədə vurarlar, - deyə Sultan durbini gözlərinə tutdu.,
Qoşunun qabağı artıq çaya çatmışdı, arxası isə Zabuxdan çıxırdı. Andronik ağ atın belində arxada, atlı dəstənin içərisində gəlirdi.  
İndi Sultanın qoçaq igidlərindən çox şey asılı idi. Onlar bəyin işarəsini gözləyirdilər. Sultan bəy Syid Həmidə baxdı.  Seyid Həmid bunun mənasını o saat anladı və dua oxumağa başladı.  O qurtaran kimi bəy – ya Allah, - deyib, mauzerə əl atdı.mauzerin şaqqıltlsl ilə sanki dünya lərzəyə gəldi. Şərti işarəni eşidən Salmanın pulemyotu kıklik kimi qaqqıldadı. Bircə anda düşmən əsgərlərini dəryaz kimi biçməyə başladı. Mərəkə qopdu, hər tərəfdən – qabaqdan, arxadan, üst tərəfdən şiddətli atəşə tutulan daşnaklar özünü itirib çaşbaş qaldılar.
Araba çəkən atları sakitləşdirib saxlamaq qeyri-mümkün idi. Dəhşətə gələn atlar yolun altına atılır, arabalar yoldan çıxıb yumalana-yumalana çaya düşürdü. Geri qaçmağa cəhd edən Andronikin yolu bağlanmışdı. Sultan bəy Androniki diri tutmağı tapşırmışdı. Bu canini özü mühakimə etmək istəyirdi. Ona görə də igidlər güllə atmır, yavaş-yavaş onu dövrələyirdilər. Çətin vəziyyətə düşən Andronik canını qurtarmaq üçün çıxış yolu axtarırdı. Son anda Andronikin mindiyi ağ at sahibindən asılı olmayaraq özünü üç-dörd metr hündürlükdən aşağıda axan coşqun Həkəri çayına atdı. Ağ at çayın axarı ilə üzüb sahilə çıxdı. Bu mənzərəni seyr edən Sultan bəy hirsindən bığlarını çeynədi və qəzəblə - bu küçük gör necə əlimizdən çıxdı, - dedi.
-Bəy, Dığ tərəfə bax, oradan yenə qoşun gəlir, - deyə Mişnili Qənbər özündən asılı olmayaraq birdən qışqırdı.
Durbini gözünə tutan Sultan bəy Dığdan xeyli qoşunun Zabux  istiqamətində gəldiyini gördü. Erməni qoşunu Zabuğun qaşına çatandabəy üzünü topçu Murada tutdu:
-Ə, tez ol, onları nişan al, - deyə qışqırdı.
Topçu Murad bir neçə dəfə atəş açdı, lakin mərmi qoşunun dörd bir tərəfində düşüb tələfat vermirdi, düşmən isə irəliləyirdi.
Bəy bir də qışqırdı:
-Ə, qoşunun lap ortasını nişan al, yoxsa, lap erməni kimi vurursan.
Lakin atəş hədəfə dəymirdi. Bayaqdan topçu Muraddan şübhələnən Temir yüzbaşı onu geri itələyib, Qənbəri topun arxasına keçirdi. Qənbərin dalbadal sərrast açdığı atəş düşmən qoşununu darmadağın etdi, pərən-pərən saldı. Ermənilərdən sağ qalanlar başıpozuq şəkildə Dığa doğru qaçırdılar.
Temir yüzbaşı Muradı soyundurmağı əmr etdi. Murad tərəddüd edirdi, rəngi meyid rəngində idi, ayaq üstə qurumuşdu.
-Sənnən deyiləm, it küçüyü, - deyə Temir yüzbaşı bir də Muradın üstünə qışqırdı:
-Soyun, lap anadangəlmə.
Murad əli əsə-əsə paltarını soyundu. Hamını təəccüb bürüdü, Murad erməni idi. Qorxusundan əsim-əsim əsən Murad Sultan bəyi ayağına düşüb yalvarmağa başladı.
-Bu küçüyü rədd edin, - deyə bəy qışqırıb nifrətlə üzünü yana çevirdi.
Temir yüzbaşının iti xəncəri bir anlığa havada parladı. Muradın başı üzüaşağı dərəyə yumalandı. Bu ani hadisə bəyi bərk həyəcanlandırdı, - demək düşmən lap içimizdə imiş, belə də sayıqlıq olarmı? – Bəy öz-özünü danladı.
Sultan bəy daşnaklardan çoxlu silah, top, pulemyot ələ keçirdi. Çayın kənarındakı tut ağaclarının dibi daşnak meyidləri ilə dolu idi. (Yerli əhali hal-hazırda həmin tutlara haram tutlar deyirlər). Sultan bəyə sanki dünyanı vermişdilər, - o, bütün Qarabağı, qocaları, qadınları, uşaqları daşnak taunundan xilas etmişdi.
Döyüşdə hamıdan çox fərqlənən Salmanı Sultan bəy yanına çağırdı, alnindan öpdü və zağlı mauzerini yadigar kimi ona bağışladı.
Sultan bəy dağ başında dayanmış məğrur qartala bənzəyirdi, onu igidləri dövrəyə almışdı. Bəy yanındakı yastı qayanın üstünə çıxdı, bığını eşib, sağ əli ilə xəncərinin dəstəyini sıxıb dedi:
-Mənim igidlərim, mənim laçınlarım, mənim balalarım, bizim bu müqəddəs torpağımıza kafir ayağı dəyməməlidir. Çünki bunu bizə nə ulu babalarımızın ruhu, nə də gələcək nəsillərimiz bağışlamaz. Ölüsünün qədrini bilməyən, dirisinin də qədrini bilməz. Babalarımızın uyuduğu məzarlar düşmən təhüirinə məruz qalarsa, onda bu dünyada yaşamaq haramdır, yalnız qeyrətsizlər bunu qəbul edə bilər.
Sultan bəy Həkəri kimi coşmuşdu, sanki onun qarşısında heç bir alınmaz qala yox idi. Onun arxasında uca dağlar cərgələnmişdi. ətrafındakı dəliqanlılar, ər igidlər də bu dağlar kimi Sultanın ətrafında baş-başa vermişdi.  Sultan dərindən nəfəs alıb davam etdi:
-Bu dağlar, qayalar sizin alınmaz səngəriniz olmalıdır. Məndən sizə vəsiyyət – heç vaxt yağı düşmənə aldanmayın, sərvaxt olun.
Yusif BAHADIROĞLU,
   tarix elmləri namizədi.
                             ŞUŞA.
“Qarabağ” qəzeti, sentyabr 1990.

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.