Azərbaycanca Russin English
İsti xəbərlər:
» 2024-cü il Aprel ayına olan hava proqnozu» 2024-cü il Mart ayına olan hava proqnozu» 2024-cü il FEVRAL ayına olan hava proqnozu» İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB» 2024-cü il YANVAR ayına olan hava proqnozu» Noyabrın 01-də» 2023-cü il NOYABR ayına olan hava proqnozu» Oktyabrın 14-də» Oktyabrın 09-da» Oktyabrın 07-də» 2023-cü il OKTYABR ayına olan hava proqnozu» Oktyabrın 01-də» Sentyabrın 30-da» Sentyabrın 28-də» Sentyabrın 27-də» Sentyabrın 21-də» Sentyabrın 19-da» Sentyabrın 16-da» Sentyabrın 10-da» Sentyabrın 09-da
Pilleler » Təranə VAHİD H E K A Y Ə L Ə R

Təranə VAHİD H E K A Y Ə L Ə R

DƏFN NƏĞMƏLƏRI
... dilindən itburnu çiçəkləri kimi ağ kəlmələr tökülərdi...
Cəmogilin kəndi dünyanın axırında yerləşirdi, elə bir yerdə ki, burdan o yana nəyin olub olmadığını Allahdan başqa kimsə bilməzdi. Kənd də deyəndə yekə çıxır, Cəmogilin kəndi qayaların arasına sığınmış, daha doğrusu qayların arasında gizlənmiş bapbalaca bir obaydı. Kəndin ayağında Əmir kişi asqıranda kəndin yuxarısında Ədil kişi qımışa-qımışa “öz başını ye” – deyərdi. Ya da kəndin yuxarısında Pilə Lətif tütəyini püfləyib “Çoban-bayatı” çalanda, kəndin ayağında Tutu arvad yaylığının ucuya gözünün yaşını silib “Ürəyinə qurvan olum,  a Lətif, bizi qırıf batırdın”  – deyib köks ötürərdi. 
Cəmogilin obası belə bir obaydı. Beş-on ev, hər evdə beş-altı uşaq, bir az mal-qara, bir sürü qoyun-quzu, hər qapıda da çınqıl kimi xeyli toyuq-cücə... və bir də, bir də dünyanın heç bir yerində olmayan, kəndin başının üstündən  göyqurşağı kimi asılıb qalan rəngli adət-ənənələr...
Cəmogilin kəndi demişkən, bəs Cəmo kimdi, nəçidi, nə karədi ki, kənd onun adıyla birgə çəkilir? Əslində, Cəmo bu kəndin gözü, möcüzəsi, hamının xeyrinə-şərinə yarıyan bir kəsdi. 
Yaşı bəlli olmayan, uzunşüllət, qıpqıvraq bir adamdı Cəmo. Civə kimi oynaq gözləri qaşlarının altında parıldayır. Bəlkə heç rəhmətlik anası da Cəmonun gözünün hansı rəngdə olduğunu sonacan bilməyib. Uzunsov sifətində Allahın verən günü, lap elə dumanlı, çiskinli, qar-boranlı  havalarda da günəşəoxşar  təbəssüm dolaşır. Halını xəbər alana,  kətə bişirənə, kətmənlə yer belləyənə, danası itənə alqış eləyə-eləyə gəzib-dolaşır, əlsizə əl, köməksizə arxa olur. 
Belə baxanda Cəmonun nə varı var, nə dövləti, kənddəkilərin çoxundan pis dolanır, amma könlü-gözü  o qədər toxdu ki,  elə bil sürü-sürü dəvəsi, ucsuz-bucaqsız ilxısı Yəməndən gəlir. Dəvəsi yoxdu, amma Cəmonun yaxşı ürəyi, sapsağlam səsi, ağ nəğmələri var. Əslində bu kənd üçün Cəmo qənimət adamdı. Cəmo olmasa dünyanın unutduğu obanın  diriləri bir yana, ölülərinin halı necə olar? Kimdünyadan köçənləri  dəf-dumbulla, nəğməylə yola salar? Cəmo olmasa ölənlərinruhunu isti sözlərlə kim yuyub-təmizləyər, günahlarını bağışlamaq üçün kim Tanrıya buxar kimi  nəğməli dualar yollayar, ölənin yeddi arxa dönəninə kim təskinlik verər, kim onları kiridər, kim? 
Axı bu yer dünyanın qutaracağındadı. Hərdənbir bu yerə çoxdan boyat olmuş xəbərlər,  təkəmseyrək kitablar ya gələrdi, ya gəlməzdi.  Televizordan, kompüterdən kimsənin xəbəri olmazdı. Çünkisıldırımların arasına  sığınmış bu obanın yolu yoxuydu. Yol çəkmək də havayı söhbət idi. Hökumət neçə dəfə istəmişdi ey, yol çəksin, amma çəkə bilməmişdi. Təklif eləmişdilər kəndin camaatını daha rahat yerə köçürsünlər,  kəndin başbilənləri yalvarıb-yaxarmışdılar ki, giley-güzarımız yoxdu, bu balaca dünyamızı dağıtmayın, qoyun yer üzündə  belə bir yer də olsun. Bu sözdən sonra gələnlər çıxıb getmişdilər. Sıldırımlı qayaları  Fərhad çarpa bilərdi, amma dağın təpəsində Şirin nə gəzirdi? Bu kəndin qızları  əslinə elə dağın gül-çiçəyi kimi gözəl-göyçək idilər, amma köhnəraq paltarları, qara qaloşları bu qızları şahzadələrə oxşatmırdı.Obanın kişilərisə özlərini bəy sayırdılar. Babalarının, atalarının dediyi kimi: bu yerdə doğulub bu yerdə ölmək elə bəylik kimi bir şeydi. 
Ölümdən söz düşmüşkən, Cəmogilin kəndində kimsə dünyasını dəyişəndə, bu elə gec-gec baş verirdi ki, hərdən adamların ölüm, daha doğrusu dəfn mərasimi üçün burunlarının ucu göynəyirdi, adamların çıçəyi çırtalayırdı. Sevinirdilər ki, Tanrı onları unutmayıb, yada salıb. Belə xoş anlarda Cəmo belinə Zərri nənənin keçi tükündən əyirib toxuduğu mil-mil şalı  qurşayıb çıxardı ortalığa.  Əlinə dəf alıb meyitin baş tərəfində yerini rahatlayar, kəndin adamları da cənazənin yan-yörəsində  oturuşubgözlərini Cəmoya dikərdilər. Handan-hana Cəmonun təbi gələrdi, yavaş-yavaş hallanardı, uzun, çöp kimi barmaqları dəfi diksindirərdi. Dınq, dınq, dınqqq... dınqıltını eşidəndə qadınların ürəyi birtəhər olardı, kiprikləri bir-birinə sıxılar, ilk damcılar səssiz-səmirsiz yanaqları aşağı süzülərdi. 
Sonra Cəmonun burun pərləri titrəyər,  boğazının hülqumu qızarmış dərisinin altında oynardı. Əvvəl mızıltı eşidlərdi. Elə bil içindəki səs dünyanın o başından gələrdi. Səsin yolu açıldıqca, Cəmo ritmə oturardı. Cəmonun dilindən itburnu çiçəkləri kimi ağ kəlmələr tökülərdi. Mənası da belə olardı ki, darıxma, indi səni ağ yuxularına büküb gəldiyin yerə göndərəcəyik. Bilirik ki, günahsızsan, elə gəldiyin kimi tərtəmizsən, vicdanına toz qonmayıb, ruhun yaralanmayıb, Tanrı canını alıb, amma səndən əlini üzməyib,  kənd buna şahiddi.
Bu yerdə bütün kəndqıyya çəkib “şahidik!” – deyərdilər. Elə içdən qışqırardılar ki, ölünün üzünə təbəssüm qonardı. 
Cəmonun dəfn nəğmələrində ölənin həyatı, sevinci, duaları bircə-bircə sadalanardı. Dəfndəki adamlar elə bil mərhumun kinosuna baxardılar. Bütün kadrlar gerçək olardı. Dünyadan köçənin yerişi, duruşu, gülüşü, subaşına getməyi belə epizodik də olsa kadrlardan keçərdi. Dəfn nəğməsində o adamın  sevgi hekayəti ayrıca  bölmə olardı. Cəmo göz yaşlarının içinə zərif gülüş qatardı. Mərhumun sevgisini işıqla boyayardı. O vaxtacan kimsə rəhmətliyin belə böyük sevgisi olduğunu bilməzdi. Ölənin ömür-gün yoldaşı da ilk dəfə əlli il bir yastığa baş qoyduğu adamı Cəmonun nəğmələrindən tanıyardı. Elə bil Cəmo bu kəndin yaddaş dağarcığıydı. Dedikləinin heç biri uydurma olmadığından, hamı ona inanardı. 
Mərasimin sonunda dünyasını dəyişəni uğurlayar, gedəcəyi yerdə gözləyənləri olduğunu deyib adamları tələsdirər, sonra nəfəsi kəsilənəcən, dəfi əldən düşənəcən döyəcləyərdi. 
     Bu o demək idi ki, hamı ayağa qalxıb mərhumu son mənzilə yola salsın. Kişilər əl-ələ verib halay çəkirlərmiş kimi cənazəni dövrələyər, qəfildən əllərini buraxıb geri çəkilərdilər.  Bu o demək idi ki, halaydan biri ayrıldı, amma gedənlə kim gedib ki? Həyat davam edir, yolu uğurlu, son mənzili mübarək olsun! 
Bu kənddə molla-filan olmadığı kimi, qəbirstanlıq da olmazdı. Adamlar cənazəni qaldırıb elə öz həyətlərindəcə basdırardılar. “Ölünə sahib çıx” məsəli deyəsən elə Cəmogilin kəndində yaranmışdı. Adam da öz doğmasını, əzizini, həyatının bir parçasını  özündən uzaqlaşdırarmı? 
Düzdü beş-on il sonra nəvələri yer tapmaynda babalarının, ya da nənələrinin baş daşının həndəvərində dolaşardılar, amma bu ayıb sayılmazdı, əksinə, doğmalığı artırardı. 
Bu kəndin toylarını da  Cəmo yola verərdi. Sadəcə yas mərasimindəki sözlərə  bir balaca əl gəzdirərdi. Böyüklərdən eşitdiyi nağılları, dastanları çələng kimi bir-birinə bənd edib danışar, arada qızılgül ətirli nəğmələr söylər, bütün danışdıqlarının sonu xoşbəxtliklə, bəxtəvərliklə, işıqla bitərdi. Hə, toy demişkən, toy günübəy Cəmonun yanına gedər, ondan xeyir-dua alardı. Cəmo da bəyin qulağına nəsə pıçıldayıb onu utandırardı. Onun  nə pıçıldadığını kimsə bilməzdi. Sözün düzü, burda adamlar çox az danışardı. Çünki, dağların başında, göylərə yaxın yerdə çörək kimi, su kimi, söz də müqəddəs sayılardı. 
Gün günorta olanda Cəmo uşaqdan-böyüyə hamını səsləyər, bütün kənd bir süfrədə oturub kəklikotu ətirli yeməklərdən dadardılar. Axşama yaxın Pilə Lətif tütəyini dilləndirər, dünyanın kədərindən qopmuş bu zərif musiqilər adamların sümüyünü titrədərdi. Pilə lətifin pilə ürəyini dinləyəndən sonra Cəmo dəfini döyəcləyər, şən nəğmələr söylərdi. 
Evdə lampalar yananda, toy bitərdi. gözəgörünməz bir əl bu kəndin üstünü ipək   yarpaqlaörtər, oba yuxuya gedərdi. Dünyanın yenidən bölüşdürülməsi, soyuq müharibə, ozon qatının deşilməsi, iqlim dəyişkənliyi, terror və ilaxır, ilaxır qorxulu şeylərdən xəbərsiz  adamlar Yer üzündə heç kimin görmədiyi rəngli, ətirli yuxular görərdilər. Görərdilər ki, ağ atlar çəməndə otlayır, qartallar havada uçuşur, qəddi əyilmiş bir ağaca cavan pöhrələr dayaq verir, parabüzənlər, rəngli kəpənəklər havada “Yallı”  gedir, bütün bağlı qapılar gec-tez xeyrin əliylə açılır...  
Tanrı  ölümü də  sevinclə qarşılayan, dəfn nəğmələri oxuyan, yaddaş kodu zədələnməyən bu adamlarıəlçatmaz bir yerdə - qayaların arasındahələ ki,  qoruyub saxlayırdı. 
Pisliyin, yamanlığın, nankorluğun nə olduğunu bilməyən bu adamlarsa sevinəndə də, darıxanda da başlarını qaldırıb göyə baxardılar. Baxardılar, baxardılar, baxardılar... 
                                      DURNA ADAM
... Yaddaşını küləklər  daradıqca  sümüyü sürmə olmuş anasının həzin laylasını eşidir, iki yaddaş arasında nə edəcəyini bilmirdi...
Əlif kişi payızda sümüklərini şaqqıldada-şaqqıldada evdən həyətə çıxar, köhnə kötüklərdən birinin üstündə oturub özünü guya günə verərdi. Belə vaxtlarda hardansa bir durna qatarı qaqqıldaşa-qaqqıldaşa kəndin, həm də elə payızın üstündən ötüb keçərdi. Əlif kişi başını qaldırıb  pıçılğanlı gözləriylə göydə durna qatarını axtarar, koruş gözləri qara kölgələrdən başqa bir şey seçməzdi. Dişsiz ağzını marçıldadıb  “Allahın altında dönüb durna olaydım. Qoşulaydım bu qatara, gedəydim dünyanın axırına.  Ax, ax...” -  deyib uzun-uzadı ah çəkərdi.
Bu sözləri hər payız deyərdi, papağını fırlatmamış payız özünü yetirərdi.
Bu dəfə də payız qapının ağzını kəsdirib alabəzək qanadını kəndin üstünə sərmişdi. Əlif kişi kötüyün üstündə oturub cani-dildən, ürəyinin lap dərinliyində insanlıqdan üz döndərib durna olmaq istəyirdi. Çox istəyirdi, lap çox istəyirdi eyyy....
Bu dəfə möcüzə baş verdi, əvvəl ruhu titrədi, yer-göy birləşdi, qoca, heysiz  bədəni qayış kimi bərkidi, uzunboyun, uzunayaq, uzundimdik ağbaş durnaya çevrildi. Bircə yaddaşı özündə qaldı, üstünə bir az  da durna yaddaşı artırıldı. Kötüyə söykəli əl ağacı sürüşüb yerə düşəndə başı dən yeməyə qarışmış toyuq-cücə həyətdəki yad quşu görüb səs-səsə verdi.
Əlif kişinin gəlini Firəngiz  həyətə çıxıb nə baş verdiyini öyrənmək istədi. Kötüyün üstündəki durnanı görəndə elə pilləkənlərdəcə əlini ağzına aparıb qıyya çəkdi:
- Boooyyy, bu durna hardan  gəlib çıxdı? - dedi.
Arvadının səsi evdə mürgü döyən ərini diksindirdi. Nəcəf arvadının keçmiş-keçəcəyini söyə-söyə eşiyə çıxdı.
- Az, noolub, ay naxırçı Güləhmədin qızı, dünyamı dağılıb?
- Ə, noolajaq, durniyə, bax, durniyə. Dimdiyinin uzunluğuna bax, ayaxlarına bax, dədənin evi yıxılsın, durna yeyəsi.
Nəcəfin gözləri çalağan ov görən kimi parıldadı. Pıçıltıyla:
Az, səs salma, ürkütmə - deyib dalı-dalı geri çəkilib evə keçdi. Yan otağın pəncərəsini açıb eşiyə çıxdı, odunluğa gedib oduncaqların arasından əlinə keçəni götürüb  pişiksayağı durnaya yaxınlaşırdı ki, nəvəsi Nəriman hardansa peyda olub quşun qənşərində dimdik dayandı. Uşaq durnaya maraqla baxıb:
- Nətəhər də babama oxşayır, - deməyi ilə Nəcəfin salvanı qolazlamağı bir oldu. Salva durnanın başının üstündən vıyıltıyla keçib qızılgül koluna ilişdi.
Durna diksinib qanadlarını çaldı, göz qırpımında göyə qalxdı.
Nəcəf durnanın dalınca gücü gəldikcə bağırıb, yağlı bir söyüş söydü.  Nəvəsi gözlərini qıyıb mırıq dişlərinin arasından:
- Getdi - dedi.
Firəngiz  əlini-əlinə vurub:
-Yediyiz!!! - deyib şaqqanaq çəkdi.
Nəcəf donquldana-donquldana evə keçdi, Nəriman gördüklərinin üstünə beşini də qoyub danışmaq üçün şafqasını da götürüb kəndin çayxanasına getdi.
Gödək payız günü dağın dalına keçib itdi, axşam düşdü. Evin külfəti malı-qoyunu, toyuq-cücəni, iti-pişiyi rahatlayandan  sonra evə yığışdı.
Əlif kişinin yoxluğu da onda üzə çıxdı. Kişinin taxtın üstündəki bomboş yeri, söykəndiyi ipək mütəkkəsi, kəhrəba təsbehi, yay-qış üstündən düşməyən dama-dama şalı elektrik işığında birtəhər göründü.
Birdən-birə hamı narahat oldu, Firəngizin  rəngi qaçdı. Günahkarcasına:
- Balam, hara getmiş olar bu kişi? - deyib çiyinlərini çəkdi.
Nəcəf gözünü oğlunun, gəlininin, sonda nəvəsinin üzündə gəzdirib dilxor-dilxor:
- Bax, düzünü deyin ha, bəlkə, kimsə xətrinə dəyib kişinin, Allaha and olsun evi başınıza uçuraram? - deyə səsini qaldırdı.
Evdəkilərin ağızlarına su alıb durmaları onu təbdən çıxardı.
- O boyda kişi iynə olub samanlıqda itmədi ki?!
Firəngiz gözlərini çıpıb deməyə söz tapmadı.
Nəriman həyətə qaçdı, bir azdan Əlif kişinin əl ağacı ilə qayıdanda kişinin başına qəzavü-qədər gəldiyinə kimsənin şübəsi olmadı...
...Əlif kişi iynə olmamışdı, amma quş olub göyə uçmuşdu. Göylərin genişliyi, rahatlığı, azadlığı ağlını başından almışdı. Qocalıqdan canı qurtarmış, işıqsız gözlərinə haradansa işıq axmış, nəfəsinin yeri genəlmış, ayaqları, qolları quş kimi yüngülləşmişdi. Uzun qanadları enib-qalxdıqca, ürəyində “İlahi, kərəminə şükür, bəxtimdə durna olmaq da varmış” - deyib Yaradandan dualarını əsirgəmirdi. Göylərdə süzdükcə ovuc boyda kənddə doğulub, yaşayıb, ölməyin necə kasad olduğunu düşünürdü. Pambıq tayaları kimi yumşaq buludlara baş vurduqca lələkləri dincəlir, tər-təmiz havanı ciyərlərinə çəkdikcə yaşamaq, yaşamaq istəyirdi.
Yuxarıdan yer üzü ovuc içi kimi aydın görünürdü. Göllər güzgüyə, çaylar mavi rəngli lentə, dağlar yumru qayalara  bənzəyirdi.
Hansısa hiss, hansısa yaddaşı onu elə hey  səsləyirdi.
Əlif kişi nə qədər uçduğunu, nə qədər qanad çaldığını xatırlamır. Bircə onu xatırlayır ki, ay işığında ağ-qara səslər eşidib yerə endi. Çayın kənarında köç salmış durna ailəsinə yaxınlaşdı.
Onun gəlişi köçə qarışıqlıq saldı. Durnalar ona ögey, yad gözlə baxdı, durnabaşı açıqdan-açığa üstünə yeriyib onu dimdiklədi, qovmağa çalışdı. Əlif kişi bir ayağı üstə dayanıb  dəstəsindən ayrı düşmüş qərib durna kimi davrandı.
Durna köçü dalğalandı, durnalar pıçıldaşdı, deyəsən, nəşələrini pozmaq istəməyib Ağbaş durnanı başına buraxdılar. Əlif kişi çaya enib göz yaşı kimi dupduru, aydın suda yuyunub-darandı,  çayın qırağındakı  körpə otlardan, qum dənələrindən çinədanına atdı, sal daşın üstünə qonub mürgü döydü. Sən demə, durnalar da yuxu görürmüş. Əlif kişi durna yuxusunda gördü ki, müdrik bir durna qanadının ucuyla torpağın üstündə xətt çəkib durnalardan soruşdu:
- Kim deyər, xəttin o üzündə nə var?
Durnalardan biri:
Xəttin o üzündə torpaq var.
Bu cavab müdrik durnanı qane etmədi.
Başqa bir durna:
- Xəttin o üzündə yadlıq var. Ora sərhəddin o üzüdür, ora mənə yaddır, ora təhlükəli yerdi, - dedi.
Müdrik durna razılıqla başını tərpətdi.
Sonra müdrik durna həmcinslərinə son tövsiyəsini verdi:
- Yaddaşınıza yazın, durna üç iqlim, üç sərhəd keçə bilər. Dördüncü sərhəddi keçən, geri dönməyəcək.
Sonra durnalar yox oldu, Əlif kişiyə bərk-bərk tapşırıldı ki, keçmişini yaddaşından silib atsın, durna olduğunu unutmasın.
Əlif kişinin yuxusunu durnaların səsi qırdı.
Durnabaşı uçub Əlif kişinin daşına  qondu, onu dimdiklədi, gözlərinin içinə baxdı, dəstəsindən ayrı düşmüş durnaya nədənsə qanı qaynamadı, ağbaş durnaya inanmadı. Bunu Əlif kişi də duydu, amma neyləyə bilərdi. Dünyanı görmək, ölkələrin üstündən keçmək üçün nələrdən keçməmişdi?
Durnabaşı sonda Ağbaş durnaya dəstəsinin sonunda yer verdi.
Əlif kişi sevindiyindən rəqs etdi, durna rəqsi...
Ağ işığını yer üzündən çəkəndə dəstə havaya qalxdı...
Uçuş zolağında  Əlif kişinin insan yaddaşıyla durna yaddaşı toqquşdu. İnsan yaddaşı onu keçmişə, durna yaddaşı gələcəyə səsləyirdi. Bu qarışıq hisslər ona dinclik vermir, iki yaddaşın arasında nə edəcəyini bilmirdi. Gün yarı olanda Durnabaşı sərt əmrini eşitdi. Bir azdan sərhədi keçəcəyik. Sərhədi keçəndə yaddaşımız itəcək, köhnə yaddaşımız silinəcək, yeni yaddaş, yeni yol başlayacaq. Bu sirri bircə durnalar bilir. Hazırlaşın, bir azdan keçmiş bütün sevinci, kədəri ilə heç olmamış kimi unudulacaq. Sərhədi keçən kimi yeni yaddaş yazılacaq. Əlif  kişi eşitdiklərinə mat qalmışdı. O, keçmişi unutmaq istəmirdi, keçmiş onun içində ürək kimi döyünürdü. Sərhəd həmişə incə bir duyğu kimi qəlbini titrətmişdi. İndi günəşli havaya, dadlı otlara, giləmeyvələrə görə yaddaşından keçəcəkdi? Kəndini, evini, ona doğma olan nə varsa hamısının üstündən xətt çəkəcəkdi? İnsan yaddaşını durna yaddaşına təslim edəcəkdi?
Əlif kişi ağ zolaqda -  sərhədin sərhədində dayandı. Bütün qəlbi titrəyirdi, bütün vücudu əsirdi, keçmişindən qaçmaq, keçmişindən ayrılmaq, keçmişini unutmaq ona ağır gəlirdi. Dəstə sərhəddən keçirdi, dəstə yaddaşını itirirdi, Əlif kişi öz sərhəddini keçsə də, Vətənin sərhədini keçə bilmədi. Yaddaşları silinən durnaların arxasınca uzun-uzadı, qanadları yorulanacan baxıb geri döndü.
Uçduğu yollar, keçdiyi sular, toxunduğu buludlar, dincəldiyi, nəfəsini dərdiyi torpaqlar ona nəğmə deyirdi. Əlif kişinin insan yaddaşını küləklər daradıqca çox-çox  uzaqlardan sümüyü sürmə olmuş anasının həzin laylasını eşidir, göz açdığı kənd, gəzdiyi torpaq, yaşadığı vaxt onun yolunu gözləyirdi.
Günlərlə uçub öz yurduna yağışlı, küləkli bir gündə qayıtdı.
Əlif kişinin yoxa çıxmasından yeddi gün keçirdi. Yağışın altında evlər hüznlü, kədərli görünürdü. Əlif kişi uzun yoldan sonra ürəyi döyünə-döyünə köhnə kötüyün üstünə qondu. Möcüzə baş vermədi, Əlif kişi dönüb adam olmadı. Səhərəcən köhnə kötüyün üstündə büzüşüb, bir ayağını götürüb, o biri ayağını qoydu.
Səhəri gün ev sahibləri dəstəsindən ayrı düşmüş durnanı kötüyün üstündə görəndə çaşıb qaldılar. Üzünü tük basmış Nəcəf durnaya doğması kimi baxdı, Firəngiz qərib durnanı görüb ağlamsındı, Hikmət babasına oxşatdığı durnanın  boynuna sarılmaq istədi.
Əlif kişi əzizlərinin ürəyindən keçənləri anladı, kötüyün üstündən yerə enib dən yeyən toyuq-cücəyə qarışdı.
Nəcəf:
- Ona toxunmayın, madam ki, bu qapıya pənah gətirib, qoyun kefi istədiyi qədər burda yaşasın, - dedi.
Bir vaxtlar sahibi olduğu həyətdə durna kimi yaşamaq çətin olsa da, Durna Adam hər şeyə razı idi, təki keçmiş xatirələrinin həzinliyi, yaşadığı illərin ətri, yaddaşının sərhədləri pozulmasın.
Vaxt keçirdi, Əlif kişi hər payız köhnə kötüyün üstünə çıxıb köç edən durnalara baxır, adam olacağı günü gözləyirdi...
TƏZƏ ŞİTİLLƏR
Qəlbindəki bütün hissləri  köklü-köməcli çıxarıb atdı,  yerində təzə şitillər əkdi...
Güləhməd axşam-səhər qonşusu Niftalının beynini yeyirdi  ki, dəyişilmək lazımdır. Mütləq lazımdı! Nə yolla olursa-olsun, nəyin bahasına olursa-olsun lazımdır da qardaş. Bu həyatdı, dəyişsən yaşayacaqsan, dəyişməsən yox,  başqa çarə yoxdu. 
Ömrünün yetmişinci baharını xırda pul kimi yenicə sayıb ömür daxılına atan Niftalı Güləhmədin hücumlarından nə qədər yayınsa da,  hərdən nakauta  düşürdü. Dəyişə bilməsə, başına gələcəklərinin xofu onu əməlli-başlı havalandırdırdı.Amma necə dəyişsin, dəyişməyə haradan başlasın, harasını birinci dəyişsin, bax bu qəliz suallar  qarmaq kimi  yaxsından yapışırdı. 
Bir dəfə çəkinə-çəkinə mətləb üstə gəldi, məsləhət istədi. Güləhməd əlindəki təsbehi tərsinə fırladıb iri gözlərini  bərəltdi:
- Burnundan başla. Uşaq vaxtından   əngəllidi. Əvvəlcə burnunu səliqə-səhmana  sal... 
Təsbehini bir də çevirib sözünə davam elədi.
Sonra başlabala-bala dəyişlməyə. 
Niftalı əvvəlcə vahimələndi, sonra açıqdan-açığa Güləhmədə yaltaqlandı:
- Güləhməd, gəl burnuma toxunmayaq, başqa yerdən başlayaq, məsəlüçün elə üst-başımdan.
- Olmaz! 
Güləhməd bomba kimi partladı.
Üç gündən sonra Niftalı burnu gipsli evə gələndə, Güləhməd bir şüşə konyak, yanında da italiyan şokolatı alıb  Niftalının burungördüsünə getdi. 
Birinci əməliyyat uğurlu  keçmişdi. Niftalı təzə burnu ilə hələ nəfəs ala bilməsə də, hərəkətləri ilə birtəhər başa saldı ki, əməliyyat ağır olub,  ölüb ölümdən qayıdıb.  Niftalının gözündəki təlaş Güləhmədi əvvəl qorxuya salsa da, iki qədəh konyakdan sonra dəyişilməyin necə xeyirli şey olduğu barədə  sicimləmə  hekayət uydurdu. 
Sözün düzü, Niftalının yeni burnu gözlədiyi kimi qalmaqalla qarşılanmadı. Arvadı Səmənixanım daldaya düşəndə ərinə çıldırlatdı ki, ,  gözəl-göyçək yaraşıqlı kişiymisən, heç xəbərim  olmayıb. 
Bu alovlu sözlərdən sonra bir müddət Niftalının günü güzgü qabağnda keçdi. Amma Güləhməd bir ucdan “dəyişmək, mütləq dəyişmək” – deyib qonşusunun beynini yeyirdi. 
- Bura bax, Niftalı, dəyişdin ölmədin ki, azından 20 yaş cavanlaşdın da qardaş, bu da dəyişilməyin xeyiri. 
Niftalı qonşusunun sözündən lap ürəkləndi. 
- Sən de, dəyişim də, bu qara lələşin ölməyib ki.
Güləhməd zəndlə qonşusuna baxdı. 
- Niftalı, səni anadan olandan tanıyıram. Yarım əsrdən çoxdu saçını yana darayırsan. Başa düşürəm, ortada burun söhbəti vardı. Bu dağı əritdin, indi zəhmət çək, saçını arxaya dara, krem çək, balaca burunla bu fason noxudla pivə kimi gedər. 
Niftalı qonşusundan daha ağır şərtlər eşidəcəyini güman elədiyindən Güləhmədlə əlüstü razılaşdı.
Sabahı Niftalı yeni imiclə məhəllədə gəzib-dolaşanda heç kim ona pis gözlə zadla baxıb eləmədi. Əksinə, təzə qonşularından biri etiraf etdi ki, ağsaqqlarda belə həyat eşi görəndə, yaşamaq istəyir.( Gör cavanlar nə gündədir))). 
İkinci qələbədən sonra Niftalı dəyişilməyin dadını bildi. Özünü bütünlüklə Güləhmədin ixtiyarına verib təcrübə siçovulu kimi itaətkar oldu. Güləhmədin “Dəyişilmək qanunu”nun müddüalarına  əməl edə-edə camaatın 20 ildə əldə edə bilmədiyi yenilikləriəldə etdi. İngilis dili kursuna yazıldı, kompüter bilgilərinə yiyələndi, Nitşse fəlsəfəsindən vurub hind fəlsəfəsindən çıxdı, köhnəliyin buxovlarından azad olub yeni insana çevrildi. 
Elə-belə yox ha, Güləhmədin sayəsində. Güləhməd adi  Güləhməd deyildi. Yaşı 80-i haqlasa da  qıpqıvraq, özünəbaxan, müasir, açıqgözlü zəmanə  adamı idi. Uzun illər zavodların birinin mədəniyyət evində müdir işləmişdi. Öz qanunları ilə yaşayan bu adam bütün  istəklərinə nail olmuşdu. şagirdindən on yaş böyük olsa da,bir məhəllənin uşağı idilər. Güləhməd Nitalı üçün etalon idi. Dünən də, elə bu gün də...
Güləhməd vaxtaşırı şagirdinə təlqin edirdi:
- Azadlıq, sərbəstlik,  özünəinam insana oksigen kimi lazımdı. Sən beş dəqiqə oksigensiz yaşaya bilərsən? Bilmərsən, qardaş, heç üç dəqiqə də dözmərsən. Ruhuna azadlıq ver, preslənib eyyy içində, onu elə, bunu eləmə, belə oturma, belə durma, belə yemə, belə içmə, belə sevmə, belə ölmə. Qardaş, bu...
Bu yerdə Güləhməd dahiyanə görkəm alıb uzun-uzadı fikrə  gedirdi.  Niftalı xırda gözlərini qonşusunun ağzına dikib açıqdan-açığa möcüzə gözləyirdi.
Əvəzində handan-hana Güləhməd dərindən köks ötürüb :
- Bu, yaşamaq deyil – deyib köks ötürdü. 
Bir sözlə, Güləhməd dönə-dönə Niftalıya qərb insanının təfəkkürünü, həyat tərzini nümunə gətirir, Niftalıya zamanın içində özünü axtarmağı, özünü tapmağı tövsiyə edirdi. Allah üçünə Niftalı gecə-gündüz özünü axtarırdı. Başı özünə o qədər qarışmışdı ki, ailəsindən, evindən, keçmişindən uzaqlaşıb  soyuqqanlı, laqeyid, başısoyuq Niftalıyaçevrilmişdi.
Axır vaxtlar Niftalının arvadı gülərüz, qonaqpərvər Səmənixanımın  Güləhmədə əvvəlki sifəti göstərmirdi.  Daldaya düşəndə gileylənirdi ki, Niftalı quzu kimi fağır, abırlı-həyalı bir adamıydı, kişinin evini bu bambılı yıxdı.    
Güləhmədsə  məhəllədə şortiklə gəzən, qulağında nauşnik ingilis dilini təkmilləşdirən, keçən ay arvadının təqaüdünü öz təqaüdünün üstünə qoyub velosiped alıb yıxıla-yıxıla öyrənən Niftalıyla fəxr edirdi.
Amma öz işini bildiyindən  Niftalıgilə daha  əvvəlki kimi ərklə, ürəklə gedə bilmirdi. 
Bu dəfə ideya qardaşları vədələşdikləri yerdə - məhəllədəki çayxanada görüşəndə zamanla ayaqlaşmaq üçün daha hansı yollara əl atacaqlarından, hansı yeniliklərdən yararlanacaqlarından  uzun-uzadı danışdılar. 
Əldə etdiyi yeniliklər Niftalının tək gözünü yox, dilini də açmışdı.  Ömrü boyu qırışa-qırışa  gəzən Niftalıda özünə inam qədərini çoxdan aşmışdı. Güləhmədin xəbəri yox idi ki, Niftalı içindəki hissləri köklü-köməcli  çıxarıb atıb, yerində təzə şitillər əkib. 
Niftalı çoxdandı kompüterdə odnoklassnikdə yeni sevdaya tuş gəldiyini deyəndə, okeanın o üzündə - Amerikada – Florida ştatında həyatının qadınını – Ursulanı tapdığını, nə yolla olursa-olsun qara mirvarinin ardınca gedəcəyini inadkarcasına söyləyəndə, Güləhmədin ağzı açıla qaldı. Niftalı birbaşa Güləhməddən sitat gətirdi: “İnsan qısa, çox qısa ömründə ürəyinin istəyinə qulaq asmırsa, ölüdü!!!” Mən ölü deyiləm, Güləhməd! Dırnağımın ucundan başımın tükünə, hüceyrələriməcən dəyişmişəm. Dəyişilməyimin qarşısını heç kəs ala bilməz, heç sən də!
Güləhməd quyruğu tələdə qalan tülkü kimi vaqqıldadı. Fağır Niftalı şir kimi nər-nər nərildəyirdi. 
- Bəs pul, ora getmək üçün bir ətək pul lazımdır, qardaş. Bir də o qara-qura qadından ötərin bu boyda yolu getməyə dəyər, dəyməz bunu bilmirəm? – deyib Güləhməd Niftalını qərarından daşındırmaq istədi. 
- Bəs dəyişmək nəyə deyirsən Güləhməd? Mən Ursulanın səsinə səs verməyə gedirəm. Evdəkinin bir az lazımsız metal kütləsi vardı– qır-qızılı deyirəm, dəyər-dəyməzinə satdım, bilet aldım, sabah uçuram.
Güləhmədin rəngi ağardı. 
- Belə tez?
- Gözləmək uduzmaqdı, qardaş, bu dəfə Güləhmədin sevimli “qardaş” sözünü o dedi. 
- Tələsməliyik. Qara mirvarinin ürək döyüntülərini eşdiirəm. Adamların səsinə səs vermək, adamları dəyişdirmək üçün dünyanın o başına da getməyə dəyər.
- Bəs, Səmənixanım, bəs milli-mənəvi dəyərlər, bəs...
- Dəyərlər??? Hansı dəyərlər? İnsan hissləri qarşısında bütün dəyərlər dəyərsizdi. Biz dəyərləri ona görə uydururuq ki, kimsə öz arealından kənara çıxmasın, öz çəmənində otlasın Dəyərlər sərhəddi. Mən o sərhəddi yaracam, azad adam olacam.
Güləhməd təcrübə siçovulunun belə fərasəti olacağını heç ağlına da gətirməmişdi. Ömrü boyu ayaqqabı fabrikində mühasib işləyən, bir ömür şotkada rəqəmləri sağa-sola şakkıldada-şaqqıldada-şaqqıldada daşıyan , adət-ənənələrdən yarım santimetr kənara çıxmayan Niftalı 9 min kilometrlik  məsafəni keçməyə hazırlaşırdı. 
Görüşüb ayrıldılar.
O gecə Güləhməd səhərəcən çimir eləmədi. Özünü Niftalı uçandan sonrakı tufanahazırladı. Belə dolma-dolaşıq fikirlərin arsında səhərəyaxın  mürgülədi...
Səhər heç nə baş vermədi. Heç sonrakı günlərdə də fövqəladə bir şey olmadı. Güləhməd uzun müddət Səmənixanımın  gözünə görsənmədi. 
Axır bir gün qarşılaşdılar. Səmənixanımın  tükü də sınmamışdı. Güləhməd ürəklənib Niftalını soruşdu. 
Səmənixanım canıyananlıqla dedi:
- Ay Güləhməd qardaş, gedəni saxlamaq olmaz. Niftalı fb-də uşaqlarla hər gün dünışır. İpini qırıb çəmənlyə qaçan at kimi kefi sazdı. Qoy gəzib dolaşsın, havasını dəyişsin, anası ölmüş eşşək kimi işləməkdən başqa bu dünyada nə gün görüb.
Elə bil Güləhmədin üstündən dağ götürüldü...
Yeddi aydan sonra Niftalı qəflətən peyda oldu. Güləhmədlə həmişəki çayxanada görüşdülər. Niftalı elə bil yenidən doğulmuşdu. Pivə içə-içə səfəri barədə xeyli danışdı. Dediyinə görə həyatının qadını Ursula ilə yeddi  ay unudulmaz günlər  yaşayıb. Sevgi bağı soluxub payız bostanına çevriləndə hər ikisi razılıq yoluyla hekayələrinə  nöqtə qoyub, qara mirvarı onu təm-taraqla öz keçmişinə yola salıb. Nəvələrinə pay-puş da göndərməyi unutmayıb. Üstəlik dəyişilmə əməliyyatına uğurla həyata keçirdiyinə görə Niftalıya ömrünün sonunacan bəs edəcək bir sürü ayaqqabı alıb bağışlayıb. Tövsiyə eləyib ki, bacardıqca bütün ölkələrin torpağını tapdalasın. Qadında ürəyə bax!
Niftalı danışdıqca Güləhməd özünü naftalin kimi hiss edirdi. 
Niftalı söz verdi ki, Güləhmədi dəyişdirəcək, mütləq dəyişdirəcək! Güləhməd təcrübə dovşanı kimi key-key baxırdı...
ASAN XİDMƏT
Bayramqabağı Novruzəli xırda-xuruş bazarlıq eləmək, əyin-baş almaq,  bir də şəhərin qoxusunu duymaq  üçün  yolunu şəhərdən saldı.  
Novruzəlinin külfəti bu xəbəri eşidəndə evin divarları güldü,  qaragöz qızları gilənar  ağacı kimi çiçəklədi, 9 yaşlı madar oğlu Məmmədhəsən  “dədə, məni də apar”- deyib gözlərini kərtənkələ gözü kimi dədəsinə zillədi. Novruzəli də eynən oğlu kimi gözünü qırpmadan gədəsini gözünün içinə baxıb “yox!”-  dedi. Məmmədhəsən başını aşağı salıb zırıldaya-zırıldaya qapıdan çıxdı.
Arvadı Qönçəgül iki daşın arasında ərinin adsız barmağına qırmızı sap bağladı ki, hara gedirsə-getsin, güzgüsüz evə dönməsin. Divardakı köhnə güzgüləri bu qışdan salamat çıxmamışdı, yerə dəyib çiliklənmişdi. Novruzəli səhər-axşam dəhlizdən keçəndə istər-istəməz boynunu uzadıb güzgüyə, daha doğrusu, güzgünün yerinə baxırdı. 
Müxtəsəri, Novruzəli bu xəbəri külfətinə deyəndə gün əyilib axşam düşmüşdü. Qönçəgül odun peçinin üstünə  bir vedrə su qoyub ərinin alt paltarlarını yaxşı-yaxşı qaynatdı,  qızları dədələrinin üst paltarlarına əl gəzdirdi, hikkəsi hələ ötüb keçməyən Məmmədhəsən ortalıqda nə qədər fırfıra kimi  fırlansa da, heç kimin ona məhəl qoymadığını görüb fürsət tapan kimi paltar sərən anasına yaxınlaşdı.
- Dədəmə denən maa tapançadan-zaddan alsın” - dedi. 
- Alajax, başına dönüm, alajax, - deyib Qönçəgül Məmmədhəsəni başından elədi.
Sonra Qönçəgül yol tədarükü gördü, yumurta, kartof qaynatdı, yanına da baş soğan qoydu ki, Novruzəli yol adamıdı, ac qalmasın, qursağına bir şey atıb mənzil başına sağ-salamat gedib çatsın. 
Qaranlıq hər tərəfi bürüyəndə Qönçəgül sərdiyi paltarları yığıb evə gətirdi, peçinyan-yörəsinə sərdi ki, paltarlar səhərəcən qurusun. 
O gecə uzun bir gecə oldu, ilan vuran yatdı, Novruzəli yatmadı. Elə bil yerinə qor dolmuşdu. Səfər söhbətini açıb-ağartdığına görə indi it kimi peşman idi.   Amma bir tərəfdən də şəhərdən ötrü burnunun ucu göynəyirdi. Gör neçə illər idi, şəhərə yolu düşmürdü. Görənlər deyirdi, şəhər aşıb-daşır, alışıb-yanır. O da bu ölkənin balasıydı, üç uşağın atasıydı, bu yerin sevincini dadmaq onun da haqqıydı. Gedib o yerləri ziyarət eləsəydi, gözü-könlü sevinərdi, tay-tuşları şəhərdən danışanda onun da deməyə sözü olardı.  
Əslində, şəhərə getməkdə başqa  məqsədi də vardı. Neçə illər idi ki, Novruzəlinin külfəti sosial yardım ala bilmirdi. Kəndin icra nümayəndəsi  Hacı Xudayar iki ayağını bir başmağa dirəyib sənin iki inəyin var, sənə sosial yardım düşmür - deyib Novruzəlinin gözündən basırdı. İnişil Novruzəlinin əlacı kəsildi, inəyin birini payızda dəyər-dərməzinə satdı. Satdı ki, Xudayarın gözü yığışsın, sözü olmasın. Amma Xudayar yenə çəm-xəm eləyirdi. Novruzəli ürəyinə yığmışdı ki, şəhərdə böyüklərin yanına gedib çıxacaq, Xudayarın necə adam olduğunu onlara deyəcək. Qoy Xudayarın atasını yandırsınlar!
Novruzəli Xudayarla vuruşa-vuruşa səhəri açdı. Qönçəgül peçi qaladı, çay qoydu, Novrizəliyə şirinçay qayırdı, Novruzəli də bəy balası kimi yeyib-içdi, geyinib-kecindi.  
Qönçəgül yol tədarükünü Novrizəliyə uzadanda:
- Utanıf eləmə, ə, girəvə düşən kimi çörəyini  ye, kim kimədi, özünü ac saxlama. Sən ac olanda,  o qivlə haqqı, boğazımdan tikə keçmir, - dedi. Bir də səni and verirəm Abbas əmimin goruna, üstünə düşsən şəhərdən maa sarımsaqdöyən al. Yadından çıxmaz ki?
Novruzəli qırtını çəkdi:
- Yaxşı, az, tapsam, alajam.  
- Di get, Allahın kölgəsi üstündə olsun, - dedi Qönçəgül. Bu yerdə  səsi kimi dodaqları da titrədi.
Novruzəli də yuxa ürəkli arvadının sözlərinə kövrəldi, amma dönüb geriyə-filana baxmadı, dümdüz, şax yerişlə çıxıb getdi. 
Arxadan yenə Qönçəgülün səsi gəldi:
- Odey ha, Qurbanəlinin  avtobusu gəlir,  sağ get, salamat qayıt balalarının içinə.
- Gələjəm, az, uşaq-zad deyiləm ha, ev-eşikdən muğayat ol. 
Novruzəli yol maşınlarını dəyişə-dəyişə gəlib şəhərə çıxdı. 
Şəhər, nə şəhər! Novruzəli axırıncı dəfə şəhərdə sovet vaxtı olmuşdu. Allah rəhmət eləsin İskəndər müəllimə, bir yol şəhərə gələndə onu da özüylə gətirmişdi ki, Novruzəlinin dünyagörüşü artsın. O səfər sonralar heç vaxt Novruzəlinin yadından çıxmadı. Dənizi ilk dəfə onda gördü, tramvaya ilk dəfə onda mindi, İskəndər müəllim onu kinoya apardı, birlikdə morojnı yedilər, bəylik kostyumunu da onda aldı... Amma, amması var, Novruzəli hay-huy eləyib gözaltı eləyənəcən fəhlələrin və kəndçilərin çiynində dayanmış şanlı sovet imperiyası çökdü, kolxoz-sovxoz dağıldı, Novruzəli işsiz-gücsüz qaldı, bəy kostyumunu da elə 15 ildən sonra geyinəsi oldu. Atalar demiş, kasıb evlənəndə gecə qısalar. Bu, Novruzəlinin də başına gəldi... 
İndi şəhərə baxıb gözü-könlü açıldı. Amma ürəyində köhnə şəhər üçün darıxdı. O şəhərin başqa bir qoxusu vardı, o şəhərin adamları da bir başqaydı, ağbəniz,  gülərüz, mehriban... 
Novruzəli bütün olanları zamanın ayağına yazdı.  Özünü yaxınlıqdakı parka verib bir müddət gəlib-gedənlərə heyranlıqla tamaşa elədi. Sonra gözucu baxdı ki, görsün ona  məhəl qoyan var, ya yox. Gördü heç onu saya salan da yoxdur, oturduğu oturacağın üstündə özünə kefi istəyən  süfrə açdı. Yumurtaları bir-birinə toqquşdurdu, kartofları soydu, soğanın başına karlı bir yumruq vurub iki yerə böldü,  çörəyini dad eləyə-eləyə yeyirdi ki, Allah mərdimazara  nəhlət eləsin,  elə bil yer ayrıldı, yerin altından bir paqonlu çıxdı. 
Novruzəli dəvikdi, oğurluq üstündə tutulan uşaq kimi qızardı, amma özünü o yerə qoymadı:
- Salami-əleyküm  - dedi. 
Adam elə bil paya udmuşdu, dümdüz dayanıb gözünü bərəltdi:
- Yığışdır, ə, bu zir-zibilini.
Yumurtanın parası  Novrizəlinin əlində qaldı. Udqundu:
- Gəl, sən də bir loxma ye, - dedi.  
Adamın rəngi qızardı:
- Ə, sən kimsən ki, mənə belə söz deyirsən. Dur, a kişi, dur ayağa, yığışdır bunları, özün dəəkil  burdan. Hər tərəf turistlərlə doludur, ayıbdı,  bizim haqqımızda nə düşünərlər?! 
Novruzəli bir açdığı süfrəyə, bir polisə baxdı, yumurtanın birinə hələ əl vurmamışdı. 
Yazıq-yazıq:
- Bə bunnarı neyləyim? - dedi.
Mühafizəçi cin atına mindi, nə mindi. Cibini göstərib:
- Neyləyəcəksən, ə, gətir qoy bura, - dedi.
Novrizəli yerindən qımıldandı, gülümsədi, ürəyində:
- Qarnının dərdi varmış, yumurta  istəyirmiş, - deyib ayağa qalxmaq istəyirdi ki, adam cəld tərpənib Novrizəlinin süfrəsini silib-süpürüb yaxınlıqdakı zibil yeşiyinə atdı. 
- Özün də elə get ki, bir də ayağın bu tərəflərə dəyməsin. 
Novruzəli ayaqlarına baxa-baxa parkdan güllə kimi çıxdı. 
... Novruzəli yolun ucunu tutub gedirdi. Binalar, adamlar, maşınlar, gözəl-göyçək qız-gəlinlər, bu yerdə Novruzəli şeytanın onu yoldan çıxaracağından ehtiyatlanıb “anam-bacım olsunlar!” - deyib nə isə mızıldanırdı. 
Şəhərin gözəlliyi, əlvanlığı get-gedə Novruzəlinin ağlını başından alırdı. Ortada heç nə yox idi, amma elə bil nə isə içmişdi, öz-özünə xumarlanırdı. Bu yerdə Novruzəlininzəif  bir cəhətini mütləq deməliyəm. Allahdan gizli deyil, bəndədən nə gizlin, Novruzəli qazlı su içəndə  başı gicəllənirdi, keflənirdi, öz-özünə sərxoş olurdu. İndi də Novruzəli şəhərin havasını uda-uda hallanmışdı.
Novruzəli dumanlı başla küçələrdə dolaşa-dolaşa axşamı saldı. 
Axşam da olanda Novruzəlinin əhvalı bir başqa cür dəyişirdi,  elə bil qərib bir quş ürəyinin başına qonub yastı balabanda “Çoban-bayatı” çalırdı. Novruzəli evindən, obasından uzaqda əməlli-başlı qəribsədi, doluxsundu, qaramatını qovmaq üçün özünü qarşıdakı işıqlı çayxanaya saldı. Bir çaynik çay, yanında da ləbləbi həmənhazır oldu. Novruzəlinin eyni açıldı, ləbləbidən yeyib çaydan içdikcə şəhər gözündə bir az da gözəlləşirdi. Çayını içib, ləbləbi qabını silib-süpürəndən sonra istədi nəlbəkinin altına bir manat qoyub getsin, qaranquşa oxşayan cavanca bir uşaq hardansa peyda olub ona kitabça uzatdı. Novruzəli əvvəl bir kitaba, sonra qaranquşa oxşar uşağa baxdı,sonra kitabçanı açdı. Kağız parçasının üstünü hıqqana-hıqqana oxudu. Ödəniləcək məbləğ: 15 AZN.
Novruzəlini tər basdı, amma özünü o yerə qoymadı. Əlini gödəkçəsinin cibinə salıb 15 manat çıxardı, amma yenə də kitabçanın içinə qoymadı, oğlanın üzünə baxdı ki, bəlkə səhv eləyiblər, yanlışlıq-filan olub,  amma oğlan susub heç nə demədi. Əlacı kəsildi, pulu kitabın içinə qoydu, oğlan pulu götürüb getdi və Novruzəlini həmişəlik unutdu.
Çayxanadan çıxanda gecə qara çarşabını şəhərin üstünə atmışdı. Yazağzı səma tərtəmiz olur,elə bil yerə də, göyə də ovuc-ovuc ulduz səpilmişdi.  Novruzəli qəribə hisslər keçirirdi. Parkdakı mühafizəçi qanını qaraltsa da, çayxanada bir çaynik çaya  15 manat alsalar da, həyat bal dadırdı. Ürəyi fərəhlə çırpınırdı, Novruzəli get-gedə şəhərin havasına, səs-küyünə alışırdı. 
İndi də gecə qalmağa dörd divar, bir qapısı olan ucuzvari  yer axtarırdı ki, başını atıb yatsın, yorğunluğunu çıxarsın, səhər şəhəri gəzib-dolaşsın, dadını çıxarsın. 
Qabağına çıxan adamlardan  ucuzvari qəsdinsənin yerini soruşurdu. Soruşurdu, amma kimsə dərdinə dəva eləmədi. 
Axırda  cavanca bir uşaq Novruzəlinin gözünü açdı:
- Day-day, pis çıxmasın, hansı zəmanədə yaşayırsan? A kişi, bu şəhərdə qəstin-məsdin yoxdu. Otellər var, gecəsi 100 manata, 1000 avroya. 15000 min şlinqə. Varındısa, get, qal. Ya da Alatavada qonşumuz bir gecəliyə 10 manata yer verir, get, orda gecələ də, - dedi. 
Novruzəlinin gözlərinə işıq gəldi:
- Məni ora apararsan?  - dedi.
Çoxbilmiş uşaq:
- Day-day, aparmağına apararam, amma ora çox uzaqdı, gərək taksiylə gedək. 
On manat da Novruzəlidən belə çıxdı. 
Oğlan Novruzəlini alaqapının qarşısında  bir qadına tapşırıb yox oldu. 
Qadın Novruzəliyə xoş-beş demədən həyətin küncündəki quş damına oxşar otağı göstərdi. Otaqda bir çarpayı, bir dəst də mitil vardı.
Novruzəli bir də eşiyə qaçdı, utana-utana subaşının yerini soruşdu. Xəbəri yoxmuş, düz burnunun ucundaymış. 
Novruzəli: “Bu yaxşı oldu” - deyib otağa qayıtdı. Paltarlarını soyunub başının yanına yığdı, yerinə girib bir müddət qurdalandı ...
Novruzəli kəndçi babaydı, çörəyi torpaqdan çıxırdı. O qədər torpaqda əlləşmişdi ki, özü də torpaq kimiydi. Dilsiz-ağızsız, mağmun, fağır. Sabah xeyli işləri vardı, böyük adamların yanına gedəcəkdi, qızlarına don alacaqdı, fikrində tutmuşdu ki, gədəsinə ayaqqabı alsın, güzgü öz yerində, vaxt tapsa, şafkasını da təzələyəcəkdi. Bu xəyallarla Novruzəlini yuxu tutdu...
Novruzəlinin yuxusuna bir sürü qoyun girmişdi. Qoyunlar belədən-belə otlayırdılar, elədən-belə. Amma Novruzəli qoyunları nə qədər saysa da, sayları düz gəlmirdi. Novruzəli: “Nəhlət sənə, kor şeytan” - deyib yenidən saymağa başlayırdı, yenə əskik gəlirdi.Sayılmaqdan yorulmuş qoyunlar axırda təngə gəlib Novruzəlinin üzünə dirəndilər ki, onları saymasın. Qoyunu saymaq yaxşı əlamət deyil. Sonra başlarını aşağı dikib otları qırpa-qırpa sürüylə keçib getdilər. 
Novruzəli bu dəfə qoyunları gözünün ucuyla gizlincə saydı.Yenə əskik gəlirdi... Gümanı yüz yerə getsə də, axırda gəlib Hacı Xudayarın üstündə dayanırdı. Qoyunu ondan başqa kim yeyə bilərdi?
Müxtəsər, səhərəcən qoyunlar Novruzəlinin yuxusunu qırpıb yedilər,  ipə-sapa yatmadılar, zəhləsini tökdülər. Səhərəyaxın  qoyunları birtəhər sayıb aula yığa bildi... 
Səhər yuxudan durub eşiyə çıxanda ev sahibəsi həyətdə qaş-qabaqlı var-gəl edirdi.
- Savağın xeyir, bajı.
Qadın dilucu salamını aldı. 
Novruzəli əlini cibinə salıb on manat çıxardı. Qadın alıcı quş kimi qiyyə çəkdi.
- Qardaşım, on manat niyə, xəbərin yoxdu bu gecə nələr oldu?!
        Novruzəlinin xırda gözləri böyüyüb-böyüyüb hədəqəsindən çıxdı, boynunu uzadıb qorxa-qorxa soruşdu:
- Nooldu? - 
- Bizə olan oldu, devalvasiya baş verdi. Qiymətlər qalxdı. Sən yatdığın otağın qiyməti dünənon manat idi, bu gün  iyirmi manat oldu. 
Novruzəlinin ürəyi yerinə gəldi, qorxusu çəkildi,  qəddi düzəldi:
- Mən də deyirəm görən nooluf?! 
- Day bundan artıq nə olacaq, ay evi tikilmişin oğlu?! Kənddə yaşayırsan, nə vecinə, Araz aşıqlarındandı, Kür topuğundan! Dərd bizim dərdimizdi. Qaz, su, işıq pulu, hələ təmizlik işlərini demirəm. Bunlar azdı bəgəm?! Bilirsən, şəhərdə tualetin qiyməti neçəyədi?
Solaxay sualın qarşısında Novruzəli çaşıb qaldı:
- Bilmirəm.
- Otuz qəpik. Qırx qəpik olan yerlər də var. İndi camaat gedib  ...
Novruzəli od püskürən qadından eyməndi, dinməz-söyləməz on manatın üstünə on manat da qoyub qadına uzatdı. 
Qadın pulu xələtinin cibinə qoya-qoya:
- Şəhərdə qalası olsan, başqa yer axtarma, burdan ucuz yer tapa bilmiyeceysən - xəbərdarlığını elədi.
Novruzəli ürəyində “köpəyin qızı, qanını mənnən uzax elə” - deyib darvazadan güllə kimi çıxdı. Əvvəlcə barmağındakı qırmızı sapdan canını qurtarmalıydı. Gəzib dolaşdı, axır ki, güzgü satılan bir dükan tapdı. Hər yan güzgü idi. Novruzəli özünü heç vaxt belə aydın, öz ölçüsündə, bütöv görməmişdi. Divardakı bütün Novruzəlilər utancaq-utancaq ona  baxırdılar.
Əl ağacına oxşayan Novruzəli müti, yazıq, sözəbaxan,  bir sözlə, yaxşı adam idi. Qonur gözləri uşaq gözləri kimi tərtəmiz idi. Şirniquş ver, başını aldat, ya da gözünü tök, ovcuna qoz tök, şükranlığını itirməyib sevinəcəkdi.
İndi Qönçəgülün əri, üç uşaq atası Novruzəli güzgüdə özünü apaydın görüb dördgöz olmuşdu.   
Güzgülərdəki Novruzəlilərə baxa-baxa ona elə gəldi ki, dünyadakı bütün Novruzəlilər bir-birlərinə oxşayır. Kimsənin toyuğuna kiş deməzlər, yaman işlərə əl qoymazlar, əllərindəki tikəni alsalar belə, cınqırlarını çıxarmazlar. Amma bəxtləri kəsik, ruziləri az, adları bədnam olar. Novruzəli bilmirdi Novruzəlilərin hansına baxsın. Novruzəlilərin hamısı insan adamıydı. Dükandakı  dikbaş güzgülər nədənsə bu kənd kişisinin abrından gözgörəti utandılar.. 
Novruzəlinin quşu ovalvari güzgüyə qondu. Bir yaxından, bir uzaqdan güzgüyə baxdı. Güzgü Novruzəlini yaxşı göstərirdi, çox yaxşı göstərirdi. Özü də qəttəzə idi. Qırılan güzgüləri o qədər köhnəlmişdi ki, gülləmişdi. Novruzəli neçə illər idi, özünə yox, kölgəsinə baxırmış... 
.. Gödəkçəsinin düymələrini açdı, sağ əliylə sol döşündən - pencəyinin cibindən bir bükülü çıxarıb ədəb-ərkanla açdı. Qönçəgül Novruzəlinin şəxsiyyət vəsiqəsini, bir də puluəl dəsmalına büküb ərinin cibinə qoymuşdu. Novruzəli dəsmalla sənədini bir kənara qoyub güzgünün pulunu sayıb verdi. Adsız barmağındakı sapı qoparanda elə bil Qönçəgüldən azad oldu. Güzgünü qoltuğuna vurub xırda-mırda şey-şüy almaq üçün dükanları dolaşdı. Özünə sinəsində bir cüt maral olan jaket aldı, Qönçəgülə butalı yaylıq seçdi, qızlarına kitayiski don aldı, amma gədəsinə ayaqqabı ala bilmədi. Oğlunun hansı ölçüdə ayaqqabı geyindiyini yadına sala bilmədi. Əlacı kəsildi, oğluna uzunşüllət şalvar aldı, bir də Qönçəgül eşitdirmişdi ki, uşaq tapança istəyir. Novruzəli oğluna avtomat aldı ki, uşaq lap ürəkli böyüsün. 
Novruzəli bazarlıq eləyib qurtaranda gün günorta olmuşdu. Səhər nahar eləməmişdi - deyə acmışdı. Burnuna yaxşı qoxu toxundu. Bir sağa, bir sola boylandı. Gözünə binanın küncündəki arıtma sataşdı. Novruzəlinin ağlında arıtma ancaq yuxarı qalxmaq üçün idi, amma bu arıtma  adamları zirzəmiyə aparırdı. Gözəl  qoxu da ordan gəlirdi, yerin altından. Divara yapışdırılmış sözü oxumağına oxudu, amma Şaurma sözünün nə olduğunu heç cür kəsdirə bilmədi. Ehtiyatla pilləkənlərı endi, gördüyü mənzərə xoşuna gəldi. Bu yer adamla dolu idi. Özünə yer tapıb oturdu, qaranquşa oxşar oğlanlardan biri yaxınlaşdı, sifarişi gözlədi. Novruzəli də biclik işlətdi, hamı nə yeyirsə, maa da ondan gətir dedi. Ofisiant məsələni anladı, Novruzəliyə şaurma, yanında da ayran gətirdi. 
Novruzəli yeyib toqqanın altını bərkitdi. Aldığı şey-şüyə nəzər saldı, qalan qəpik-quruşunu vərləvürt edirdi ki, onu tər basdı. Şəxsiyyət vəsiqəsi yoxa çıxmışdı. Güzgü aldığı yerdə qoymuşdu, amma o yer hara idi? Öldürsələr də, Novruzəli o yeri yadına sala bilməzdi. Bəs neyləsin? İmdad diləyən baxışlarla ətrafa boylandı.
İki  kişi yanakı oturacaqda durmadan danışırdı. Biri o birinə deyirdi, nə işin olsa, asan xidmətə get, pulsuz-parasız bir anda düzələcək.İndi hamı dərdini ora deyir. Novruzəli eşitdiklərinə inana bilmirdi. Asan xidmət sözünü bir-iki dəfə ürəyində təkrarladı ki, yadından çıxmasın. Yerindən qalxıb düşdüyü pilləkənləri tapıb yuxarı - yerin üstünə qalxdı. Qabağına çıxan ilk adama:
- Asan, lənət sənə kor şeytan, sonrası yadımdan çıxdı. Deməzzsən, ora necə gedim, - dedi.
Adam qarşısındakıkişiyə məhəl qoymayıb başını yelləyə-yelləyə çıxıb getdi. Növbəti adam Novruzəlinin nə demək istədiyini havadaca aldı.
- Hə, asan xidməti istəyirsən.
- Oranı istəyirəm, dədə, necə gedim ora?
Yaxıınlaş, bax ordakı taksi şoferinə söylə, səni istədiyin yerə aparacaq, - dedi.
Novruzəli:
- Allah canını sağ eləsin, balalarını saxlasın - deyib güzgü qoltuğunda, yükü əlində taksiyə yaxınlaşdı. Taksi şoferi arif adam idi. Novruzəli ağzını açan kimi “otur”, - dedi. 
Şəhəri xeyli fırlanandan sonra taksi bir yerdə dayandı. Sürücü pulunu alıb Novruzəliyə yaraşıqlı binanı göstərdi. 
Novruzəlini birinci mərtəbədən ikinci mərtəbəyə, ordan da üçə göndərdilər. Qoltuğunda güzgü, əlində bağlama olan Novruzəli ətrafa boylandı. Adamlar bir kənarda səliqə ilə oturmuşdular. Novruzəli özünə yer tapıb yükünü yerə qoydu, yüngülləşdi. Arada nömrə deyirdilər, adamlar da pəncərələrə yaxınlaşıb nə isə deyir, sonra da şad-xürrəm çıxıb gedirdilər. Bu yerin rahatlığında, sakitçiliyində Novruzəli xeyli mürgü döydü. Aradabir başını qaldırıb baxırdı ki, görsün onu çağırıb eləmirlər ki, amma çağıran yox idi, adamlar da bir ucdan azalmaq əvəzinə çoxalırdı. Bunun sirrini öyrənmək üçün Novruzəli yerində xeyli qurcalandı. Sonra özündə təpər tapıb pəncərəyə yaxınlaşdı. 
- Dədə, məni niyə çağırmırsız? 
- Cavan oğlan nəzakətlə:
- Nömrəniz neçədi? - soruçdu. 
- Nə nömrə?
- Yaxınlaşın ora, sizə nömrə verəcəklər. 
Novruzəli başıalovlu göy paltarlı qıza yaxınlaşdı. 
- Bacıqızı, nömrə neçəyədi?
Qız əvvəl başa düşmədi.
- Nömrə istəyirsiz?
Novruzəli əlini cibinə salıb şax beşlik çıxardı. Qızı gülmək tutdu, “nömrə pulsuzdu” - dedi.
Novruzəli sevindi, bərk sevindi, gözləri yaşardı, axı bu şəhərdə hər şey pulnan idi. Dünyanın işinə bax,  indi ona pulsuz nömrə verirdilər.
Novruzəlinin növbəsi çatanda pəncərəyə yaxınlaşdı. Şəxsiyyət vəsiqəsini itirdiyini dedi. Rayonunun, kəndinin adını, dedi, öz adına çatanda duruxdu:
- Məmədhəsənov Novruzəli Pirverdi oğlu. Qardaşoğlu, gəlsənə adımı da dəyişək - dedi.
- Niyə, adınız xoşunuza gəlmir?
Novruzəli dişlərini bir-birinə sıxdı:
- Çııı... 
- Adınızı dəyişmək üçün başqa sənədlər də lazımdı.
Novruzəli istər-istəməz oğlanın dedikləri ilə razılaşdı. Guya adını dəyişsələr, nə olacaqdı, elə Novruzəlidir ki, Novruzəlidir. Novruzəli təzə şəxsiyyət vəsiqəsini alanda uşaq kimi sevindi. Amma yerindən qımıldanıb durmadı. Səsini qısıb:
- Bəs Xudayarın məsələsi necə olsun?! - dedi.
- Hansı Xudayarın? - oğlan təəccüblə soruşdu.
- Kəndçimiz Xudayarı deyirəm, o vurğun vurmuşu. Balalarıma sosial yardım verməyən o köpək oğlunu deyirəm.
- O məsələyə biz baxmırıq, - oğlan tələsik dilləndi.
Novruzəli peşmanladı:
  • Keşkə baxaydınız... neynək, Allah köməyiniz olsun, - deyib geri döndü.
Novruzəli güzgünü qoltuğuna vurub şey-şüylərini götürdü. Asan xidmətdən çıxıbyüklü-yüklü şəhəri xeyli dolaşdı, limon satandan iki lumu aldı.  Cibindəbircə yolpulu qalmışdı. 
Yol maşınıyla geri dönəndə Novruzəli qanad açıb uçurdu. Səfəri uğurlu keçmişdi. Pəncərədən yazın  qoxusu gəlirdi. Novruzəli get-gedə dirçəlirdi. Arabir ağlından keçirirdi ki,  görən Qönçəgül inəyin alafın verib, ya yox?..

Rəy: 0
Rəy əlavə et
İnformasiya
Гости qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.